Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 14:20:00
 “Doktorantların təqaüdü ən azı 500 manat olmalıdır” –AMEA-nın  İnstitut direktorları

 

“Vurğulamaq lazımdır ki, hətta artırılan təqaüd də hazırki şəraitdə yetərli deyil”Vaqif Fərzəliyev

“Doktorantlar üçün aylıq ən azı 500 manat ayrılsa, bəlkə normal tədqiqat işi apara bilərlər”İlham Məmmədli

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev AzEdu.az-a açıqlaması zamanı bildirib ki, təqaüdün yetərli olduğunu demək olmaz. Akademik bunun səbəblərini açıqlayır:

“Dövlət büdcəsinin vəsaiti hesabına, doktorantlar və magistrantların təqaüdünün artırılması, təbii ki, onların sosial rifah halının yaxşılaşdırılması deməkdir. Bu, önəmli addımdır  və çox ehtimal ki, gələcəkdə də cənab Prezident bu istiqamətdə addımlar atacaq. Bu ilkin addım elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox önəmlidir. Lakin vurğulamaq lazımdır ki, hətta artırılan təqaüd də hazırki şəraitdə yetərli deyil. Ümumiyyətlə, minimum yaşayış zənbilinin dəyəri bu təqaüddən yuxarıdırsa, təqaüdün yetərli olduğunu demək olmaz”.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədli də bu mövzudakı fikirlərini bölüşüb:

“Düşünürəm ki, bu artım təqdirəlayiq addımdır. Sadəcə, həyat şəraiti, ölkədəki qiymətlər elə bir səviyyədədir ki, alimin normal məşğul olması üçün, bu təqaüd , hesab edirəm, yetərli deyil. Doktorantlar üçün aylıq ən azı 500 manat ayrılsa, bəlkə normal tədqiqat işi apara bilərlər”.

Qeyd edək ki, fevralın 14-də Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir: 

- Doktorantura səviyyəsi üzrə: 

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat 

- ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat 

- Magistratura səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat