Həftə sonu II və III ixtisas qruplarının imtahanı var.
Xalq arasında belə bir inanc var ki, imtahanda stres yaşamamaq üçün mütləq acı şokolad yemək lazımdır. Daha sonra valideynlər imtahandan əvvəl övladlarına valerian kimi sakitləşdirici dərmanlardan istifadə etmələrini tövsiyə edirlər.
Hətta imtahana gələn uşaqların üzərində mütləq ürək və ya sakitləşdirici dərman olur. Bəzən isə bu dərmanlar normadan artıq qəbul edilir.
Maraqlıdır, bu inancların və dərmanların həqiqətən nə qədər faydası var?
AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova danışıb.
O, qeyd edib ki, bu dərmanlar diqqətin dağılması və yuxululuq kimi yan təsirlərə səbəb olur və imtahan nəticələrinə mənfi təsir göstərə bilər:
"Acı şokoladı mütləq yemək lazımdır deyə bir qayda yoxdur. Sadəcə, uşaqlarda əhval-ruhiyyənin müvəqqəti yaxşılaşması kimi qısamüddətli təsiri ola bilər. Lakin tərkibində yüksək miqdarda kofein, flavonoidlər və digər maddələr olduğu üçün çox istifadə olunması məsləhət görülmür. Klinik baxımdan desək, onun uşaqlarda stresi azaltdığını demək doğru olmaz. Sadəcə, psixoloji olaraq müəyyən "plasebo" effekti yarada bilər.
Valerian və digər sakitləşdirici vasitələrə gəlincə isə, ümumiyyətlə, məsləhət görülmür. Əksinə, onların sedativ və yuxugətirici təsiri var. Hətta imtahandan əvvəl verilməsi daha riskli hesab olunur. Bu dərmanlar diqqətin dağılması və yuxululuq kimi yan təsirlərə səbəb ola bilər və nəticədə imtahan nəticələrinə mənfi təsir göstərə bilər. Həyəcanı azaltmaq məqsədilə uşağın diqqətini zəiflədən və yuxu gətirən dərmanlardan istifadə etmək düzgün yanaşma deyil.
Valerian təhlükəli dərman hesab olunmasa da, imtahana gedən uşaqların üzərində mütləq ürək və ya sakitləşdirici dərman daşıması doğru deyil. Xüsusilə normadan artıq qəbul edilməsi daha təhlükəli nəticələr yarada bilər. Buna görə belə vasitələrin istifadəsi məsləhət görülmür. İmtahan stresini idarə etmək üçün ən effektiv üsul düzgün və disiplinli hazırlıqdır. Uşaqlarda vaxtı düzgün idarə etmə bacarığı öncədən formalaşdırılmalıdır. Dərslər planlı şəkildə təkrar olunmalı, hazırlıq prosesi sistemli qurulmalıdır".
Ağır qidalar ürəkbulanma və halsızlıq yarada bilər:
"Qidalanma da çox önəmlidir. Ümumiyyətlə, sağlam orqanizm üçün balanslı və düzgün qidalanma vacibdir. Xüsusilə imtahan günü ağır yeməklərdən uzaq durmaq lazımdır, çünki ağır qidalar ürəkbulanma və halsızlıq yarada bilər. Daha yüngül və orqanizmə uyğun qidalar qəbul olunmalıdır.
Qidalanma məsələsi ümumiyyətlə hər zaman vacibdir. Sağlam uşaqlarda balanslı qidalanma əsas şərtlərdən biridir. İmtahan günü isə xüsusilə yüngül qidalar seçilməlidir. Uşaqlara səhər imtahana gəlməzdən əvvəl ağır yeməklər vermək düzgün deyil.
Məsələn, acı şokoladın tərkibində yüksək miqdarda kofein olduğunu nəzərə alsaq, həddindən artıq qəbul edildikdə bu, əksinə ürək döyüntüsünü artıra və uşaqlarda həyəcan hissini yüksəldə bilər. Eləcə də kofe, enerjiverici içkilər və çox tünd çay kimi məhsullar məsləhət görülmür.
Yuxu isə çox vacibdir. Təkcə imtahan günü yox, ümumiyyətlə, sağlam uşağın vaxtında yatması vacibdir. Ən azı 8-9 saatlıq normal yuxu rejimi həm sağlamlıq, həm də imtahan nəticələri üçün əsas amillərdən biridir. Çünki yuxusuzluq diqqəti dağıdan, yaddaşı zəiflədən və uşaqlarda anksiyete, yəni həyəcan hissini daha da artıran əsas mənfi faktorlardan biridir. Ona görə də uşaqlar mütləq şəkildə yuxu rejiminə diqqət etməlidirlər".
İmtahan qabağı ən çox rast gəlinən yanlışlardan biri də gecəni səhərə qədər oyaq qalıb dərs oxumaqdır:
"Bir çoxumuz bunu yaşamışıq: “birdən həmin mövzudan sual düşər” düşüncəsi ilə son gecə yatmamaq doğru yanaşma deyil. Əksinə, bu, həm diqqəti, həm yaddaşı, həm də performansı zəiflədə bilər.
İmtahandan bir-iki gün əvvəl uşaqlara maksimum dərəcədə istirahət vermək daha faydalıdır. Beyin artıq yüklənməməli, uşaqlar bir qədər dərsdən və kitablardan uzaqlaşıb dincəlməlidirlər. Çünki onsuz da il boyu kifayət qədər stres və yük altında olurlar. İmtahan qabağı təbiətdə vaxt keçirmək, ailə və dostlarla sakit mühitdə olmaq uşaqlara daha çox rahatlıq verə bilər. Məncə, ən güclü sakitləşdirici vasitələrdən biri də məhz budur.
Digər vacib məqam uşaqların psixoloji olaraq bu mərhələyə öncədən hazırlanmasıdır. Uşağa “mən bunu mükəmməl etməliyəm” düşüncəsi yox, “bacardığımın ən yaxşısını edəcəyəm” prinsipi aşılanmalıdır. Həmçinin uşaqlara başa salmaq lazımdır ki, səhv etmək bu prosesin normal bir hissəsidir. Səhv hər zaman ola bilər və bu, dünyanın sonu demək deyil. Əsas olan insanın bacardığını ən yaxşı şəkildə etməsidir.
Təəssüf ki, valideynlər arasında uşaqları həddindən artıq yükləmək və onlardan hər şeyin ən yaxşısını gözləmək halları çox yayılıb. Ən böyük yanlışlardan biri də müqayisə aparmaqdır: “filankəsin uşağı”, “qonşunun uşağı”, “qohumun övladı” kimi nümunələr göstərmək doğru yanaşma deyil. Uşağa “bacardığını et, səhv edə bilərsən və bu normaldır” mesajını vermək lazımdır ki, gələcəkdə bunun psixoloji baxımdan ağır və geri dönməz nəticələri olmasın".