Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 16:44:22
UNEC-də heyrətamiz DƏYİŞİKLİKLƏR - İctimaiyyət nümayəndələrini təəccübləndirən faktlar...

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) son illər öz fəaliyyəti ilə digər ali məktəblərdən ciddi şəkildə önə çıxmaqdadır. Burada təhsil sisteminin düzgün təşkili, tədrisin keyfiyyətinin artıdırlması, gənclərin müasir elmi-pedaqoji biliklərə yiyələnməsi, müasir texnologiyaları mənimsəməsi, istedadlı gənc kadr potensialının formalaşması istiqamətində atılan ciddi addımlar hamı tərəfindən təqdir olunmaqdadır. Eyni zamanda, hansısa şəxsi marağa söykənməyən tələbə-müəllim münasibəti UNEC-də fəqli mühit yaradıb.
Bir sözlə, İqtisad Universiteti tələbələrin illərlə arzuladıqları təhsil ocağına çevrilib. Və görülən işlər sayəsində UNEC əvvəlki “Narxoz” adından tamamilə qurtulub.

İstisnasız olaraq deyə bilərik ki, İqtisad Universiteti indi ölkədə peşəkar kadrların yetişməsində müstəsna rol oynayır. 

Bütün bunlar isə təbii ki, UNEC-in hazırki rəhbərliyinin gərgin əməyi sayəsində mümkün olub. 

Lakin son zamanlar bəzi mətbuat orqanlarında UNEC, o cümlədən universitetin rektoru, professor Ədalət Muradov haqqında qərəzli məlumatlar  dərc olunur.  Dünyanın bir çox yerlərində Azərbaycanı layiqincə təmsil edən ali təhssil ocağı haqqında belə məlumatların tirajlanması şəxsi maraqlardan qaynaqlanır. Tanınmış ictimaiyyət nümayəndələri başda “Təzadlar” qəzeti olmaqla bəzi saytlarda tirajlanan qərəzli materiallara etiraz ediblər. 

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  AzEDU.az  açıqlamasında bildirib ki, UNEC-in hazırki fəaliyyəti haqda yalnız müsbət tonda danışmaq olar:

“Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin fəaliyyətini çox yüksək dəyərləndirirəm. Son vaxtlar bir neçə dəfə bu və ya digər formada UNEC-in tədbirlərində iştirak etmişəm, tələbələrlə ünsiyyətdə olmuşam. Azərbaycanda  hazırda bu universitet fəaliyyətinə görə çox fərqlənir. Ümumiyyətlə, UNEC-in fəaliyyəti ilə bağlı fikirlərim çox yüksəkdir. Onun rəhbəri isə kifayət qədər təhsilə, müasir elmə bələd olan insandır”.

Milli Məclisin deputatı  Fazil Mustafanın sözlərinə görə,bu gün Azərbaycanda nümunə, brend olaraq göstərilən əsas universitet məhz UNEC-dir:

“Və bu da birbaşa rektor Ədalət Muradovun obrazı ilə bağlıdır. O, həqiqətən də rektor obrazını dəyişdi. Mən onun yüksək səviyyədə keçirilən mühazirə proqramını dinləmişəm və tam əminliklə deyə bilərəm ki, Azərbaycanda məhz bu cür rektor obrazlarının ortaya çıxması universitetlərimizin nüfuzunu xeyli qaldıracaq. Eyni zamanda, universitetdə şəffaflıq, insanların açıq şəraitdə bilik almaq imkanlarını təmin etmək istiqamətində işlərin görülməsi təqdirəlayiqdir. Həmçinin UNEC-in qəbul prosesində də iştirak etmişəm və bu, mənə zövq verib.

İlk dəfə gerçək universitet modelinin yaranmasının şahidi olmuşam. Ona görə də UNEC-in fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, böyük uğurlara universitet məhz Ədalət Muradovun rektorluğunda öz imza atıb. Həqiqətən də bu cür yetkin, savadlı  insanların çox olması Azərbaycanın  təhsil səviyyəsini qaldıracaq”.


“525-ci qəzet”in baş redaktoru  Rəşad Məcid
 UNEC-də qısa müddət ərzində heyrətamiz işlərin görüldüyündən söz açıb:


“Son  illərdə bir neçə dəfə UNEC-in tədbirlərinə getmişəm. Bir dəfə də rektorun qəbulunda  tələbələrin şikayətlərini dinləmişəm. O cümlədən kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar UNEC-də olan zaman orda iştirak etmişəm. Açığı, İqtisad Universitetində baş verən hadisələrdən heyrətlənmişəm. Orda xalq arasında deyilən keçmiş “Narxoz”dan əsər-əlamət qalmayıb.

Əvvəllər belə bir təsəvvür var idi ki, həmin universitet bir balaca bazardır, orda hər şey pulla həll olunur. Lakin Ədalət Muradov rektor olandan sonra qısa müddət ərzində universitetdə heyrətamiz işlər görüldü. Həm tələbələrin özünə güvəninin bərpası, həm təhsilin keyfiyyəti, həm müəllimlərin fəaliyyət səviyyəsinin  inkişafı istiqamətində  əvəzolunmaz  işlər həyata keçirilib. Bu baxımdan qısa müddət ərzində hansısa universitetdə  böyük dəyişikliklərin baş verməsini görməmişəm, inanmazdım. Lakin UNEC bunun əksini sübut etdi”.

““Kaspi” qəzetinin baş redaktoru  İlham Quliyev deyib ki, UNEC-də mənfi hallara rast gəlmək mümkün deyil:

“Ümumiyyətlə, prosesləri müşahidə edərkən belə bir qənaətə gəlmişəm ki, son illər  bizim ali məktəblərin əksəriyyətində çox pozitiv hadisələr baş verir. Məsələn, mən Azərbaycan Dillər Universitetində İctimai Şuranın üzvüyəm və orda toplantılarda iştirak edir, imtahanların gedişi ilə əlaqəli müşahidələr aparıram. Bu baxımdan tələbələrin hüquqlarının qorunması üçün lazım olan addımlar atıldığını görürəm. Bunu digər universitetlərə, həmçinin UNEC-ə aid etmək olar. Pozitiv proseslərin başlanğıcı elə UNEC-dən start götürüb. Orda övladları oxuyan valideynlərlə, o cümlədən müəllimlərlə söhbət edərkən belə qənaətə gəlmək olar ki, universitetdə çox müsbət dəyişikliklər reallaşıb. Təbii, iş prosesində müəyyən nöqsanların olması mümkündür. Lakin əvvəlki İqtisadiyyat Universiteti ilə indiki UNEC-i heç cür müqayisə etmək olmaz.

İndi UNEC-in nüfuzunun artırılması ilə də bağlı mütəmadi olaraq addımlar atılır. O ki qaldı, son zamanlar mətbuatda gedən müəyyən yazılara, burada qərəz elementləri də ola bilər. Bəzən “reket jurnalistlər”in görülən işlərdən asılı olmayaraq öz maraqları üçün çalışdıqlarını görürük. Buna görə də bunlara çox diqqət yetirmək lazım deyil. Sağlam müstəvidə, ciddi mediada tənqid olduğu halda hesab edirəm ki, universitet rəhbərliyi onlara müsbət yanaşmalı, araşdırmalıdır. Tənqiddən qorxmaq lazım deyil. İstənilən hadisənin araşdırılması, həqiqətin üzə çıxarılması üçün iş aparılmalıdır.  Lakin mən kənar müşahidəçi, valideyn və media təmsilçisi  kimi İqtisad Universitetinin rəhbərliyinin işini müsbət qiymətləndirirəm və onlara uğurlar arzulayıram. Bu prosesin daha da davamlı olmasını diləyirəm”. 

Günay RƏSULQIZI