Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 16:43:00
Bu dillərdə tərcüməçilərə ehtiyac qalmayacaq!  

“Gələcəkdə ingilis və rus dili üzrə tərcüməçi kadrlara ehtiyac qalmayacaq”

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil və qəbul məsələləri üzrə ekspert  Ramin Nuraliyev deyib.

 

“Hazırda əksər şirkətlərdə işçilərin böyük qismi, eləcə də ali təhsil almış tələbələrin əksəriyyəti ingilis dilini yaxşı bilir. Bununla yanaşı, Bakıda yaşayanların çoxu rus dilini orta səviyyədə mənimsəyirlər. Bu da onu deməyə əsas verir ki, məhz bu dillərdə tərcümə ixtisasını bitirən tələbələr hər hansısa bir şirkətdə tərcüməçi kimi işləməyi bacaracaq. Ona görə də gələcəkdə ingilis və rus dilində tərcüməçi kadra ehtiyac duyulmayacaq. Məsələn, hər hansı bir şirkətdə əməkdaşların çoxu ingilis və rus dilini bilirsə, əlavə olaraq tərcüməçiyə niyə ehtiyac duyulsun? 

 

Ekspert gələcəkdə hansı dillərə daha çox tələbat olacağını açıqlayıb:

 

“Tərcümə ixtisasını oxumaq istəyən tələbələrə tövsiyə edirəm ki, alman, fransız, ərəb və s. kimi dillərə daha çox üstünlük versinlər. Ərəb dilində danışan dövlətlər say çoxluğu təşkil edir, həm də Ərəb dövlətinin Azərbaycandaki səfirliyinə baxsaq, buradakı iş imkanlarının daha geniş olduğunu görə bilərik. Həmçinin, koreya, ispan, portuqal, fransız dili də perspektivli dil hesab olunur.

 

Məlumdur ki, tərcümə ixtisası bitirən tələbələrin iş imkanı daha çox səfirlik və ya turizm sektorlarında üstünlük təşkil edir. Həmin sahələr üzrə ingilis dilindən də üstün ərəb, fransız, alman dilləridir. Çünki alman dilini bilən hər hansı bir tələbə magistraturanı və yaxud doktoranturanı gedib Almaniyada dövlət sifarişli əsaslarla oxuya bilər. Alman dövlətinin belə bir tələbatı var ki, bu dili B1 səviyyəsində, yaxud B2 səviyyəsində bilən tələbələrin ödənişsiz təhsil almaq hüququ var.

 

Çin dilini də gələcəyin dili hesab etmək olar. Çünki həm böyük dövlətdir, həm də ixracatı və idxalatı hədsiz genişdir. Azərbaycanda bir neçə şirkətin Çinlə əməkdaşlığı var. Çin, koreya, yapon dilini bilən hər hansı bir tələbə xaricdə oxumaqla öz dilini təkmiləşdirə bilir. Bu təkmilləşdirmə həmin vətəndaşımızın gələcək iş perspektivinə  çox müsbət təsir göstərəcək”.

 

 

R.Nuraliyevin vurğulayıb ki, ingilis dilində tərcümə ixtisası oxumaqdansa, həmin dildə pedaqoji təhsil alın, müəllim olmaq daha məqsədəuyğundur:

 

“Çünki ingilis dili müəllimliyi Azərbaycanda gələcək perspektivliyi yüksək olan ixtisaslar sırasındadır. Lakin ingilis dili üzrə tərcüməçilik ixtisasında oxumaq perspektivliyi bir o qədər də yüksək deyil. Çünki bu ixtisası bitirənlər ancaq tərcüməçi kimi işləyə biləcəklər”.

 

Esmira Əliyeva