Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 09:26:00
Universitetlərdə sağlamlıq imkanları məhdud tələbələr üçün şərait var?  - SORĞU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsildə aktiv iştirakını təmin etmək üçün xüsusi orta ümumitəhsil müəssisələri fəaliyyət göstərir. Lakin Azərbaycan təhsil təcrübəsində hələ də bu sahədə ayrıca xidmət göstərən ali və orta ixtisas təhsil müəssisələri mövcud deyil. Sağlamlıq imkanları məhdud tələbələr digər tələbələrlə eyni universitetlərdə təhsil alırlar. Bu isə tələbələrə bir sıra çətinliklər törədir.

 

Universitetlərdə tələbələrin rahat iştirakı üçün xüsusi infranstruktların olub-olmamağı barədə AzEdu.az təhsil portalı olaraq bir sıra Azərbaycan universitetlərinə sorğular ünvanladıq.

 

Sorğumuza Bakı Ali Neft Məktəbindən (BANM) bildirildi ki,  universitetdə sağlamlıq imkanları məhdud şəxslər üçün liflər, panduslar və.s imkanlar mövcuddur.

 

Bakı Mühəndislik Universitetini (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vurğulayıb ki, universitetin tədris korpuslarında  hər hansısa əlilliyi olan şəxslər üçün müvafiq infrastuktur mövcuddur.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnküziv Mərkəzin direktoru Sevinc Məhsimova  qeyd edib ki,  UNEC-də inklüziv mərkəz fəaliyyət göstərir.

 

“Mərkəzin missiyası əlilliyi olan tələbələr, müəllimlər və heyətə xüsusi diqqət yetirməklə UNEC icmasının bütün üzvləri üçün inklüziv və dəstəkləyici mühit yaratmaqdır”.

 

Qərbi Kaspi Universitetinin (QKU) mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov sorğumuza cavab olaraq bildirib ki, universitet sağlamlıq imkanları məhdud tələbələr üçün standartlara uyğun infrastruktura malikdir.

 

“Bu standartlar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də əks olunur və müvafiq infrastrukturun qurulmasında həm də bu standartlara istinad olunub. Times Higher Education dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının  Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqini hazırlayır və Qərbi Kaspi Universiteti dünya reytinqində son illərdə 601+ yerdə qərarlaşıb.

 

Həmin standartlarda sağlamlıq imkanları məhdud olan tələbələr üçün müvafiq imkanlar da qiymətləndirilir və Qərbi Kaspi Universitetinin bu yöndəki infrastrukturu yüksək qiymətləndirilib”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün təhsil münasibətləri sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasinin Qanunu əsasında tənzimlənir.

 

“Burada həmin şəxslər üçün təhsilin formaları, təhsil alacaqları yerlər və s. təsnif olunur. Məlumat üçün bildirim ki, sağlamlıq imkanları məhdud şəxslər sıradan vətəndaşlar kimi imtahan verib sıradan tələbələr kimi təhsil almırlar. Onların təhsil forması həkim komisiyası və aidiyyatı qurum (adətən icra hakimiyyəti orqanı) tərəfindən müəyyən edilir. Bundan sonra dövlət tərəfindən həmin şəxslər üçün xüsusi imkanlar yaradılır. Adətən belə şagirdlər və belə tələbələr üçün xüsusi təyinatlı məktəb və xüsusi təyinatlı ali məktəb olur.

Bəzi hallarda, xüsusilə tələbat və müraciət olduqda təhsil müəssisəsi imkanlar daxilində belə şagird və tələbələr üçün xüsusi şərait yaradır. Əlbəttə ki, dünya təcrübəsində də bu cürdür.

 

Bununla belə, bəzi nüanslar var ki, onlar mütləq nəzərə alınır. Məsələn, AzMİU-nun bütün tədris binalarının girişində panduslar mövcuddur. Əlbəttə ki, bizim tələbələrimizin və ya əməkdaşlarımızın da sağlamlıq imkanları müvəqqəti məhdudlaşa bilər.

 

Qeyd edim ki, əgər nə vaxtsa AzMİU-nun sağlamlıq imkanları məhdud tələbələri olarsa, əlbəttə ki, Azərbaycan Respublikasının qanunları çərçivəsində həmin tələbələr üçün şərait yaradılacağı heç şübhəsizdir”.

 

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə bildirib ki, hazırda olan infrastrukturumuz sağlamlıq imkanları məhdud tələbələr üçün elə də əlverişli deyil.

 

“Buna baxmayaraq Mingəçevir Dövlət Universitetində sağlamlıq imkanları məhdud çoxsaylı tələbələr təhsil alırlar.

 

Tikintisi davam etməkdə olan yeni kampusda bütün tələbələrin, eləcə də sağlamlıq imkanları məhdud tələbələri düşünərək xüsusi infrastruktur yaradılması nəzərdə tutulub. İstər kampus ərazisində rahat hərəkət, istər inklüziv təhsil üçün şərait düşünülüb”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova sorğuya münasibət bildirib. Qeyd olunub ki, Lənkəran Dövlət Universitetində əlilliyi olan tələbələr üçün imkanlar yaradılmışdır.  Universitetdə bu sahədə yerli və avropa təcrübəsindən geniş istifadə edir.

 

“Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu ESFİDİP (Əlilliyi olan əşəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması) TEMPUS qrant layihəsi çərçivəsində Lənkəran Dövlət Universiteti Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi və Əlil Təşkilatları İttifaqının nümayəndələri birgə bu sahədə əməkdaşlıq etmişlər. Layihə çərçivəsində Lənkəran Dövlət Universitetində “Əlil tələbələr üçün mərkəz yaradılmış”, mərkəz müasir avadanlıqlarla təchiz edilmiş, əlillərin tədris alması məqsədiylə 2 saylı tədris binasında onlar üçün panuslar, lift qurşdırılmış və digər lazımi avadanlıqlarla təchiz edilmişdir.

 

“Əlilliyi olan tələbələr üçün Mərkəz”in fəaliyyəti sağlamlıq imkanları məhdud tələbələrə aid məsələləri təşkil və idarə etməkdən ibarətdir. Mərkəzin əsas funksiyası əlilliyi olan tələbələrə təhsildə dəstək olmaq üçün onları məlumatlar və xidmətlərlə təmin etməkdən ibarətdir.

 

Universitetdə gözdən əlil tələbələr üçün tədrisin təşkili məqsədi ilə ixtisaslaşdırılmış rəqəmsal laboratoriya fəaliyyət göstərir və o laboratoriya müasir rəqəmsal avadanlıqla təchiz edilmişdir”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, universitetdə hazırda fiziki qüsurlu tələbələr təhsil almır.

 

“Ancaq hər hansısa sağlamlıq imkanı məhdud tələbələrin ola biləcəyini nəzərə alaraq, pilləkənllərdə xüsusi tutacaqlar, həmçinin liftlər var. Bundan əlavə xüsusi infranstruktur yoxdur”.