Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 22:02:00
Vunderkind: 700 bal toplayacağıma inanırdım

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

AzEdu.az xəbər verir ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib.

 

İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

 

AzEdu.az Təhsil Portalı olaraq Şəbnəm Novruzova ilə əlaqə saxladıq.

 

Müsahibimiz təəssüratlarını bizimlə bölüşüb:

 

“Şad xəbəri eşidən zaman yanımda ailəm olduğu üçün ilk dəfə onlarla sevincimi bölüşdüm. Bu mənim üçün həm qürurverici, həm də sevindirici bir hal idi. Onlarda həmçinin mənim kimi sevinc hissi yaşadılar. 700 bal toplayacağımı əslində gözləyirdim. Qapalı sualları düzgün cavablandırmışdım ,sadəcə olaraq situasiya tipli sualların cavabını gördükdən sonra tam əmin oldum ki, 700 bal topladım”.

 

Şəbnəm Novruzova ADA Universitetində təhsil almaq istədiyini vurğulayıb:

 

“Hədəfim ADA Universitetinin maliyyə ixtisasına qəbul olmaqdır. Gələcəkdə magistratura təhsilimi xaricdə davam etmək istəyirəm. Daha sonra vətənə dönüb, burada peşəkar kadr kimi fəaliyyət göstərmək istəyirəm”.

 

Həmsöhbətimiz abituriyentlərə bu yolda özünə inanmağa səsləyib:

 

“Hər bir abituriyent ilk növbədə özünə inanmalıdır. Bu yolda bacardıqları qədər çox çalışsınlar. Ən əsası isə vaxtı düzgün bölüşdürməyi unutmasınlar. Hər fənnə uyğun vaxt ayırmaq olduqca əlverişlidir.

 

Hesab edirəm ki, telefondan yalnız dərs istiqamətli istifadə, yəni səmərəli şəkildə yararlansalar daha yaxşı olar. Sosial media şəbəkələrindən uzaq durmaq abituriyentlər üçün faydalıdır”.

 

O, dərsləri üçün düzgün vaxt bölgüsü apardığını qeyd edib:

 

“700 bal toplamaq mənim üçün böyük qürurdur. Çünki hər dəfə 700 bal toplayan abituriyentləri görən zaman qarşıma məndə məqsəd qoydum ki, bu balı mən toplayacağam.

 

Belə bir dönəmdə ən çox mənə anamın və atamın dəstəyi böyük olub. Həmçinin müəllimlərimində dəstəyi danılmazdır.

 

Fənni şagirdə ən çox müəllim sevdirdiyinə görə 1-ci sinifdən riyaziyyat fənninə böyük marağım olub.Bütün dərslərimi qaydalı şəkildə yazdığım üçün hər fənnə vaxt çatdırırdım. Bunun üçün əvvəlcədən plan qurmaq lazımdır.İmtahanda hər tipli suallar olur.Düşünürəm ki, coğrafiya fənni çox çətin idi”.