Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 10:47:48
PMS imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 17-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1117 (KOSS -327, MHBS-397, İSMUBS-393) nəfər müraciət edib.

 

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

 

Üç saat davam edəcək imtahanda namizədlərə 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

 

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik kitabça ilə mütləq tanış olsunlar.

 

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 6 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 103 nəzarətçi müəllim, 15 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.