Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 15:16:59
Qəbul imtahanları: “Abituriyentlərin nəticəsi yaxşı olacaq”

Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

 

Maraqlıdır, abituriyentlər sınaq imtahanında hansı fənni yazmaqda çətinlik çəkiblər?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, abituriyentlərə görə I ixtisas qrupu üzrə riyaziyyat, III qrupda tarix, IV ixtisas qrupu üzrə isə kimya fənni çətin olub:

 

“Təbii ki, bu sınaq imtahanında iştirak edən abituriyentlərin fikirləridir. Hesab edirəm ki, şagirdlərin özlərini yoxlaması üçün sınaq imtahanı vacib idi. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbulun II mərhələsi üzrə imtahanların tarixləri bəlli olub. May-iyun aylarında başlayacaq imtahanlara hazırlaşmaq üçün abituriyentlərin xeyli vaxtı var. Bu zaman ərzində onlar hansı mövzulardan, fənlərdən çətinlik çəkirlərsə, üzərində işləsinlər”.

 

Elçin Əfəndi qeyd edib ki, builki abituriyentlərdən daha yüksək nəticə gözlənilir:

 

“Çünki əvvəlki dövrün abituriyentləri 9-cu sinifdə oxuyarkən pandemiya dövrü düşmüşdü. Builki abituriyentlərdə isə belə bir problem olmadığına görə yüksək nəticə gözləyirik”.