Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 13:47:00
“Praktikaya getməyən tələbədən yaxşı mütəxəssis yetişdirmək olmaz” - Professor 

Azərbaycan universitetlərinin bir çoxunda təcrübə məsələsinə o qədər də diqqət yetirilmir. Müəssisələrə sadəcə formal olaraq gündəlikləri imzalatmaq və möhürlətmək üçün gedirlər. Ancaq beynəlxalq təcrübəyə istinad etsək, təcrübənin nəzəriyyədən daha çox qiymətləndirildiyini görərik. Bəs ölkəmizdə nə üçün buna yetəri qədər diqqət göstərilmir? 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan telejurnalist və publisist, BDU-nun professoru Qulu Məhərrəmli deyib ki, tələbələrin təcrübəyə göndərilməsi birbaşa tədrisin keyfiyyətinə, mütəxəssis yetişdirməyin əsaslarına təsir edən məsələdir: 

 

“Hesab edirəm ki, bu çox ciddi bir məsələdir. Birbaşa tədrisin keyfiyyətinə, mütəxəssis yetişdirməyin əsaslarına təsir edir. Elə ixtisaslar var ki, yalnız prarika sayəsində profesionallaşa bilərsən. Müəllimlik, komputer proqramçılığı, həkimlik, jurnalistika və s. kimi ixtisaslarda praktikanın böyük önəmi var”.

 

Professor təklif edir ki, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, tədris müəssisələrinin istehsalat yerləri ilə normal müqaviləsi olmalıdır:

 

“Mən öz sahəm üzrə deyə bilərəm ki, əvvəllər jurnalistikada I kursdan praktika başlayırdı. Tələbələr qəzetlərdə olur, II kursda televiziya və radionu mənimsəyirdilər. III kursda seçdikləri ixtisas üzrə bütün KİV-lərdə praktika keçirdilər. Amma hazırda I-II kursda praktika yoxdur. Sonrakı kurslarda praktika var, ancaq bir çoxları üçün deyə bilərik ki, bu formal xarakter daşıyır. Nə tələbələr istehsalat müəssisəsinə gedir, nə də həmin müəssisədə onları həvəslə qarşılayırlar. Tələbələr sadəcə gündəlikləri möhürlətmək üçün gedirlər. Bunlar həqiqətən də var və danmaq olmaz. Əlbəttə ki, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, tədris müəssisələrinin istehsalat yerləri ilə normal müqaviləsi olmalıdır. İstehsalat təcrübəsinin bu üstünlüyü də var ki, müəssisə özü üçün yeni gənc kadr əldə edə bilər. Məncə bu bütün sahələrdə belədir”. 

 

Q.Məhərrməlinin sözlərinə görə, bir sıra tələbələr ixtisasını təcrübədə öyrənməyə başlayır:


“Bir sıra ixtisaslar var ki, təcrübə keçilməsə, yaxşı mütəxəssis yetişə bilməz. Ona görə də bəzən gənc məzunlar universiteti bitirdikdən sonra istehsalat yerində iş tapırlar və müəyyən vasitələrlə işə düzəlirlər. Daha sonra işi elə orda yenidən öyrənməyə başlayırlar. Bunlar hamısı tədrisin keyfiyyətinin aşağı olmasından xəbər verir. İstehsalat təcrübəsinə lazımi diqqət yetirilmir. Buna görə də qeyd olunan sahələri seçmiş tələbə həmin sahə üzrə istiqamətləndikdə ciddi problemlərlə üzləşir. Məncə ciddi məsələdir və buna ciddi şəkildə də diqqət yetirilməlidir”.