Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 12:41:39
Qabaqcıl ölkələrin təhsil innovasiyalarını Azərbaycanda tətbiq etmək risklidir

“Bizim təhsil özünəməxsus, spesifik xüsusiyyətlərə malikdir. Qabaqcıl ölkələrin təhsil innovasiyalarını olduğu kimi Azərbaycan reallığında  tətbiq etmək müəyyən qədər risklidir”

 

Bu fikirləri təhsil üzrə mütəxəssis İlham Əhmədov AzEdu.az-a açıqlaması zamanı söyləyib.

 

Bildirib ki, təhsildə hər hansı bir yenilik irəli sürüləndə, ictimaiyyət üçün çox vaxt bu gözlənilməz olur.

 

“Bu yeniliyin tətbiqindən az sonra məlum olur ki, sözügedən ideya bizim təhsilin inkişafına heç nə vermədi. Əvvəlcədən heç kəs yeni ideyaların faydalı olub-olmayacağı barədə təminat verə bilmir.

 

Reallaşacaq bütün dəyişikliklər təhsil strategiyasında, müvafiq yol xəritəsində öz əksini tapmalıdır. Təhsil ictimaiyyəti də bilməlidir ki, yaxın illərdə hansı yeniliklər ola bilər. Məsələn, filan ildə, filan işlər görüləcək,  filan nəticələr alınacaq.

 

Bizdə isə çox vaxt gözlənilmədən hər hansı təklif verilir. Məlum olmur ki, bu təklif necə formalaşıb, kimlər hazırlayıb, hər hansı  elmi ekspertizadan keçibmi, kimlər rəy verib, bunun icra mexanizmi varmı, bu təklifin nəticəsi nə olacaq və s.”.

 

Ekspert bildirib ki, xarici ölkələrin təhsil yeniliklərini yerli təhsil mühitinə uyğunlaşdırmaq lazımdır:

 

“Bəzən hər hansı xarici ölkədə yaradılan və  tətbiq edilən bir innovasiyanı elə olduğu kimi bizə transfer etmək istəyirlər. Bizim təhsil özünəməxsus, spesifik xüsusiyyətlərə malikdir. Qabaqcıl ölkələrin təhsil innovasiyalarını olduğu kimi Azərbaycan reallığında  tətbiq etmək müəyyən qədər risklidir, onu yerli təhsil mühitinə uyğunlaşdırmaq lazımdır. Bu innovasiyanın olduğu kimi tətbiqinin səmərəli olması az ehtimallıdır. Çünki inkişaf səviyyəsi, mühit, icraçılar, normativ baza, resurslar, maliyyələşmə siyasəti fərqlidir.

 

Yaxşı olar ki, ölkənin elmi əsaslarla hazırlanmış təhsil strategiyası olsun və orda bütün məqamlar 3-5 il əvvəldən qeyd olunsun. Bu halda təhsil ictimaiyyəti, alimlər, ekspertlər bugünkü və gələcək addımları vaxtında izləyə bilərlər”.