Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 06:39:28
Rektor dərs vəsaiti yazdı

Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın həmmüəllifi olduğu “Britaniya Uşaq Ədəbiyyatı” adlı dərs vəsaiti çap olunub.

Azedu.az xəbər verir ki, dərs vəsaitində ədəbi janrdan ümumi ədəbiyyatın bir sahəsinə çevrilən, sonrakı inkişaf mərhələlərində müstəqil uşaq ədəbiyyatı kimi dünya ədəbiyyatında özünəməxsus yer tutan Britaniya uşaq ədəbiyyatının ümumi mənzərəsi yaradılır. Kitabın digər müəllifi professor Şahin Xəlillidir.

İrihəcmli vəsaitə Britaniya uşaq ədəbiyyatı və poeziyasının tarixinə, inkişaf mərhələlərinə həsr olunmuş esselər, habelə klassik uşaq folkloru, Orta əsrlər, müasir poeziya nümunələri və ədəbi nağılların bir qismi daxil edilib. Kitabda ölkəmizdə az tanınan müəlliflərlə yanaşı uşaqların uzun illərdən bəri sevə-sevə oxuduqları əsərlər və onların müəlliflərindən də geniş söhbət açılır, Britaniya uşaq ədəbiyyatının Azərbaycanda öyrənilməsi məsələsinə də aydınlıq gətirilir. Vəsaitdə tərcümələrdən nümunələrin verilməsi praktik əhəmiyyət daşıyır. Bütün bu keyfiyyətlər kitabın elmi dəyərini xeyli artırır.

5 hissədən və 462 səhifədən ibarət kitab ali məktəblərin filologiya fakültələrinin bakalavriat pilləsində seçmə fənn kimi nəzərdə tutulan proqram əsasında hazırlanıb. Vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, rəyçiləri filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev, filologiya elmləri doktoru, professor Aynur Sabitovadır.

Dərs vəsaiti filologiya üzrə təhsil alan tələbələr, professor-müəllim heyəti və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

2018-02-25-20-50-59seadet-eliyeva-rektor.jpg