Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-19 13:39:00
Bağçalara qeydiyyatdan keçmək niyə mümkün deyil? - Valideynlər narazıdırlar

 

Uşaqların bağçaya qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

 

Valideynlərin əksəriyyəti elektron qəbul zamanı yaranan texniki problemlərdən şikayətlənirlər. Onlar bu barədə Elm və Təhsil Nazirliyinə müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını qeyd edirlər.

 

AzEdu.az məsələ ilə bağlı valideynlərin ən çox şikayətləndirkləri məqamları və AzEdu-ya daxil olan şikayətlərin bir qismini təqdim edir:

 

"Mən 3 dəfə nazirliyə ərizə yazmışam, baxılmayıb. Sentyabrın 5-i işə çıxıram, amma övladımı heç bir bağçaya yerləşdirə bilmirəm. Bağçaya qeydiyyat açıldığı gündən Bakıxanov qəsəbəsində hər hansı bir bağça qeyd olunmayıb, göstərilir ki, bağçada yer yoxdur.

 

"Mənim qızım bağçaya onlayn qeydiyyatdan keçib və sıralamada 1-ci yerdədidir. Amma qızım bağçaya hələ də qəbul olunmayıb".

 

Valideynlərin bir qismi bəzi bağçaların ümumiyyətlə saytda göstərilmədiyini bildirir.

 

"Qeydiyyat zamanı bəzi bağçalar siyahıda göstərilmir. Məsələn, 266 saylı bağçanı siyahıda tapa bilmirəm".

 

Əksəriyyət elektron qeydiyyat zamanı səhifənin açılmamasından şikayətlənir.

 

"Biz övladımızı bağçaya qoymaq istəyirik və istədiyimiz bağçada boş yer var. Saytdan qeydiyyatdan keçmək istəyirik, amma sayt açılmır".

 

"Uşağı bağçaya yazdırmaq istəyirik, amma onlayn qeydiyyat alınmır, səhifə açılmır".

 

"Mən uşağı bağçaya qoymaq üçün onlayn qeydiyyatdan keçmək istəyirəm, amma sayt açılmır".

 

"Övladımı qeydiyyatdan keçirmək istəyirəm, lakin giriş etmək olmur".

 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz AzEdu.az-a ölkə üzrə elektron xidmətlərin problemlərindən danışıb: “Təkcə Elm və Təhsil Nazirliyi deyil, bütün ölkə üzrə elektron xidmətlərin keyfiyyətilə bağlı müəyyən problemlər var. Keyfiyyət dedikdə xidmətə müraciət, proseslərin həyata keçirilməsi və sonda xidmətin əldə olunmasının dayanıqlılığından, uğurla başa çatmasından söhbət gedir. Bəzən prosesi uğurla yekunlaşdırmaq olmur, ödəniş zaman problemlər yaranır, müəyyən qırılmalar olur,yenidən müraciət etmək lazım gəlir. Bunlar da xidmətin keyfiyyətiliyinə gətirib çıxarır”.

 

Mövzu ilə bağlı fikirlərini AzEdu.az-la bölüşən İnformasiya texnologiyaları məsələləri üzrə mütəxəssis Tural Sofuyev portalların müəyyən bir serverə bağlı olduğunu,yüklənmələrin isə müraciət sayına görə baş verdiyini qeyd edib: "Müraciət sayı serverin gücünə adekvat olmalıdır. Ona görə də qurumlar hansısa imtahan və ya ərizə qəbulu üçün qeydiyyata başlayanda qeydiyyatçıların təxmini statistikasını nəzərə alınmalıdır".

 

Məsələ ilə bağlı valideynlərdə olduğu kimi bizim də nazirliyə ünvamladığımız sorğular cavabsız qalır.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları