Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 11:53:00
Xaricdə təhsil almaq istəyənlər artır: “Valideynlər elə bilirlər ki...”

Son illərin statistikasınada nəzər yetirsək, tələbələrinin demək olar ki, çoxunun xaricdə təhsil almağa üstünlük verdiyini görərik. Türkiyənin təhsil naziri, professor Yusuf Tekinin sözlərinə görə orada 35 minə yaxın azərbaycanlı tələbə təhsil alır. 

 

Maraqlıdır, niyə görə azərbaycanlı gənclər xaricdə təhsili seçirlər?

 

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlama verib:

 

Ekspert xaricdə təhsil almağı seçənləri bir neçə kateqoriyaya bölüb:

 

“Birinci kateqoriyaya müvafiq dövlət proqramı ilə müraciət edib təqaüd qazanaraq qəbul olunanlar aiddir. Onların əksəriyyəti yüksək intellektli, savadlı tələbələrdir. Dövlət belə tələbələrin təhsil alması üçün maliyyə vəsaiti ayırır ki, onlar xarici universitetlərdə təhsil alıb Azərbaycana gələrək öyrəndikləri təcrübələri tətbiq etsinlər. Həmçinin bu tələbələrlə müəyyən müqavilələr bağlanır ki, universiteti bitirdikdən sonra gəlib Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olsunlar. Bu kateqoriya əsasən savadlı kateqoriya sayılır. Zehni, intellekti və savad səviyyəsi yüksək olan tələbələrin daha çox bu istiqamətdə müraciət etdiyini müşahidə edə bilirik”.

 

Təhsil eksperti bildirib ki, 2-ci kateqoriyaya maliyyə vəziyyəti yüksək olan ailələrin övladlarını xarici ölkələrə göndərənlər aiddir:

 

“Maddi vəziyyəti yaxşı olan bir sıra valideynlər var ki, övladlarını xaricdə təhsil almaq üçün göndərirlər. Bir çox hallarda həmin insanlar Azərbaycan universitetlərində keçirilən tədrisi bəyənmirlər”.

 

Ekspertin sözlərinə görə abituriyentlərin xaricdə təhsil almaq istəməsinin bir digər səbəbi isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında yaxşı nəticə əldə edə bilməməsidir:

 

“Azərbaycan universitetlərinə qəbul ola bilməyən uşaqlar valideynləri tərəfindən xaricə göndərilir. Əvvəlki illərdə daha çox Türkiyə Ukrayna və Rusiya ölkələrinə müraciət edilirdisə, məlum səbəblərə görə hazırda Türkiyə universitetlərini seçənlərin sayı çoxalıb.

 

Müşahidələr onu göstərir ki, Türkiyədə və yaxud Ukraynada təhsil almaq üçün gedən tələbələrin 50-60 faizi təhsillərini yekunlaşdıra bilmirlər. Xaricə gedənlərin bir çoxu orada oxuya bilmir və saysız kəsirləri yaranır. Hətta elə tələbələr tanıyıram ki, 3-4 ildir 2-ci kursda təhsil alırlar. Çox zaman həmin gənclərin valideynləri bu vəziyyətdən xəbərsiz olurlar. Xarici ölkələrə təhsil almağa gedənlərin səbəblər sırasına hərbi xidmətdən bir neçə il yayınmaq da daxildir. Dövlət qanunvericiliyinə və təhsil haqqında qanuna görə istər ölkə daxilində, istər ölkə xaricində ali təhsil alan hər hansı bir Azərbaycan vətəndaşı hərbi xidmətdən bir neçə il azad olur. Valideynlərin bəziləri universitetə qəbul oluna bilməyən övladlarını əsgərlikdən bir neçə il yayındırmaq üçün xaricdə təhsil almağa göndərirlər".

 

R.Nurəliyev qeyd edib ki, bəzi valideynlər Azərbaycanda təhsilin vəziyyətini bəyənmirlər. Buna görə də övladlarını xaricdə təhsilə istiqamətləndirirlər:

 

“Onları inandırmaq olmur ki, Azərbaycanda yerləşən bir çox universitetdə təhsil səviyyəsi kifayət qədər yaxşıdır. Ölkəmizdəki ali məktəblər demək olar ki,xaricdən geri qalmır. Düzdür, hər zaman istisnalar olur. Bu tamamilə abituriyentin nəticəsindən və universitet seçimindən asılıdır.

 

Azərbaycan universitetlərində həyata keçirilən islahatlar, yeniliklər və s. barədə cəmiyyət, valideynlər, eləcə də abituriyentləri kütləvi olaraq maarifləndirmək lazımdır ki, Azərbaycandakı təhsilin heç də xaricdən fərqlənmədiyini görə bilsinlər. Universitetlər daimi olaraq fəaliyyətlərini sosial şəbəkələrdə və mediada işıqlandırmalıdır”.