Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 13:26:00
Valideynlər üçün SOS: Övladlarınızı ağıllı telefonlar “tərbiyə edir”

Bəzən ümumtəhsil müəssisələrində şagirdlərin məktəb qaydalarına riayət etmədikləri və qeyri-etik davranışlar sərgilədikləri müşahidə olunur.

 

Bəs bu cür davranan şagirdlər üçün hansı tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli bildirib ki, bu gün şagirdlərin məktəblərdə davranış qaydalarına uyğun hərəkət etməməsi kütləvi hal alıb:

 

“Bu ilin əvvəlində Elm və Təhsil Nazirliyinin təlimatı ilə məktəblərdə şagirdlərin davranış qaydalarını nizamlamaq üçün sarı, qırmızı və yaşıl kart tipli metoddan istifadə edilməsi tapşırıldı. Burada əsas məqsəd təhsilalanların qeyri-etik davranışlarının qarşısını almaq idi. Amma təəssüflər olsun ki, bu metod özünü doğrultmadı”.

 

Həmsöhbətimiz qeyd edib ki, uşaqların tərbiyəsinə təsir edən ən böyük amil internetdir:

 

“Elə bir dövrə gəlib çatmışıq ki, bu gün şagirdləri valideynlər deyil, planşetlər, smart telefonlar “tərbiyə edir”. Bu məsələ ailə tərbiyəsindən kənardır. Bu səbəbdən şagirdlər məktəbdə qeyri-etik davranış sərgiləyir, söyüşlü ifadələrdən istifadə edirlər. Ümumilikdə bu proses şagirdlərin bir-birinə qarşı psixoloji şiddət göstərməsinə də gətirib çıxarır. Bu məsələ Bakı ətrafı kənd və rayonlarına sirayət edir. Əvvəllər kənd məktəblərində bu hallar müəyyən qədər qorunurdu. Lakin planşetin, smart telefonun təsirindən, internetlə yaxın təmas artıq uşaqları tədrisdən həm kütləvi yayındırır, həm də qeyri-etik davranışlara gətirib çıxarır”.

 

Son olaraq M.Məmmədli söyləyib ki, məsələ ilə bağlı mədəni-kütləvi tədbirlərin sayı artırılmalıdır:

 

“Şagirdlərin bir arada toplaşıb sosialllaşması lazımdır. Bunun üçün bir mexanizim düşünülüb hazırlanmalıdır. Əvvəllər şagirdlərin kobud davranış kimi hallar yuxarı siniflərdə baş verirdisə, indi artıq aşağı siniflərə də müşahidə edilir. Elm və Təhsil Nazrliyi, İctimai şuralar və digər çoxillik təcrübəsi olan  mütəxəssisləri bu məsələyə cəlb etməklə müəyyən təkliflər müzakirə oluna bilər”.