Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 16:03:00
Bir neçə günlük əzbərçilik üçün tələbələrə əziyyət verməyə dəyməz - Professor

Bir çox universitetdə yeni iş həftəsindən etibarən sessiya imtahanlarına start verilib. Tələbələr semestr ərzində tədris olunan fənlər üzrə imtahanlarda iştirak edirlər.

 

1 semestr ərzində seminar, kollekvium, eləcə də aralıq imtahanı verən tələbələr üçün yenidən yekun imtahana ehtiyac varmı?

 

Mövzu ilə əlaqədar iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a mövzu ilə əlaqədar fikirlərini bildirib.

 

Professor qeyd edib ki, semestr imtahanı keçirilirsə, bunun mütləq nəticəsi olmalıdır: “Əvvəllər Rusiyada, eləcə də dünyada hər hansısa bir şirkətə, məsələn banka  müraciət edən zaman şirkətin müdiri sual  verirdi: “Sənin zaçot kitabçan varmı?”, “Bank işi fənnindən neçə almısan?”. Kitabçaya baxandan sonra qeyd edirdi ki, sənə filan müəllim dərs keçibsə, halal olsun. Həmin müəllimin imzası, həmçinin, etimadı iş yerində  yüksək qiymətləndirilir və imtahan nəticəsinə uyğun olaraq həmin şəxs işə qəbul olunurdu. İndi sual verilir “zaçot kitabçasına baxan varmı?” Ümumiyyətlə hazırda iş yerləri qırmızı diplomla, yüksək göstərici ilə məzun olanlarla maraqlanırmı?

 

Əvvəllər tələbə mütləq oxuduğu ixtisas üzrə işləmək məcburiyyətində idi. İndi məzun olanların neçə faizi öz ixtisası üzrə işləyir?  Belədirsə, sual olunur ki, tələbənin gecə-gündüz yatmadan hazırlaşdığı imtahanların nəticəsi nə oldu? Bir neçə günlük əzbərçilik üçün ona əziyyət verməyə dəyərmiydi? Düşünürəm ki, imtahanlar istehlak deyil, investisiya əhəmiyyəti daşımalıdır.

 

Sovet vaxtı universitetlərdə həm zaçot, həm də imtahan keçirilirdi. Zaçotda qeyri-ixtisas fənlərinin məqbulluğu qeyd olunurdu. Ancaq bu gün istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərinin hər birindən tələbəni imtahan edirlər. Niyə? Bu adamın gələcək fəaliyyətində o fənnə ehtiyac olmayacaqsa, onun vaxtını imtahanla itirməyə dəyərmi? Bu gün bütün bu problemlər araşdırılmalıdır. Gərəklilik səviyyəsi şərtlər və ölkələrə uyğun yoxlanılmalıdır”.

 

“Semestr imtahanlarına baxış dəyişməlidir, insanları imtahansız cəmiyyətə hazır etmək lazımdır”, -deyə iqtisad elmləri doktoru vurğulayıb: “1 aylıq vaxtı sessiyaya imtahanlarına sərf etmək yerinə, keçirilən mövzulardan ümumiləşdirilmiş tədqiqat aparılsaydı daha faydalı olardı. Əgər müəllim professor və ya elmlər doktorudursa artıq onun özünün fərqli yanaşması olmalıdır. Standartlara bağlı, müəyyən çərçivədə olmamalıdır. Müəllim verdiyi biliyi tələbədən alma metodikasını fərqli şəkildə reallaşdıra bilər. Ən əsas nəticələrdir. Verilən imtahanın nəticəsinə əsasən məzun işlə təmin olunacaqmı? Bu imtahan ona nə qazandırır? İmtahanlar gələcək iş yerində nə dərəcədə faydalı olacaq? Bütün bu təzadlı suallara cavab tapılmalıdır.

 

Ümumiyyətlə imtahanların həddi nə qədər olmalıdır? Bu gün insanlar məktəbdə də, eləcə də oradan  məzun olduqdan sonra, universitetə qəbul zamanı, semestr imtahanı, aralıq imtahanı, midtermlər, universitetin final imtahanı, işə qəbul və s. kimi çoxsaylı imtahanlardan keçmək məcburiyyətində qalır. İnsan nə qədər imtahan verər?

 

İnsan biliyinin özünə yararlı olmağını düşünməlidir. Özü-özünə imtahan verməlidir. Finlandiyada heç bir imtahan yoxdur. Bir çox xarici ölkədə imtahansız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Avropada tələbə öncədən fənlər, eləcə də müəllimlər arasında seçim etmək hüququna malikdir”.

 

Z.Məmmədov qeyd edib ki, imtahana baxış yenidən ümumiləşdirilmiş şəkildə təhlil edilib, dəyərləndirilməlidir: “Gecə-gündüz insanların sadəcə  imtahanla məşğul olması xoşagəlməz haldır. Biz tədqiqatçı yetişdirməliyik. Bu adam sabah gedib şirkətdə işləyəndə problemlərə çarə tapmalıdır, həll yollarını bilməlidir. Oxuyub əzbərləmək deyil, məsələlərə özünün şəxsi yanaşması olmalıdır.

Türkiyədə imtahan prosesində müəllimin biri tələbələrə hər hansısa mövzu ilə bağlı tapşırıq verir ki, araşdırsınlar. Məsələn, “Azərbaycanın bank sektorunun xüsusiyyətləri”. 20-30 nəfər ayrı-ayrılıqda eyni mövzu ətrafında araşdırma apardıqda, müxtəlif geniş məlumatlar ortaya çıxır. Tələbə mövzu üçün kitabxanalara gedir, şirkətlərə sorğu aparır, kommunikasiya bacarıqlarını formalaşdırır, axtarışlar edir və nəticələri ümumiləşdirib təhlil edərək təhlilçi analtikə çevirilir. Sadəcə otaqlarda verilən imtahanlarda 5 almaq iş yerlərində keçərli deyil. Ancaq tədqiqat aparan tələbə iş yerlərinə gedir, oranın fəaliyyətini təhlil edir. Beləcə şirkət sahibləri özləri üçün potensial kadrlar seçməyə başlayır.

Tələbə yerində oturaraq bir şey əldə edə bilməz. O sektorlara daxil olub axtarışlar etməlidir. Axtarış etmədən nəticə əldə etmək mümkün deyil. İmtahanlar şirkətlərdə olmalıdır. Tələbənin apardığı tədqiqatın nəticəsinə şirkətlər də qərar verməlidir”.

 

“Tələbəyə X hadisəsini əzbərləmək yox, X hadisəsini açıqlamaq tapşırılmalıdır”- deyə professor vurğulayıb: “Rusiya Dövlət Humanitar Universitetinin imtahanları Domodedovo hava limanında keçirilir. Tələbələrə imtahan üçün tədqiqat mövzuları təqdim olunur və tələbələr artıq 2-ci kursdan etibarən həmin tədqiqat üzərində işləyirlər. İşləməkləri qarşılığında onlara yüksək məvacib verilir. Əvvəllər oxumaq üçün Domodedovodan Moskvaya gedənlər indi Moskavadan oraya gedir. Buna səbəb həm işlərininin olması, həm də çox yüksək məbləğdə təqaüdlərdir. Tələbə 1-2- ci kursdan etibarən artıq həmin təşkilatları təhlil edir, təşkilatla işləyir. İmtahanda təhlil olunan mövzuları həm universitet rəhbərliyi, həm də şirkət nümayəndəliyi qiymətləndirir. Tələbəyə X hadisəsini əzbərləmək yox, X hadisəsini açıqlamaq tapşırılmalıdır. Əzbərçilikdən uzaqlaşmalıyıq”.