Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 10:13:00
Təklif: “Qarabağda çalışacaq müəllimlərin maaşı artırılmalıdır”

Bərpa olunacaq Qarabağ Universitetində 24 müxtəlif yönümlü ixtisasın tədrisi ilə bağlı ictimaiyyətə açıqlama verildi. Buraya müəllimlik, mühəndislik, iqtisadiyyat və s. sahələr daxildir.

 

Bəs, görəsən daha hansı ixtisasların tədrisinə ehtiyac duyulur? Ümumiyyətlə Azərbaycanda ilk dəfə hansısa ixtisasın tədrisi Qarabağ Universitetində aparıla bilərmi?

 

Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert Qarabağ Universitetinin yaradılmasının ölkəmizə verəcəyi töhfədən bəhs edib: “Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti kimi adlandırılması çox böyük hadisədir. Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: birincisi, dövlətçiliyə dəstək rakursundan; ikincisi azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək; üçüncüsü isə tədrisin keyfiyyəti rakursundan. Qarabağ Universiteti, bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq.

İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmin ərazilərdə sürətlə məskunlaşmasına, xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarının təhsil almasında şəraitin yaxşılaşdırılması üçün vacibdir.

 

Hər kəsə məlumdur ki, ölkə başçısı cənab İlham Əliyevin hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir”.

 

K.Əsədov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq müəllimlərin əməkhaqlarına əlavələr edilməlidir: “İşğaldan azad olunmuş ərazilərdə əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Həmin ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatananlılığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, indiki halda ora gedəcək müəllimlər ilkin olaraq həmin ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əməkhaqlarına xüsusi əlavələr edilməlidir. Məşğulluğun aradan qaldırılması baxımından eyni zamanda prioritet mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər. Düşünürəm ki, qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələri(məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsilalma imkanı əlçatan olsun”.

 

 

Ekspert təklif edir ki, birinci mərhələdə azad olunmuş ərazilərə köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərinin yaradılması lazımdır: “Birdən-birə böyük orta təhsil müəssisələrinin salınması həm uzun vaxt aparacaq, həm də tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. Qoşunlarımız tərəfindən azad edilmiş Qubadlının, Zəngilanın, Füzulinin ərazisində olan şagirdlərin, eyni zamanda növbəti mərhələli şəkildə işğaldan azad ediləcək Laçın, Kəlbəcər, Ağdamın məktəblilərinin sayını bilirik. Amma bütün hər kəs ora gedəcəkmi? Bu məsələ hələ də sual altında olduğuna görə təklifin birinci hissəsi budur ki, ilkin mərhələdə Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçında və Ağdamda, işğaldan azad edilmiş digər kənd və qəsəbələrdə modul tipli məktəblər yaradılsın. Beləliklə də təhsilalanların təhsil hüquqları pozulmasın.

 

İkinci mərhələdə Azərbaycan hökumətindən xahiş edir, bəlkə də tələb olaraq qeyd edirəm ki, Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərdə bir neçə ali təhsil müəssisəsi açılmalıdır.  Gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq.

 

Təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır.

 

Xankəndində fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaqdır. Bu brendin özəllilikləri kimi "tələbə mərkəzli" universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın "təhsil izi", XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet, "Smart universitet", Şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, "Qarabağ" güclü bir universitet brendi olacaq.

 

Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır.

 

Üçüncü olaraq İqtisadiyyat Universiteti, onun filialları,həmçinin hüquq fakültəsi,Polis Akademiyası açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi.

 

Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axının qarşısını almağa  kömək edəcək. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır. Bu sahədə aparılan işlərin yüksək tempi ona əsas verir ki, infastruktur dəyişiklikləri gedir, sadəcə bu sahədə irəliləyiş zamana bağlıdır”.

 

 

Həmsöhbətimiz vurğulayıb ki, rəhbər postlara mütləq şəkildə azərbaycanlı kadrlar cəlb  olunmalıdır:

“Prezident qeyd edib ki, gələcəkdə ermənilər də bizimlə birgə yaşaya biləcək. Sovet dönəmində istər Bakıda, istərsə də digər böyük şəhər və bölgələrdə bir çox vəzifələrdə kadrlarımız az idi, daha çox ermənilər təşkil edirdi. Çünki ermənilər öz uşaqlarını universitetlərə göndərəndə biz daha çox kənd təsərrüfatı ixtisaslarına meyillənmişdik.

 

Üçüncü təklifimiz peşə müəssisələrinin və kolleclərin açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır. Həmçinin uşaq bağçalarının açılması bizim növbəti mərhələ üçün təklifimizdir. Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Hesab edirəm ki, işğaldan azad edilmiş və azad olunacaq ərazilərdə təhsil tamamilə yeni formatda qurulmalı, hökumət bu məsələni birinci məsələ olaraq ortaya qoymalıdır.

 

Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”.