Süni zəka əsaslı çatbotların sağlamlıqla bağlı verdiyi cavabların böyük hissəsinin etibarsız olduğu ortaya çıxıb.
AzEdu.az xəbər verir ki, BMJ Open jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər beş fərqli süni zəka sisteminə xərçəng, peyvəndlər, qidalanma və kök hüceyrə ilə bağlı 50 sual ünvanlayıblar.
Nəticələr göstərib ki, cavabların 20%-i yüksək dərəcədə problemli, 50%-i problemli, 30%-i isə qismən problemli olub.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, çatbotlar etibarlı mənbə təqdim etməkdə çətinlik çəkir. Verilən istinadlarda yanlış müəllif adları, işləməyən linklər və hətta uydurma məqalələrə rast gəlinib.
Platformalar arasında ən zəif nəticəni Grok göstərib – onun cavablarında səhv nisbəti 58% olub. ChatGPT-də bu göstərici 52%, Meta AI-də isə 50% təşkil edib.
Ekspertlər bildirir ki, süni zəka modelləri real biliklərə malik deyil və yalnız mövcud məlumatlar əsasında ehtimal üzrə cavab yaradır. Buna görə də istifadəçilərə bu alətlərdən alınan tibbi məsləhətləri mütləq yoxlamaq tövsiyə olunur.
Nature Medicine jurnalında yayımlanan digər araşdırma isə göstərib ki, süni zəka sistemləri təkbaşına yüksək dəqiqliklə cavab verə bilsə də, istifadəçilər bu vasitələrdən istifadə edərkən doğru məlumat əldə etmə faizi xeyli aşağı düşür.
Mütəxəssislər hesab edir ki, süni zəka mürəkkəb mövzuları izah etməkdə faydalı olsa da, onu müstəqil tibbi mənbə kimi qəbul etmək düzgün deyil.