Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-24 15:01:00
“İlin gənc müəllimi” şəhid olan atasından DANIŞDI: “Ümidim var ki, o, sağdır”

Təəssüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün canları, qanları hesabına əzəli torpaqlarımızı bərpa etdilər.

 

İşğal altında olan torpaqlarımızın azadlığı üçün həm I, həm də II Qarabağ müharibəsində şəhidlər verdik. Onlardan biri də  “İlin gənc müəllimi”-2022 ci ilin qalibi Orxan Əhmədovun atası Ramiz Əhmədovdur.

 

Ramiz Əhmədov 1993-cü ildə I Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub.

 

AzEdu.az Təhsil Portalı olaraq Orxan Əhmədovun atası ilə bağlı müsahibəni təqdim edirik:

 

- Orxan Əhmədov atasının könüllü olaraq müharibəyə qatıldığını deyərək, söhbətə başladı...

 

-Atam, Ramiz Əhmədov 1960-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olub. O, Leninqradda meşə təssərrüfatı üzrə təhsil alıb. Orada təhsilini bitirəndən sonra ailəm İsmayıllıya gəldi və atamın işi ilə əlaqədar Kəlbəcərə təyinat verildi. Atam meşə idarəsində (revizor) yoxlama kimi çalışırdı. Həmçinin ehtiyatda olan baş leytenant olub. Çünki o vaxtı universiteti bitirənlərə rütbə verirdilər.

 

Ailəm atamın işi ilə əlaqədar Kəlbəcərə gəldikdən sonra burada məskunlaşdı, eyni zamanda mən burada dünyaya gəlmişəm. Xatırlayıram ki, 1993-cü ilin martında İsmayıllıya bayram keçirməyə gəldik. Daha sonra müharibə başladı. Müharibə başlar-başlamaz atam orduya könüllü yazıldı. O, tabor komandiri idi.

 

- Atanız şəhid olanda sizin neçə yaşınız var idi?

 

- Atamı itirəndə 5 yaşım var idi.

 

- Bəs onunla bağlı xatirənizdə nələrsə qalıb? Yaddaşınızı təzələyə bilərsiz?

 Açıklama yok.

Az yaşım olmasına baxmayaraq atamla bağlı böyük xatirələrim olub. Yaddaşımda xoş təəssüratlarımız qalıb. Hətta hər kəs bu gündə atamın adı çəkiləndə onun necə yaxşı insan olduğunu söyləyir. O vaxtı 5 yaşım olsa da, müharibə indiki kimi gözümün qarşısındadır. Yadımdadır, bir dəfə atam anamla məni bir maşına qoyub yola saldı, özü gəlmədi. Mən həmin vaxt çox ağladım, hətta anam atama “Sən də bizlə gəl" dedi. Atam isə "mən əsgərlərimi qoyub heç bir yana gedə bilmərəm",- deyib yola saldı. Çox təəssüf ki, ondan sonra atamı bir də görə bilmədim...heç məzarını belə...

 

- Yəqin ki, sizin üçün çox çətin olub...

 

- Əslində uşaq vaxtı atamın yoxluğunu qəbullanmışdım. Ancaq sonra yaş üstə yaş gəldikcə, artıq özümüzdə valideyn olduqca, çətinliyə düşəndə gözüm hər zaman atamı axtarıb. Artıq dərk edirsən ki, valideynin yerini heç kim və heç nə verə bilməz.

Atam olduqca savadlı bir insan olub, hətta erməni dilini belə bilirdi. Xarici ədəbiyyatı hər zaman mütaliə edirdi.

 

- Yeri gəlmişkən, qeyd etdiniz ki, atanızın məzarını belə ziyarət edə bilmirsiz. Buna səbəbini bilmək istərdik...

 

- Atam həm şəhid, həm də itkin kimi sayılır. Biz bu gün də onun məzarını tapa bilməmişik. Bizə deyildi ki, Murov alınan zaman atam mülki əhaliyə kömək edəndə şəhid olub.

1994-cü ildə atamın ölüm kağızını verdilər və həmin kağıza 1993-cü il aprelin 3-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olduğu yazılıb. Eyni zamanda itkin kimi qeyd ediblər. Adı bu gün də həm itkin, həm də şəhid sırasında yazılır.

 

Murov meydançası düşməndən azad ediləndən sonra tapılan məzarlardan test müayinəsi götürüldü ki, bəlkə məzarı tapıla bilər. Lakin tapılmadı.

 

- Atanızın məzarının tapılmaması sizdə yaşadığına dair ümid yaradırmı?

 Açıklama yok.

- Bəli, məzarının tapılmaması, adının itkin siyahısında olması mənə ümid verir. Hələ də onun yolunu gözləyirəm. Atam çox savadlı insan idi. Bəzən düşüncələrə qapılıram ki, biliklərindən istifadə etmək üçün düşmənlər onu sağ buraxıblar...