Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 12:17:00
Bu il ən uğurlu qruplar I və III olacaq - Ekspert səbəbləri AÇIQLADI  

“Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşır. Yalnız I və IV ixtisas qrupları qalıb. İndiyə qədər keçirilən imtahanların ilkin nəticələri əsasında deyə bilərik ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən uğurlu qruplar I və III ixtisas qrupları olacaqdır. I ixtisas qrupu üzrə abituriyentlərin sayı ötən illərlə müqayisədə ciddi şəkildə azalıb. Həmçinin, III ixtisas qrupunda plan yerlərinin artdığını görürük. Bu baxımdan bu qrup üzrə imtahan verənlər daha şanslıdır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, ixtisas qrupları üzrə keçid balları, plan yerləri və illər üzrə həmin yerlərin statistik göstəricilərindən danışdı.

 

“I ixtisas qrupunda hətta 200 balla ödənişsiz dövlət universitetlərinə qəbul imkanının mümkün olduğunu görürük. III ixtisas qrupunda plan yerləri artıb. Həmçinin, bir sıra universitetlərdə yeni ixtisaslar açılıb. Məsələn, Bakı Dövlət Universitetində III qrup üzrə yeni ixtisaslar və ixtisaslara uyğun plan yerləri açılıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər ixtisasının açılması onu deməyə əsas verir ki, bu il III qrup üzrə istiqamətlənmiş abituriyentlər üçün daha geniş imkanlar var”.

 

Ekspert II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentləri diqqətli olmağa çağırıb.

O, çağırışını xüsusən ödənişsiz maliyyə, mühasibatlıq ixtisaslarını seçənlərə şamil edib.
 

Müsahibimizin sözlərinə görə, bu il plan yerlərinin sayı 60 minə yaxın olacaq.

 

“Bu il ali təhsil müəssisələrinin qəbul yerlərində ciddi artım olacaq. 2022-ci ildə 51 min plan yeri var idisə, bu il 60 minə yaxın olacaq. Bu, daha çox abituriyentin tələbə olmasına imkan verəcək.

 

Digər tərəfdən, ali təhsil müəssisələrinin bakalavr pilləsinə pulsuz plan yerləri kəskin şəkildə artıb. Əgər 2019-da plan yerlərinin 31 faizi, yəni təxminən 12 mini pulsuz idisə, cəmi 4-5 il sonra 28 minə yaxın plan yeri dövlət sifarişli oldu. Bu da ümumi rəqəmin 52 faizi hesab olunur”.

 

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Ekspert, dövlət tərəfindən yaradılan imkanların ali təhsilin əlçatanlığını təmin etməsinə də diqqət çəkib:

 

“Bu il ali təhsil müəssisələrinin plan yerlərinə nəzər salsaq görərik ki, hər iki nəfərdən biri üçün pusluz təhsil şəraiti yaranacaq və bu da ali təhsilin əlçatanlığını təmin edir. Həmçinin, Təhsil Tələbə Krediti Fondu var. Bunlar hamısı təhsilin əlçatanlığını təmin edən vasitələrdir”.

 

K.Əsədov deyib ki, daha bir vacib məlumat da ondan ibarətdir ki, bu il ciddi bal artımı müşahidə olunmayacaq.

 

“Hər ixtisas qrupu üzrə vəziyyət yaxşıdır. Sadəcə, abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalıdırlar. Təəssüf ki, onlar bəzən keçən ilin jurnalları ilə heç bir təhlil aparmadan ixtisas seçimi etməyə çalışırlar. İxtisas eçimi zamanı onların baxmalı olduqları nüanslardan biri də plan yerlərinin sayıdır”.