Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər 11-ci sinif şagirdi dünya üzrə reytinq cədvəllərində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olunub.
Qəbul olunanlardan biri də Məhəmməd Umarlıdır.
O, Böyük Britaniyanın "Southampton Universitetinə" qəbul olub.
AzEdu.az bu münasibətlə Məhəmmədlə həmsöhbət olub.
O bildirib ki, universiteti bitirdikdən sonra Azərbaycana qayıdaraq dronların inkişafı, müdafiə sistemləri kimi sahələrdə çalışmaq və ölkəmizin texnoloji inkişafına, bu sistemlərin daha da gücləndirilməsinə töhfə vermək istəyir:
“Təhsil müddətində Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə gümüş medal, Respublika Astronomiya Olimpiadasında isə gümüş medal əldə etmişəm. Eyni zamanda idmanla da məşğul olmuşam. Fizika və astronomiya üzrə yığma komandaların seçim mərhələlərində iştirak edərək bu sahədə əlavə təcrübə qazanmışam. Beynəlxalq səviyyədə olmasa da, beynəlxalq formatda keçirilən fizika müsabiqəsində həvəsləndirici mükafat almışam.
Olimpiadalara hazırlığa 8-ci sinifdən başlamışam. Respublika Fizika Olimpiadasında gümüş medal qazandıqdan sonra beynəlxalq imtahanlara da yönəlmişəm və SAT imtahanından 1400 bal toplamışam. Hazırda qəbul aldığım universitetin müəyyən etdiyi şərtlərə əsasən fizika və riyaziyyat üzrə əlavə imtahanlara hazırlaşıram.
Bir neçə universitetdən qəbul almışam. Müraciət etdiyim universitetlərin hamısı İngiltərədə yerləşir. Ümumilikdə 5 universitetə müraciət etmişəm. Ən çox istədiyim universitet Southampton Universiteti idi. Ümumi reytinqdən əlavə, mənim üçün əsas məsələ seçdiyim ixtisas və ixtisaslaşmaq istədiyim sahə olub”.
İnsan bəzən elə mühitdə olur ki, dost-tanışla deyib-gülmək onu məqsədlərindən müəyyən qədər yayındıra bilir:
“Mən elektrik-elektronika sahəsini seçmişəm və gələcəkdə bu istiqaməti aerospace sahəsinə yönəltmək istəyirəm. Bu sahədə müəyyən boşluqların olduğunu düşünürəm və gələcəkdə aerospace sahəsində elektronika mühəndisi kimi fəaliyyət göstərmək istəyirəm. Buna görə də Southampton Universitetini daha uyğun hesab edirəm, çünki universitet bu istiqamətdə güclü proqramlara malikdir.
Digər müraciət etdiyim universitetlər Birmingham, Edinburgh, Manchester və Bristol universitetləridir. Hazırda Southampton və Birmingham Universitetindən qəbul almışam, digərlərindən isə cavab gözləyirəm.
Artıq qərarımı vermişəm və qəbul aldığım ixtisas və istiqamətə uyğun olaraq Southampton Universitetini seçməyi planlaşdırıram. Orada elektrik-elektronika sahəsində təhsil alaraq gələcəkdə aerospace istiqamətində ixtisaslaşmaq niyyətindəyəm.
Bu mənim ailəmdən uzaqda ilk təcrübəm olacaq. Amma düşünürəm ki, insan hər zaman dostları və tanışları ilə birlikdə olmur. Bəzən inkişaf etmək üçün tək qalır və məhz o zaman böyüyür. Xaricdə təhsil alanda fokus yalnız mühəndislik və texnologiya üzərində olur. Ətrafındakı insanlar da bu sahə üzrə çalışır və sən onlarla birlikdə inkişaf edirsən. Amma xaricdə təhsil almasaydım, ADA Universitetində oxumağı planlaşdırardım”.
O, mühəndislik və texnologiya üzrə ən güclü ölkələrdən birinin İngiltərə olduğunu düşünür:
“Seçim etdiyim universitetlərin yalnız İngiltərədə olmasının səbəbi odur ki, mühəndislik və texnologiya üzrə ən güclü ölkələrdən birinin İngiltərə olduğunu düşünürəm. Orada böyük şirkətlər var, xüsusilə aerospace sahəsi ilə bağlı. Elektronika ilə əlaqəli müxtəlif mərkəzlər və inkişaf imkanları mövcuddur. Həmçinin bu sahədə fəaliyyət göstərən böyük şirkətlər var ki, universitetdə oxuya-oxuya orada təcrübə keçmək mümkündür.
Amma universiteti bitirdikdən sonra Azərbaycana qayıdaraq bu sahədə - dronların inkişafı, müdafiə sistemləri kimi istiqamətlərdə çalışmaq və ölkəmizin texnoloji inkişafına töhfə vermək istəyirəm.
Hələ magistratura ilə bağlı tam qərar verməmişəm. Ola bilsin ki, xaricdə oxuyum və ya bakalavrdan sonra Azərbaycana qayıdım. Əsas planım öyrəndiklərimi burada tətbiq etmək və təcrübə qazanmaqdır.
Düzü, İngiltərədə təhsil alarkən onların yemək mədəniyyəti məni bir qədər düşündürür. Amma oradakı mətbəx bizim Azərbaycan mətbəxinə tam uyğun olmasa da, çox da uzaq deyil. Xüsusilə Asiya mətbəxi ilə müqayisədə daha yaxındır. Bu mövzuda müəyyən narahatlıq olsa da, orada oxuyan dostlarımdan öyrəndiyimə görə, zamanla uyğunlaşmaq olur”.
Xaricdə təhsilin ən böyük üstünlüklərindən biri real imkanların olmasıdır:
“Mənim üçün daha maraqlı tərəf isə fərqli ölkələrdən olan insanlarla bir mühitdə olmaqdır. Orada müxtəlif millətlərdən tələbələr olacaq və hər biri öz mədəniyyətini və düşüncə tərzini gətirəcək. Bu isə ünsiyyət baxımından böyük bir öyrənmə imkanı yaradır.
Qəbul aldığım universitetdə Formula komandası mövcuddur və orada iştirak etmək imkanı var. Bu isə mənə praktiki təcrübə qazandıracaq.
Universitetin təhsil proqramının çevik olması da mənim üçün çox vacibdir. Bu, mənə seçim imkanı verir: istəsəm elektrik-elektronika sahəsində davam edə bilərəm, istəsəm də aerospace istiqamətinə yönələ bilərəm.
Eyni zamanda laboratoriyaların olması böyük üstünlükdür. Əgər bu sahə yalnız nəzəri olsaydı, Azərbaycanda da oxumaq mümkün olardı. Amma burada əsas fərq tətbiqi imkanlardır. Ona görə düşünürəm ki, İngiltərədə bu imkanlar mənim üçün daha faydalı olacaq”.
İlk dəfə xaricdə təhsil almaq istədiyini ailəsinə bildirdikdə bunu sadəcə bir istək kimi qəbul ediblər:
“Amma sonradan olimpiadalarda qazandığım medalları və SAT imtahanına ciddi hazırlaşdığımı gördükdən sonra daha ciddi yanaşdılar. Heç vaxt “getmə” demədilər, əksinə, hər zaman yanımda oldular.
Əlbəttə, ilkin mərhələdə dil baxımından müəyyən çətinliklər ola bilər. Amma zamanla bunun öhdəsindən gələcəyimi düşünürəm.
8-ci sinifdə olimpiadada medal qazana bilməmişdim. Bu mənə təsir etsə də, ruhdan düşmədim. Sonradan isə nəticə əldə etdim.
Universitet müraciətlərində də oxşar vəziyyət oldu. İlk olaraq Bristol Universitetindən imtina aldım. Amma özümə inanırdım. Daha sonra iki universitetdən qəbul cavabı gəldi.
Qəbul xəbərini gecə gördüm. Maili açanda qəbul olduğunu gördüm və çox sevindim. Sevincimi bölüşmək üçün dərhal ailəmi oyatdım”.
Mən çətinlikləri dayanmaq yox, inkişaf mərhələsi kimi görürəm:
“İndiyə qədər çətinliklərim olub, amma bunlar məni dayandırmayıb. Əksinə, motivasiya verib. 9-cu sinifdə medal qazana bilmədim, amma 10-cu sinifdə gümüş medal əldə etdim.
Xaricdə təhsil almaq istəyənlərə tövsiyəm odur ki, 7-8-ci sinifdən riyaziyyata ciddi yanaşsınlar. Bu, bütün mərhələlər üçün əsasdır.
Həmin dövrdə şagird artıq maraq dairəsini müəyyənləşdirir. Olimpiadalar düşünmə tərzini inkişaf etdirir və imtahanlarda böyük kömək olur. Paralel olaraq ingilis dilini də gücləndirmək vacibdir”.