Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 10:19:00
Türkiyə-Azərbaycan Universitetini yüksək bal toplayanlar seçəcəklər

Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli mediaya açıqlaması zamanı bildirdi ki, Türkiyə-Azərbaycan Universiteti fərqli proqram əsasında ən yaxşı təhsil, tədqiqat müəssisəsi kimi fəaliyyət göstərəcək.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova AzEdu.az-a danışıb.

 

Şura sədri bildirib ki, birgə universitet yaratmaq alqışlanası məsələdir, lakin qarşıya qoyulan məqsədlərin reallaşdırılması təbii ki, çətindir:  

 

“Madam ki, biz tədqiqat xarakterli universitet formalaşdırırıq, düşünürəm ki, oraya yanaşma forması da dəyişməlidir. Bizim universitetlərin bir çoxunda tədqiqat metodikası demək olar ki, ürəkaçan deyil. Ayrı-ayrılıqda, ADA, BANM kimi universitetlərdə tədqiqat işləri aparılır. Ancaq sosial tədqiqat, eləcə də texnoloji sahələr üzərində aparılan yeni proqramların hazırlanmasına yönəlmiş pozitif məqamlar çox deyil.

Müxtəlif kiçik səpkili tədbirlər görülür. Türkiyə ilə birlikdə böyük beynəlxalq tədbirlər və sərgilər keçirilir. Hansı ki, bu tədbirlərdə universitetlər, məktəblər öz kiçik layihələrini təqdim edirlər, amma ali məktəbin tədqiqat xarakterli olması  bizim həmişə üzərində durduğumuz məsələdir. Bizdə elmlə məşğul olmaq, elmin populyarlaşması təəssüf ki, istədiyimiz səviyyədə getmir. Çünki elmi dərəcə almaq, eləcə də alim olmaq Azərbaycanda çətindir. Ona görə ki, həm informasiyaya çıxış, həm də şəxsin aldığı biliyi harada tətbiq edəcəyi məsələsi var.  

Xarici universitetlərin əksəriyyətində tələbələr I kursdan etibarən təcrübəyə gedirlər. Mütləq şəkildə həmin dönəmlərdə onların praktiki bacarıqları formalaşmalıdır. Bizdə isə bu proses formal xarakterlidir”.

 

G.Səfərova qeyd edib ki, Azərbaycanlı tələbələrin bilik səviyyələri daha yüksəkdir:

 

“Bəlkə də gələcəkdə universitetlər tədqiqatları öz bazasında formalaşdıracaq və beləcə istənilən özəl sektorlar, xarici investisiya qoyan qurumlar üçün araşdırma aparıb, sosial, elmi texnoloji tədqiqat aparmaq imkanına malik olacaq. Türkiyənin ali məktəbləri bu baxımdan bizdən irəli olsa da, biz türk professor və müəllimlərlə danışdıqda onlar bildirirlər ki, azərbaycanlı təbələrin bilik səviyyələri daha yüksəkdir. Bu da birbaşa ümumtəhsil məktəb bilgilərinin şagirdlər tərəfindən güclü mənimsənilməsindən qaynaqlanır. 

Ancaq əsas məsələ ondan ibarətdir ki, tələbə universitetdə bilik və bacarıq əldə etsin ki, əmək bazarına təcrübəli kadr kimi daxil olsun. Biz həmişə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını arzulayırdıq. Təbii ki, hələ də gec deyil. Universitetdə texniki-texnoloji ixtisasların üstünlük daşıyacağı sevindirici haldır, çünki Türkiyənin hərbi sənaye sahəsində kifayət qədər uğurları var. Niyə görə bunu Azərbaycan da davam etdirməsin? İstehlakçıdan istehsalçıya çevirilməyimiz üçün kifayət qədər bazamız var. Bu baxımdan düşünürəm ki, bu çox yaxşı istiqamətdir, amma istədiyimiz keyfiyyəti əldə etmək bir qədər zaman alacaq”.

 

“Əminəm ki, texnoloji sahəyə marağı olan, yaxşı oxuyan, yüksək bal toplayan abituriyentlər Türkiyə-Azərbaycan Universitetini seçəcəklər”,-deyə Şura sədri vurğulayıb:

 

“Məktəbliləri, xüsusən də X-XI sinif şagirdlərini bu istiqamətləri seçmələri üçün hədəfləndirmək, onlara uğurlu nümunələri təqdim etmək lazımdır. İctimai Şura olaraq hər zaman belə bir universitetin açılmasını istəmişik. Çünki müşahidələr onu göstərir ki, tələbə universitetdən bilik alır, amma səriştəsi yoxdur.

Düzü, bunun ballara nə dərəcədə təsir edəcəyindən danışmaq tezdir, amma prioritetlər bu qədər yüksəkdirsə, o qədər də yaxşı oxuyanlar buraya cəlb olunmalıdırlar. Nəhayətində də elmi laboratoriyalar formalaşa, sınaqlar keçirilə, yeni istehsallar, kompüter proqramları yarana bilər”.