Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Təhsil Nazirliyi haqqında ümumi məlumat

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.

1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Ceyhun Bayramov  Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.