Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 13:50:00
Macarıstan məktəbində Azərbaycana dair təqdimat keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov və səfirlikdə təcrübə keçən Samirə Rəhimova Sekeşfehervar şəhərindəki “Rakoçi Ferenç” adına ingilis dili təmayüllü məktəbin dəvəti əsasında bu şəhərə ezam olunublar.

AzEdu.az xəbər verir ki, tədbirdən öncə Emil Rəhimov məktəb tərəfindən dəvət olunmuş yerli televiziya kanalına qısa müsahibə verib və gəlişinin məqsədini açıqlayıb.

Sonra səfirliyin əməkdaşı 50 nəfərlik auditoriyanın qarşısında təqdimatla çıxış edərək, Azərbaycanın coğrafi mövqeyi, qədim tarixə malik zəngin mədəniyyəti, incəsənəti, mətbəxi, milli bayramları, cəlbedici turizm imkanları, habelə səfirliyimizin bu ölkədəki fəaliyyəti və Azərbaycan-Macarıstan münasibətləri haqqında ətraflı məlumat verib.

Diplomat çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Vətənimizin 20 faizdən çox ərazisinin işğal altında olması, 1 milyondan çox qaçqın və məcburi köçkünlərimizin öz yurdlarından didərgin düşməsi faktına xüsusilə diqqət çəkərək, istər Ermənistanda, istərsə də işğal olunmuş ərazilərimizdə mədəni, tarixi və dini abidələrimizin erməni vandalları tərəfindən dağıdıldığını, tolerantlıq nümunəsi olan Azərbaycanda isə müxtəlif millətlərin və dinlərin sülh və əmin-amanlıq şəraitində, əsrlərboyu birgə yaşadıqlarını bildirib.

Təqdimat şagirdlər tərəfindən maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

Sonra Novruz bayramının rəmzləri barədə ətraflı məlumat verilib və milli şirniyyatlarımızdan ibarət xonçalar səfirliyin adından şagird və müəllim heyətinə təqdim olunub.

Tədbir çərçivəsində məktəbin rəhbərliyi ilə görüş keçirilib və təhsil sahəsində əməkdaşlıq, o cümlədən iki ölkənin məktəbləri arasında əlaqələr qurulması imkanları müzakirə edilib.