Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 10:39:00
DİM- dən abituriyentlərə ÇAĞIRIŞ: “...öz məlumatlarınızı qeyd edin”
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapır.
 
 
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən AzEdu.az-a bildirilib ki, bir çox hallarda abityuriyentlər şəxsi kabinetlərini özləri yaratmır. 

 

"Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə etmək üçün şəxsi kabinet yaratmaq tələb olunur. Müşahidələr göstərir ki, bir çox şəxslər kabineti özləri yaratmır və bunun üçün başqalarına müraciət edirlər. Həmin şəxslər də kabinet yaradan zaman kabinetin əlaqə məlumatları (telefon nömrəsi və e-mail ünvanı) hissəsinə öz məlumatlarını daxil edirlər. Bu isə gələcəkdə müəyyən problemlər yaradır. Belə ki, bəzi hallarda Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan iştirakçılarının şəxsi kabinetlərində olan əlaqə nömrəsinə sms vasitəsilə bildiriş göndərilir. Bildiriş şəxsi kabineti yaradan şəxsin nömrəsinə getdiyi üçün imtahan iştiraçısının bildiriş barədə məlumatı olmur. Bundan əlavə, bir sıra hallarda DİM tərəfindən imtahan iştirakçısı ilə əlaqə saxlamaq lazım olur. Ancaq şəxsi kabinetdə olan nömrənin sahibi həmin şəxsi tanımadığını bildirir".


DİM abituriyentlərə çağırış edərək vurğulayıb ki, kabinet yaradarkən orada özlərinə məxsus əlaqə vasitələrini qeyd etsinlər.

 

"Bu vaxta kimi şəxsi kabinet yaratmış və orada başqa şəxsə məxsus əlaqə məlumatları qeyd olunmuş şəxslərə də tövsiyə edirik ki, şəxsi kabinetlərinə daxil olub, əlaqə vasitələrini dəyişsinlər. Bunun üçün şəxsi kabinetdə “əlaqə məlumatları” hissəsində özünüzə məxsus məlumatları qeyd edirsiniz. Bundan sonra qeyd etdiyiniz nömrəyə smslə kod göndərilir. Həmin kodu müavfiq sahəyə daxil edib, əlaqə məlumatlarınızı yadda saxlayırsınız".