Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 11:06:40
MİQ-lə işə qəbul olunan müəllim təyinatdan imtina edirsə… - Nazirlik hansı tədbirlər GÖRÜR?

Araşdırmalara görə, Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək yuxarı bal toplayan və vakant yer seçən bəzi namizədlər ən sonda müxtəlif bəhanələrlə təyinat aldıqları məktəblərə getmirlər. Ya məktəbdəki şəraiti görəndən sonra orada işləməkdən imtina edirlər, ya təhsil ocağına gedib çatmağın çətinlikləri onları qorxudur, ya da digər səbəbləri əsas gətirilər.


Həmin müəllimlərin bu cür hərəkəti nəticəsində həm vakant yer dolmur, həm də həmin məktəbi seçən, amma təyinatdan kənar qalan digər müəllimlərə haqsızlıq olur.


Maraqlıdır, təyinat yerinə getməyən MİQ iştirakçıları barədə hansı tədbirlər görülür? Əgər vakant yeri seçən ən çox bal toplamış namizəd təyinat aldığı məktəbə getmirsə, siyahıda ondan sonra gələn ikinci namizədə daimi təyinat verilə bilərmi?

AzEdu.az saytı bu suallarla Elm və Təhsil Nazirliyinə müraciət edib.


Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu elektron sənəd qəbulu, test imtahanı, vakansiya seçimi və müsahibə mərhələlərindən ibarətdir:


“Test imtahanının minimum tələbini ödəyən namizədlər müddətsiz müqavilə ilə vakansiya seçimi edirlər. Nəzərinizə çatdırırıq ki, ilkin növbədə şəhid ailəsi üzvləri vakansiya seçimi edir. Vakansiya seçimində uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılır.  Müsahibə mərhələsindən uğur qazanan namizədlərlə müddətsiz əmək müqaviləsi bağlanılır. Müsabiqənin əsas turunda tutulmayan və boş qalan, həmçinin sosial məzuniyyət yerləri müddətli müqavilə ilə vakansiya seçiminə çıxarılır. Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmur. 

Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif edilir”.