Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 12:21:00
Tələbələr xaricə axın edir – “Magistraturada qiyabi təhsil olsun!”

Ölkəmizdə bakalavr təhsili üzrə qiyabi və əyani olmaqla iki növ təhsil pilləsi var. Lakin magistratura pilləsi üzrə qiyabi təhsil forması mövcud deyil. Bu səbəbdən də bir çox işləyən insanlar magistratura təhsilini xaricdə qiyabi davam etdirir. Bu da özlüyündə tam ali təhsili hər kəs üçün əlçatan etmir. 

 

Azərbaycanda qiyabi magistratura pilləsinin olmasına ehtiyac varmı?

 

Sabiq deputat, təhsil eksperti Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

S.Əliyeva qeyd edib  ki, xaricə təhsil axının qarşısını almaq üçün təhsil sistemində dəyişikliklər nəzərdə tutulmalıdır: “Həddindən artıq vətəndaş xaricə təhsil almaq üçün üz tutur. Bu situasiyaya 2 cür yanaşmaq olar. Birincisi, tələbə axını, ikincisi isə beyin axınıdır. İstər bakalavr, istərsə də magistratura pilləsi üzrə azərbaycanlı tələbələr 2 halda xaricdə təhsilə üz tutur. Ya tələbə qəbulda çox aşağı nəticə göstərir, ya da çox yüksək. Azərbaycanda IQ-su yüksək səviyyəli tələbələrin demək olar ki, böyük əksəriyyəti xaricdə təhsil alır. Buna görə də bu məsələ iki məqam üzrə həll edilməlidir.

 

Ölkədən davamlı xaricə yönələn tələbələr həm də böyük miqdarda valyuta axını deməkdir. Buna görə də Azərbaycanda təmin olunmayan, həyata keçirilməyən təhsil pillələri üzrə proqramlar, eləcə də qiyabi magistratura səviyyəsinin reallaşdırılması üzrə düşünülməlidir”.

 

Müsahibimiz təklif edir ki, ixtisaslaşmış sahə üzrə qiyabi magistratura təhsil pilləsi açılmalıdır: “Bəzən insanlar hər hansısa bir sahə üzrə təhsil alsalar da, fərqli istiqamətdə çalışaraq ixtisaslaşır. Necə ki, peşə təhsilində informal təhsil, imtahanlar və sertifikasiyalarla rəsmiləşir, eləcə də bu cür ixtisaslaşmış insanlar üçün qiyabi magistratura təhsili təmin olunmalıdır".

 

Ekspert qeyd edib ki, hər şeydən əvvəl bu sahədə dövlət qayda-qanunlar tətbiq etməlidir: “Qiyabi, yaxud uzaqdan magistratura təhsili təmin olunaraq, onların diplomlarının tanınması məsələsi həyata keçirilsin. Eyni zamanda, belə bir addım atmaq üçün universitetlərin özlərinin təklifləri olmalıdır. Düşünürəm ki, özəl şirkətlər də buna dəstək verə bilər. Hansı ki, onların peşəkar işçiləri var. Ən əsas məsələlərdən biri də təhsil strukturları bu istiqamətdə adaptiv olmalıdır. Ali təhsilin keyfiyyətini artırmaq, həmçinin beynəlxalq təcrübədən istifadə etməklə, qiyabi təhsil proqramlarını həyata keçirmək olar. Bu kimi proqramlar insanlara öz vaxtını düzgün idarə edərək təhsil almalarına imkan verir. Bu da onlar üçün çox böyük fayda vermiş olar”.