https://www.zirve.edu.az/
11.04.2018 10:30
BDU-nu qurmaq üçün Bakıya dəvət edilən dünyaşöhrətli, naməlum azərbaycanlı
Çap et

Vaxtilə Bakıda “Qızıl Professura” Evində çoxlu sayda maraqlı insanlar və alimlər yaşayıb ki, onların da əksəriyyəti dünya çapında tanınmış, məşhur insanlar olublar.

Belə adamlardan biri də Panteleymon Krestoviç Juze idi. Təəssüf ki, cavan nəsil xristian Şərqinin məşhur tarixçisi, dinşünası, müsəlman qanunları tədqiqatçısı olan bu şəxsi elə də yaxşı tanımır.

Panteleymon Juze (Bəndəli ibn Salıb əl- Cauzi) iyul ayının 20-də 1870-ci ildə Qüdsdə dünyaya gəlib. Əslən, Suriya ərəbi olub. Fələstin Cəmiyyəti yanında Nazarət Gimnaziyasını bitirib və bundan sonra həyatının çox hissəsi Rusiya ilə və daha sonra Bakı ilə bağlı olub.

1889-cu ildə Juze (Vifan monastrında) Vifan Dini Seminariyasına daxil olsa da,1892-ci ildə oranı öz istəyi ilə tərk edir. Elə həmin ildə də o, Moskva Dini Akademiyasına daxil olur. 3 kurs oxuduqdan sonra  başa düşür ki, müsəlmanlığın yaranması və inkişafına dair tarixin daha ətraflı öyrənilməsi üçün təhsilini Kazan Dini Akademiyasında davam etdirməsi daha münasibdir. Beləliklə, təhsilini davam etdirmək üçün Kazana köçür. Orada islamşünas və şərqşünas alim kimi formalaşaraq, həmin şərqşünaslıq məktəbinin ən parlaq nümayəndələrindən biri olur. 20 il Kazanda yaşayan alim “Yaxın Şərqdə xristianlıq problemləri” adlı elmi işi üzərində işləyir.

Panteleymon Juze fransız, alman, ingilis, yunan dillərilə yanaşı, tatar, türk və ərəb dillərini də mükəmməl bilirdi.

30120334_1701747836529336_332465133_n.jpg

Juze 1912-1914-cü illərdə Kazanda (1898 və 1907 –ci illərdə yazdığı) “Yaxın Şərqdə xristianlıq problemləri”nə aid elmi işlərinin iki fraqmentini fransızcadan tərcümə edir. Bu elmi işləri çox ciddi tarixi mənbələrə əsaslanaraq yazıb. 1913-cu ildə Kazan Dini Akademiyasının fransız dili üzrə ştatlı müəllimi təyin olunur.

Oktyabr çevrilişindən (1917-ci il) sonra Juzenin həyatı və elmi yaradıcılığı Azərbaycanla bağlı olur. O, Azərbaycana Bakıda universitetin təsis edilməsi üçün dəvət olunur. 1920-ci ildə ailəsilə birlikdə (alimin ailəsi 7 uşaqdan ibarət idi (bir qızı Nina isə körpə ikən vəfat etmişdi) Bakıya gəlir və burada karyerasında və elmi fəaliyyətində böyük uğurlar qazanır.

1921-ci ildə alim ərəb dili üzrə doktorluq dərəcəsi alır. 1922-1926-cı illərdə o, Azərbaycan Dövlət Universitetində Şərq fakultəsinin dekanı, Yaxın Şərq xalqlarının etnoqrafiyası və tarixi kafedrasının müdiri vəzifələrində çalışır. 1937-ci ilədək Juze ADU-nin ərəb dili və ədəbiyyatı kafedrasının professoru olur. Onun təşəbbüsü nəticəsində ADU-nin Şərq şöbəsində 2 şöbədən ibarət Şərq fakültəsi yaradılır ki, bu fakültədə tarix və dilçilik tədris olunurdu.

Panteleymon Juze Bakıda 20 ildən çox yaşamış və ömrünü burada başa vurur. Maddi çətinliklərə baxmayaraq (ərzaq və pul çatışmazlığı) alim Bakıda çoxlu dostlar qazanır  və ömrünün sonunadək onlarla sıx əlaqədə olur. O, 19 yanvar 1942-ci ildə vəfat edir.

1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı onun ölkəmizə gəlişini sürətləndirmişdi. Qurultayda Şərqin tarix və mədəniyyətinin öyrənilməsi zəruriliyi vurğulanmış, bu istiqamətdəki tədqiqatların Bakı Universitetində mərkəzləşdirilməsi tövsiyə olunmuşdu. Alimin oğlu, tanınmış sovet fiziki, professor V.P.Juze yazırdı: “1920-ci ildə atam Şərq xalqları şurasından  Qazandan Bakıya köçmək və Şərq fakültəsinin qurulmasında iştirakla bağlı dəvət almışdı. O zaman Bakıda belə fakültə yox idi. Atam dəvəti qəbul etdi. Həmin dövrdə Bakı universiteti zəif idi. Sonralar isə SSRİ-nin yardımı ilə güclü və məşhur ali məktəbə çevrildi”.

Taleyin qəribə təsadüfü nəticəsində Juze Azərbaycana səkkiz il əvvəl də gələ bilərdi. 1912-ci il iyulun 5-də Şərq dilləri və müsəlman həyatına bələdliyini nəzərə alan Maarif  Nazirliyi onu Yelizavetpol  quberniyası xalq təhsili məktəblərinin inspektoru təyin etmişdi. Vəzifənin yüksəkliyinə baxmayaraq elmi fəaliyyəti daha üstün tutduğundan alim bir ay sonra bu təklifdən imtina etmişdi. Əslində, Juzeni Bakıya gətirən səbəb təkcə elmin inkişafına töhfə vermək istəyi deyildi. Vətəndaş müharibəsinin, anarxiya, aclıq və ehtiyacın hökm sürdüyü Volqa boyunda yaşamaq son dərəcə çətin idi. Xüsusən də Juze kimi böyük ailə sahibi dolanışıq ağırlıqlarını daha çox hiss edirdi. Bakı isə həmişəki kimi “çörəkli şəhər” idi. Burada həm sevimli məşğuliyyəti davam etdirmək, həm də aclığın Damokl qılıncı kimi ailənin başı üzərindən asılmayacağından arxayın yaşamaq imkanı vardı.

Qızı Anastasiya Juze xatirələrində Bakı səfərini belə təsvir edirdi: “Ailəmizin Qazandan yola çıxmasını çox yaxşı xatırlayıram. Atam, anam və biz – yeddi uşaq gəmi ilə Həştərxana gəldik. Sonbeşik Olyanın 5, mənim 15 yaşım vardı. Səfərin əksər təəssüratları indi yadımdan çıxıb. Ancaq nə qədər utandırıcı olsa da, naharı səbirsizliklə gözləməyimiz və yediyimiz şorbanın dadı indi də xatirəmdədir. Anamın gəminin alt qatında hazırladığı bu yemək Qazanda çəkdiyimiz aclıqdan sonra bizə olduqca ləzzətli görünürdü”.

Bakıya gəldikdən az sonra P.Juze universitetin tarix-filologiya fakültəsinin Şərq şöbəsində işə başlamışdı. Universitet elmi şurası xidmətlərini nəzərə alaraq 1921-ci ildə onu ərəb filologiyası kafedrasının professoru təyin etmişdi. Buradakı demokratik mühit ərəb mənşəli alimin missioner ideyalarından uzaqlaşmasına, özünü tamamilə tarixi tədqiqatlara həsr etməsinə imkan yaratmışdı. Bakı Universitetinin Şərq fakültəsinin açılması professor Juzenin adı ilə bağlıdır. Həmin dövrdə ilk ali məktəbimiz tibb və tarix-filologiya fakültələrindən ibarət idi. Sonuncu öz növbəsində tarix, ədəbiyyat və Şərq şöbələrindən təşkil olunmuşdu. Fəaliyyətinin altıncı ayında Juze, Azərbaycan gerçəkliklərini nəzərə alaraq Şərq şöbəsinin müstəqil fakültəyə çevrilməsi ilə bağlı məsələ qaldırmış və bir il sonra məqsədinə nail olmuşdu. Yeni elm və tədris qurumu ilə bağlı hazırladığı “İzahat qeydi” ndə P.Juze yazırdı:

“Bakıda Şərq fakültəsinin açılmasını Yaxın və Orta Şərqin qovşağında, İran, Türkiyə və Orta Asiya arasında yerləşən, Volqa boyu və Ön Qafqaz xalqları ilə tarixi əlaqələrə malik Azərbaycanın son dərəcə uğurlu coğrafi mövqeyi bizdən tələb edir. Odur ki, Bakıda həmin ölkələrin öyrənilməsi üçün elmi müəssisənin yaradılması ideyası qanunauyğun bir şəkildə gündəliyə gəlir. Şərq fakültəsi üstəlik həm də Zaqafqaziyada maarifçiliyin yayılmasına xidmət edəcək. Bu da öz növbəsində regionda Azərbaycanın rolunun daha da artmasına təkan verəcək”.

Hazırladı: Elmin Nuri