https://www.zirve.edu.az/
05.02.2020 11:55
 Universitetlərə imtahansız  qəbul olmaq istəyənlərin  nəzərinə -Yalnız bu şərtlərlə....

Ötən ildən qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən abituriyentlərlə  ixtisas seçimində (müsabiqədə) iştirak edir.

AzEdu.az xəbər verir ki, subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edirlər.

Yəni I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimininə qatılırlar. 

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar isə qəbul imtahanı verən abituriyentlər kimi seçdikləri komissiya üzrə ümumi qaydada qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

  1. Ümumi orta müvəffəqiyyət göstəricis (ÜOMG),
  2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı ya Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilib  ictimaiyyətə elan olunur.

Müsabiqədə iştirak ödənişsizdir.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Qeyd edək ki, ixtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc  olunur.