Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 15:19:00
Tələbələrə hansı hallarda qayıb yazılmır? - SORĞU

Məlumdur ki, ali məktəblərdə təhsil alan  tələbələrin hər fənn üzrə müəyyən dərs saatına uyğun qayıb limitləri olur. Tələbə üzrsüz səbəbdən dərsdə iştirak etmədikdə həmin limitdən istifadə edilir.

 

Lakin bəzən üzrlü səbəblərdən dolayı (xəstəlik,bədbəxt hadisə və.s) tələbə dərsdə iştirak edə bilmir. Belə olan halda onlara qayıb yazılıb-yazılmayacağı mövzusu bir çox tələbəni narahat edir.

 

Bəs hansı hallarda tələbələrə güzəştlər edilir?

 

AzEdu.az təhsil portalı olaraq mövzu ilə əlaqədar bir neçə universitetə sorğu ünvanladıq.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova sorğumuza cavab olaraq bildirdi ki, tələbələr hər hansı bir infeksion xəstəliyə (covid, vərəm, su çiçəyi, qızılca)  yoluxduqda yaxud planlaşdırılmamış əməliyyat keçirdikdə, eləcə də bədbəxt hadisə baş verdikdə, ancaq tibb müəssisəsindən müvafiq arayış təqdim edərlərsə, o halda qayıbları üzrlü hesab olunur.

 

“Lakin, semestr üzrə fənlərin qayıb limitinə uyğun olaraq tələbə bütün limiti keçərək dərslərdə iştirak etməyibsə, o zaman tibbi arayış olsa da tələbə semestr ərzində dərs dinləmədiyi üçün qayıblar silinmir”.

 

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı məsələ ilə bağlı qeyd edib ki, tələbə infeksion xəstəliyə yoluxubsa, o halda onun qayıbları üzrlü hesab olunur.

 

“Digər hallarda isə qayıb limitindən çıxılır”.

 

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vurğulayıb ki, BMU-da bu məsələ “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun tənzimlənir.

 

“Həmin qaydalara əsasən, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. 

 

Yəni tələbənin qeyd olunan faizi aşmamaq şərti ilə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizində iştirak etməmək hüququ var”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, LDU-da tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən həyata keçirilir.

 

“Həmin qaydalara əsasən üzürlu səbəbdən dərsdə iştirak etməyən tələbəyə qayıbın yazılmaması nəzərdə tutulmamışdır”.

 

Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova sorğumuza cavab olaraq qeyd etdi ki, tələbə dərslərdə hər hansı bir üzrlü səbəbdən (İnstitutu müəyyən xarici və yerli tədbirlərdə təmsil etmək) iştirak etmirsə, bu zaman qayıb yazılır, lakin üzrlü hesab olunur.

 

“Səbəb sağlamlıqla əlaqəli yoluxucu xəstəlik olarsa, mütləq şəkildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada sağlamlıq haqqında arayışı fakültəyə təqdim etməlidirlər. Əks halda, təhsilalanın dərslərdə iştirak etmədiyi günlərdə yazılmış qayıblar üzrsüz hesab olunur.

 

Bundan əlavə  “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bir fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizini keçməmək şərtilə qayıb limitindən istifadə etmək şansı var və bu zaman tələbə üçün heç bir problem olmur, imtahan sessiyasında iştirak edə bilir”.

 

Sifayə Abbas