Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 09:14:00
“Abituriyentlər hər şeyi bildiklərini zənn edirlər, amma...”

Müşahidələr əsasında görürük ki, valideynlər tərəfindən ən çox narazılığa səbəb olan nüanslardan biri övladlarının çox oxumasına rəğmən müsbət nəticə göstərə bilməməsidir.

 

Bu səbəbdən çox zaman imtahan suallarının yanlış və çətin tərtib olunduğuna dair iddialar da ortaya çıxır.

 

Maraqlıdır, bəs sistemli olaraq oxuyan savadlı abituriyentlərin qəbul imatahanlarında aşağı bal toplamasının səbəbləri nədən irəli gəlir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən, təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib qeyd edib ki, abituriyentlər imtahana gedərkən özlərindən çox əmin olur, hər şeyi bildiklərini zənn edirlər, bu isə yaxşı nəticə vermir:

 

“Ali təhsil müəssisələrinə qəbulun 1-ci şans imtahanından sonra, insanları ən çox düşündürən suallardan biri də abituriyentlərin bildiklərini yaza bilməməsidir. Ən vacib məsələ odur ki, abituriyentlərin çoxu imtahana gedəndə elə fikirləşir ki, hər şeyi bilirlər. Arxayın olurlar və imtahana çox rahat şəkildə gedirlər. Suallarla tanış olduqdan sonra isə görürlər ki, heç də düşündükləri kimi deyil. Uzun illərdir, müşahidlərim əsasında deyə bilərəm ki, abituriyentlər 2-ci cəhdə daha ciddi hazırlaşırlar.

 

Birinci şans imtahanına gedirlər, çətinlikləri və sual tiplərinin necə olduğunu görürlər. Onlara aydın olur ki, imtahan vermək heç də düşündükləri kimi asan deyil. Bəziləri ona görə yaxşı bildiklərini fikirləşib, az bal toplayırlar. Həmçinin, imtahanların 2 cəhd olması da onlara rahatlıq hissi verir. Bəlkə də sözügedən proses 1 dəfə olsa, abituriyentlər daha ciddi hazırlaşar. Onlar birinci cəhdi sınaq kimi nəzərdə tuturlar. 

Özüm də müşahidə etmişəm ki, bir çox abituriyent var idi ki, biz onlardan yüksək nəticə gözləyirdik, lakin həmin abituriyentlər heç də etimadımızı doğrultmadılar”.

 

Ekspert vurğulayıb ki, DİM-in tərtib etdiyi suallarda heç bir problem yoxdur:

 

“Hər il bu tərtibat getdikcə təkmilləşir. Avropa təhsil sisteminə uyğunlaşmağa çalışır. Bu, müsbətdir. . Yenə də qeyd edim ki, zəif nəticələr şagirlərin psixoloji vəziyyəti ilə əlaqədardır. Onlar arxayın şəkildə imtahana girir və sonda heç də asan olmadığını görürlər”.