Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 10:03:00
Universitet şəhərciyi tələbələr üçün hansı imkanları yaradacaq? - İZAH

Xəbər verdiyimiz kimi, Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması nəzərdə tutulur. Bu barədə məlumat Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Maraqlıdır, bu şəhərcik tələbələrə nə vəd edir? Onların intelektual cəhətdən inkişafına nə kimi töhvələr verə bilər?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

“Universitet şəhərciyi tələbələr arasında gözəgörünməz bağlılığa, millətlərarası anlaşmaya, mehribanlığa, səmimiyyətə aparan ən qısa yoldur”-deyə ekspert bildirib:

 

İlk növbədə qeyd edim ki, ölkə səviyyəsində universitetin missiyası biliklərin yaradılması, saxlanılması və yayılması yolu ilə cəmiyyət və şəxsiyyətin inkişafına, zənginləşməsinə nail olmaqdır. Region səviyyəsində isə universitetin missiyası regionun inkişafına dəstək vermək, regionun sosial-iqtisadi və mədəni inkişafına təkan verən xidmətlər təqdim etməkdir. Universitetin hansı xidmətlər təklif etməsindən asılı olaraq regionun gələcək inkişaf vektoru müəyyən edilə bilər.

Bir məqamı qeyd edim ki, universitet şəhərciyi müvafiq maddi-texniki bazaya və infrastruktura malik bir təhsil kompleksidir. Bütün dövrlərdə tədrisin keyfiyyətinə təsir göstərən ən əsas amillərdən biri tələbələrin məhz yaşayış şəraiti olub.

Təhsil kampusundan danışılanda ilk növbədə təhsil qurumlarına aid tədris korpusları və pansion, yataqxana, yeməkxana, laboratoriya, kitabxana, idman zalı, sağlamlıq mərkəzi, eləcə də konfrans salonu və s. başa düşülür.

Mən kampusa tələbə üçün ən əlverişli məkan deyərdim. Əgər hər hansı bir ölkə öz tələbəsini daha fəal, daha ciddi, daha diqqətli olmasını istəyirsə, ilk növbədə onun harada yaşamasının qeydinə qalmalıdır. Məsələnin mahiyyəti təkcə bununla bitmiş olsaydı, onda "yataqxana var”,- deyə kampuslara ehtiyac qalmazdı”.

 

K.Əsədov bildirib ki, kampus təkcə bina tikib istifadəyə vermək kimi başa düşülməməlidir. “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında kampusların yaradılmasının təşviqi ayrıca yer almışdırsa, deməli bu mövzu təhsil səviyyəsinin yüksəlməsində həqiqətən də çox önəmli mahiyyət daşıyır.

Ali təhsil ocaqlarının kampuslara malik olması bölgələrdən və xarici dövlətlərdən təhsil almağa gələn tələbələrin harada məskunlaşacağı problemini avtomatik həll edir. Nəticədə tələbə qızıldan qiymətli olan təhsil illərini məişət problemlərinin həllinə sərf etməkdən azad olur. Tələbəyə lazım olan hər bir sahəni özündə birləşdirən kampusun  özəyini tədris korpusları  təşkil edir.

Dünya standartlarına   uyğun gələn, müasir tələblərə cavab verən kampuslara malik ali təhsil müəssisəsində oxumaq bu günün tələbəsinin başlıca arzusudur.

Təbii ki, yeni yaradılacaq kampuslarda yerli tələbələrimizlə birlikdə əcnəbi tələbələr də məskunlaşacaq. Kampus elə bir məkandır ki, burada bütün tələbələr bir-biri ilə eyni ailənin doğma övladları kimi mehriban davranır, bir-biri ilə ünsiyyət qurur, dostluq edir, birlikdə idmanla, kompüterlə, müxtəlif  intellektual fəaliyyət növləri ilə məşğul olurlar. Bu da onların dünyagörüşünün sürətli inkişafına təkan verir.

Tələbə nəinki təhsili ilə, həmçinin gündəlik məişəti ilə də bağlı özünə lazım olan hər bir şeyi kampus daxilində tapa bilir. Universitetin kampus məkanında yerləşməsi mahiyyətcə çox önəm daşıyır. Kampusu tələbə şəhərciyindən fərqləndirən cəhət onun əhatə dairəsinin çoxşaxəli və çoxçeşidli olmasıdır.  Müasir kampusda elektron kitabxanalar, elmi laboratoriyalar, kompüter mərkəzləri, tələbələrin  idman  növləri ilə məşğul olması  üçün klublar, stadionlar, üzgüçülük hovuzları, dərnəklər, tibb məntəqələri, alış-veriş mərkəzləri, poçt və s. fəaliyyət göstərir”.

 

“Tələbənin Bakıda yaşaması üçün ən azı bir çarpayılıq, bir masalıq, bir kətillik otağının olması zəruridir”: “Çoxsaylı tələbələr üçün yaradılan və ya yaradılacaq kampuslar dünya standartlarına cavab verməlidir. İnkişaf etmiş ölkələrdəki beynəlxalq universitetlərin çox böyük əksəriyyəti öz kampusuna malikdir. Kampusu olan ali təhsil müəssisəsində oxumaq hər bir gəncin arzusudur. Çünki kampusa malik universitetlərdə tələbələrin istifadəsində kitabxana, kompüter otaqları və laboratoriyaların olması onların  fikrini müəllimlərin diqqət və qayğısının əhatəsində tamamilə təhsilə yönləndirə bilir.

Əgər tələbənin məqsədi oxumaq, biliyini artırmaqdırsa, deməli bu yolda ona əngəl yaradan bütün mövcud problemlərin aradan qaldırılmasına nail olmalıyıq. Müasir tələbənin ehtiyacını ödəyən hər bir şey kampus daxilində mövcud olduğu üçün tələbələr orada özünə dərsdən kənar və ya dərslə bağlı məşğuliyyətlər də tapır. Bu da onların təhsillə yanaşı həm də sosial həyatda digər tələbələrlə bərabər addımlaya bilmələrinə imkan yaradır.

Tələbələrin  təhsil almaq, tədris prosesində bal toplamaq, imtahanlara hazırlaşmaq, kitabxanalarda mütaliə etmək, dərslikləri araşdırmaq  qayğıları ilə yanaşı, üstəlik həm də məişət qayğıları var. Axı, rayondan və ya əcnəbi ölkələrdən  paytaxta oxumağa gəlmiş tələbənin kirayə evə ehtiyacı var.

Universitetlərin böyük əksəriyyətinin hələ də kampusunun olmaması orada təhsil alan tələbələrin kirayə evə olan ehtiyacı ilə nəticələnir. Bu isə, hər şeydən əvvəl, həm tələbənin vaxtının itməsinə, həm də onun bir növ təhsil mühitindən yayınmasına səbəb olur. Məhz bu nüans üzərində ciddi düşünmək lazımdır ki, kirayə evlərdən yalnız tələbələr deyil, əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri də istifadə edir. Odur ki, tələbələrin bəzən xarakterində təzahür edən ən gözlənilməz dəyişikliklərin səbəbini, məncə, ilk növbədə onların tələblərinə cavab verməyən, mühiti naməlum olan kirayə evləri tutmağa vadar olması faktında  axtarmaq lazımdır.

Əksər tələbələr paytaxtdakı tələbə yataqxanalarında yer tapa bilməməsi səbəbindən kirayə mənzillərə üz tuturlar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində yurd-yuvasından perik düşən soydaşlarımızın 20 ildən artıqdır ki, Bakıdakı tələbə yataqxanalarında sığınacaq tapması dövlət ali təhsil ocaqlarında təhsil alanları  kirayə evdə qalmaq məcburiyyəti ilə üz-üzə qoyub. Ona görə də Təhsil Strategiyasında göstərildiyi kimi bu problemin həlli üçün kampusların yaradılmasının təşviqi  günümüzün ən vacib və təxirəsalınmaz tələbi,  operativ surətdə həllini gözləyən bir vəzifədir”.

 

Ekspert bildirib ki, kampusda yaşayan tələbə üçün əcnəbi və ya yerli olmaq o qədər önəm daşımır: “Beynəlxalq təhsil sistemindəki, qabaqcıl universitetlərdəki kampusların daxilində, ilk növbədə, tədris korpusları, daha sonra pansion, yataqxana, yeməkxana, laboratoriya, kitabxana, idman zalı, üzgüçülük hovuzu, tennis kortları, masa tennisi, futbol, voleybol, basketbol,  həndbol, bilyard salonu, sağlamlıq mərkəzi, konfrans salonu, gözləmə zalı və s. ilə yanaşı, Botanika parkı, süni şəlalə, göl, yağmur və tullantı sularının yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi  sistemləri, günəş enerjisindən isti su əldə etmək üçün cihazlar, alış-veriş mərkəzləri, restoranlar, kafelər və hətta metro stansiyaları da var.

Həyata və yaşama fərqli baxış, müstəqil olmağa köklənən həyat təcrübəsi, müxtəlif sahələrində oxuyan tələbələrlə dostluq münasibətləri qurmaq, ətrafdakılara qarşı mehribanlıq, şəxsi münasibətlər baxımından fərqli və azad düşüncə tərzi, tələbə həyatının həm maraqlı, həm də müəyyən həyat imtahanından keçirən özəllikləri, kitabxanada keçən saatlar, fərqli mühit və fərqli adətlər kampus həyatının fraqmentləridir.

Xarici ölkələrdə kampus daxilində keçirilən idman yarışmalarında qalib gələn tələbələrə hətta müxtəlif məbləğli təqaüdlər də təyin edilir.

Bütün dünyada qəbul edilmiş bir səviyyədə təhsil almaq istəyən hər tələbə öz gələcək hədəflərinə doğru ağılla, məntiqlə, inamla silahlanaraq addımlamalıdır”.