https://www.zirve.edu.az/
20.03.2018 19:02
Uşaqlar üçün şəkilli kitablara üstülük verilməlidir

Nağıl dinləyib kitab oxuyanda, yaxud cizgi filmi və tamaşaya baxanda uşaqlar ixtiyarsız olaraq özlərini onların qəhrəmanlarına bənzədir, onun həyəcanlarını bölüşür və etdiklərini həyatda təkrarlamağa çalışırlar.

Buna görə də uşaqlar üçün kitab seçərkən ilk növbədə onun əsas personajlarına, onların məqsəd və davranışlarına, digər obrazlarla münasibətinə diqqət yetirmək çox vacibdir.

AzEDU lent.az-a istinadən bildirir ki, körpələr üçün kitabda daha çox təbii ki, şəkillər maraqlıdır. Buna görə də azyaşlıların ilk kitabı əlvan rəsmli qısa nağıl kitabları olur. Daha sonra uşaqlar məzmunca bir-birinə bağlı bir neçə epizoddan ibarət bir qədər uzun hekayələrə maraq göstərirlər. Onu da qeyd edək ki, günün çox hissəsini televizor qarşısında keçirən uşaqlar bu cür kitabları daha çətin qavrayırlar. Belə ki, onlar televizorda gördükləri hazır təsvirlərə alışdıqlarından onların təxəyyülü kitabda təsvir olunan qəhrəman və hadisələri asanlıqla təsəvvür etməyə imkan vermir.

Bir sıra psixoloqların fikrincə, uşaq hekayələri mütləq yaxşı sonluqla bitməlidir. Xoşbəxt sonluq körpədə ətrafına inamı artırır. Əks halda onda şübhə və müəyyən qorxu hissləri formalaşa bilər. Buna görə də çoxları nağıl danışarkən arzuolunmaz sonluğu dəyişməyi də məsləhət görürlər. Məsələn, lap körpələrə qoğalın hansısa bir yolla tülküdən qaçmağa müvəffəq olduğunu deməyi daha məqsədə uyğun sayırlar.

Digər tərəfdən isə  müsbət nümunələrlə tərbiyə olunmuş uşaq da əvvəl-axır həyat reallıqları ilə üz-üzə gələcək və bu zaman qorxu və ehtiyat hisslərinin yoxluğu ona əksinə, zərər yetirə bilər. Bu fikrin tərəfdarı olan mütəxəssislər uşaqların ciddi ədəbiyyardan da xəbərdar olmasını vacib sayırlar. 9-10 yaşdan etibarən özlərindən ixtiyarsız uşaqlarda uşaqla bərabər bir böyük adam da formalaşmağa başlayır və bu yeniyetməlik dövründə oxunan ədəbiyyat uşaqla böyük arasında bir körpü rolunu oynayır.

Beləliklə, hər mövzunun, hər kitabın, hətta onun həcminin belə öz vaxtı var. Sistemli mütaliə yoxdursa, beyindəki və ruhdakı boşluqlar sonradan ciddi kəsirə çevrilir və fərdin inkişafı prosesinə əngəl olur. Bu mənada valideynin önəmli vəzifələrindən biri uşağın mütaliəsini düzgün yönləndirməkdir.

Dövrdən və tərəqqidən asılı olmayaraq uşağın əqli və mənəvi inkişafı prosesində kitab oxumaqla bir səviyyədə dayana biləcək alternativ hələ ki, yoxdur. Buna görə də uşaqlarınıza lap körpəlikdən kitablar oxuyun və onların oxu prosesinə adət edib ondan zövq almalarına zəmin yaradın.