Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 16:14:00
Vəzifə hər kəsə verilirsə, professor olmaq nəyə lazımdır?

Universitetlərdə müvafiq vəzifələrin tutulması Təhsil Nazirliyinin 1996-cı il  tarixli “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında əsasnaməyə” əsasən müəyyən olunur.

 

Bu barədə Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor  Zahid Məmmədov AzEdu.az-a açıqlama verib.

 

İqtisad elmləri doktorunun sözlərinə görə Azərbaycanın kifayət qədər inkişaf etməsinə baxmayaraq professor-müəllim heyətinin seçilmə prosesi hələ də 1996-cı ildə qəbul edilən əsasnaməyə uyğun keçirilir: “Bu illər ərzində ölkəmiz bolonya sisteminə qoşulub, avropaya inteqrasiya olunub, elm haqqında, təhsil haqqında qanunlar yaradılıb. Günü-gündən dəyişməkdə olan dünyada 1996-cı ildəki əsasnamə ilə nə əldə edə bilərik?

 

Məsələn, 40 nəfərlik kafedrada 1 professor, 4 dosent, 35 nəfər elmi dərəcəsi olmayan şəxs varsa, vəzifələrin tutulmasında elmi dərəcəsi olmayan, elmdə fəaliyyəti olmayan o, 35 nəfərin  səsi böyük rol oynayır. Elmi dərəcəsi olmayan adam seçkidə qərar vermə hüququna sahibdir. Bu məgər bələdiyyə seçkisidir? Burada söhbət elmi və pedaqoji fəaliyyətdən gedir. Özünün elmdə tövhəsi olmayan adam kim haqqında qərar verə bilər ki? Qərar vermək üçün mütləq şəkildə o biliklərə sahib olmalısan”.

 

“Avropada vəzifələrin tutulması barədə yalnız professorlar qərar verir”, -deyə professor vurğulayıb:

 

“Avropa ölkələrində ali təhsil müəssisələrində vəzifələrin tutulması zamanı professor haqqında da, dosent haqqında da, işə götürüləcək gənclər haqqında da, qərarı yalnız professor verir. Xarici ölkələrdə professor böyük statusa malikdir. Buna görə də professorun statusunu qorumaq lazımdır. Bu adı qazanmaq böyük şərəfdir. Nəzərə almaq lazımdır ki, professor elmi adı “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” təyin olunur. Bu adın qəbul olunmağı üçün Ali Attestasiya Komisiyyası fəaliyyət göstərir”.

 

Z.Məmmədov bildirib ki, seçkilər təsisçi, rəhbərlik, professor-müəllim, eləcə də tələbənin maraqlarına cavab verməlidir: “Müəyyən yerdə universitetlərin təsisçisi Elm və Təhsil Nazirliyidir, müəyyən yerlərdə isə müvafiq Nazirliklərdir. Məsələn; Gömrük Akademiyasının təsisçisi Gömrük Komitəsidir, Polis Akademiyasının təsisçisi Daxili İşlər Nazirliyidir və s.

 

4 ayrı-ayrı maraqlar var ki, onlar arasında optimal balansı qorumaq lazımdır. Universitet daxilində verilən qərarlar 4 heyətin hər birinin maraqlarını qorumağı özündə ehtiva etməlidir. Bunlardan birincisi Təsisçidir. O, dövlət maraqlarının qorunmasını təmin edir. Daha sonra təsisçi tərəfindən təyin olunan rəhbərlik verilən tapşırıqları yüksək keyfiyyətdə məhsuldar, verimli şəkildə icra etməlidir. Bundan sonra gələn isə Professor-müəllim heyətidir. Bu heyət akademik dəyərləri qoruyur. Son olaraq tələbələr əmək bazarında işlə təmin olunacaq şəxslərdir.

 

Sual olunur, universitetdə keçirilən seçkilərdə təsisçinin marağı varmı? Tələbənin marağı güdülürmü? İdarəetmənin fikirləri nəzər alınırmı?

 

Hesab edirəm ki, təkcə kafedranın ifadəsi, fakültənin qərarı ilə bu seçkilərin keçirilməsi mümkün deyil. Avropada meyarlara görə seçkilər keçirilir. Şəxs meyarlara cavab verirsə, o zaman verilmiş elana müraciət edir. Bizim ölkəmiz üçün təsbit olunmuş əsasnamədə qiymətləndirmə ifadəsi yer alır. Sual verilir, qiymətləndirmə hansı meyarlara əsasən təşkil edilir? Necə qiymətləndirmə aparılacaq? Kim aparacaq? Nələr tələb olunur?

 

Avropada seçkilərdə  konkret meyarlar mövcuddur. Professora, dosentə, eləcə də müəllim üçün tələblər müxtəlifdir. Buna görə də şərtlərə uyğun gələn şəxs özü müraciət edir, komisiyya müraciətini dəyərləndirir.

 

Meyarlara əsasən baxılır ki, müraciətçinin məqaləsi harada yayımlanıb? Biləcəridən o yana çıxıbmı? Onun yazdıqları dövlət maraqlarına xidmət edirmi? Kitabları varmı? Haradadır? O kitabları kim oxuyur? Hansı dərsliklərdə istifadə olunur? Konfranslarda çıxışları varmı? İctimai mətbuata açıqlama verə bilirmi? Elmi fəaliyyətlə bağlı fikirlər söyləyə bilirmi? Konfranslarda sədr olubmu? Tələbə yetişdiribmi? Doktor yetişiribmi? İstinadları, yazıları nə qədərdir? Məqalələrinə istinadlar varmı? Magistr tələbəsi yetişdirirmi? Hansı idarəetmələrdə çalışıb? Bundan başqa, cəmiyyətin, eləcə də iqtisadiyyatın inkişafı üçün nələr edib? Bu qədər suallara cavab verən şəxsi müvafiq vəzifələrə təyin etmək lazımdır.

 

Bu meyarlar olmadan, onlara qiymətləndirmə müəyyən etmədən necə seçki keçirmək olar?  Bəzi adamlar yazıları Avropada qəbul edilsin deyə hədsiz dərəcədə  yalançı yazılar yazır. Avropa bu cür yazıları qəbul edir ki, sabahsı gün istifadə edə bilsin”.

 

“Vəzifə hər kəsə verilirsə, onda professor olmaq nəyə lazımdır?”,- deyə iqtisad elmləri doktoru bildirib: “Vəzifənin kriteriyaları olmalıdır. Onun kriteriyası yoxdursa, hər kəs ora iddia edə bilirsə, onda heç kəs professor olmaz. Türkiyədə qəbul olunan qanunda qeyd olunub ki, rektor, eləcə də prorektorlar professor olmalıdır. Avropada dekan olmaq üçün professor olmaq məcburiyyətindəsən. Dosent dekan ola bilmir. Vəzifəli şəxs özü o qədər yüksək olmalıdır ki, başqalarının inkişafına da dəstək olsun. Özü inkişaf etməyən başqasının inkişafına dəstək ola bilərmi? Özü yetişməyən başqasının yetişməsinə dəstək ola bilərmi?”.