Bu gün "Titanik" faciəsinin baş verməsindən düz 114 il ötür. 1912-ci il 14 aprel gecəsində baş verən bu hadisə, gəminin Atlantik okeanının şimalında aysberqlə toqquşmasından cəmi 2 saat 40 dəqiqə sonra batması ilə nəticələnib.
O dövrdə “batmaz” sayılan və texnoloji möcüzə hesab edilən bu nəhəng gəmi soyuq okean sularına qərq olub. Bu qəza minlərlə insanın taleyini dəyişib, yüzlərlə ailəni parçalayıb. Lakin faciənin ən sarsıdıcı tərəfi hər zaman uşaqların və gənclərin yaşadıqları qorxu, itkilər və yarımçıq qalan həyat hekayələri olub.
AzEdu.az xəbər verir ki, "Titanik"də ümumilikdə 2,200-dən çox insan olub. Onlardan təxminən 1,500 nəfəri həyatını itirib, 710-a yaxın sərnişin isə xilas ola bilib. Tarixçilərin ən çox qəbul etdiyi rəqəmlərə görə, gəmidəki 109 uşaqdan 53-ü həyatını itirib, 56-sı isə sağ qalıb. Lakin bu rəqəmlər arxasında ciddi bir sosial bərabərsizlik dayanıb.
Uşaqların sağ qalma şansı onların hansı sinifdə olmasından çox asılı olub. Birinci sinifdə olan cəmi 6 uşaqdan yalnız 1-i ölüb, yəni demək olar hamısı xilas edilib. İkinci sinifdə olan uşaqların da böyük hissəsi sağ qalıb. Amma üçüncü sinifdə vəziyyət çox ağır olub – burada olan 79 uşaqdan təxminən 50-dən çoxu həyatını itirib. Bu da göstərir ki, ən böyük itki kasıb ailələrin uşaqları arasında olub.
Birinci sinif sərnişinləri arasında həyatını itirən yeganə uşaq Loraine Allison olub. Onun hekayəsi Titanik faciəsinin ən təsirli və dramatik epizodlarından biri sayılır.
Cəmi 2 yaşında olan Loraine ailəsi ilə birlikdə səyahət edirdi. Qəza zamanı onun 11 aylıq qardaşı Trevor dayə tərəfindən gizli şəkildə xilasedici qayığa mindirilib və xilas edilib. Lakin valideynləri bundan xəbərsiz olub.
Valideynlər oğullarını tapmaq ümidi ilə gəmini tərk etməyib və onu axtarmağa davam edib. Bu qərar isə faciə ilə nəticələnib - Loraine, valideynləri və ailənin digər üzvləri gəmi ilə birlikdə Atlantik okeanının sularına qərq olub.
Bu hadisə Titanik faciəsində ən ağır seçimlərdən birini göstərir: valideynlər son ana qədər övladlarını axtarmaqdan imtina etməyib, amma nəticədə bütün ailə dağılıb.
Digər maraqlı məqamlardan biri isə odur ki, 18 yaşdan aşağı olan bəzi gənc oğlanlar xilasedici qayıqlara buraxılmayıb. Onlar artıq “kişi” kimi qəbul edilib və “qadınlar və uşaqlar əvvəl” qaydasına daxil edilməyib.
Xüsusilə gəminin texniki heyətində çalışan gənc köməkçilər, o cümlədən mühərrik və kömür bölməsində işləyənlər son ana qədər öz yerlərini tərk etməyib. Onlar gəminin işığını və elektrik sistemini işlək saxlamaq üçün aşağı hissədə qalıb.
Məhz bu insanların, o cümlədən gənc işçilərin fədakarlığı sayəsində gəmi batana qədər elektrik enerjisi tam kəsilməyib. Bu isə xilasedici qayıqların daha nizamlı şəkildə suya salınmasına və bəzi insanların xilas olmasına imkan yaradıb.

Faciədən sağ çıxan uşaqların xatirələri hadisənin real dəhşətini göz önünə gətirir. Məsələn, Eva Hart həmin gecəni belə xatırlayıb:
“Anam o gecə yatmadı, təhlükəni hiss etdiyini deyirdi. Mən isə uşaq idim və bunu ciddi qəbul etmirdim. Sonra qəfil səs gəldi və hər şey dəyişdi. İnsanların qışqırıqları və kömək çağırışları heç vaxt dayanmırdı. O səslər ömrüm boyu mənimlə qaldı”.
Digər sağ qalan uşaq Frank Goldsmith isə o dəhşətli səssizliyi belə təsvir edib:
“Əvvəl insanların səsi çox güclü idi, hamı kömək istəyirdi. Sonra səslər yavaş-avaş azaldı və birdən hər şey sakitləşdi. O səssizlik ən qorxulu an idi; bu, artıq heç kimin qalmadığını göstərirdi”.

Hadisənin ən qəribə və eyni zamanda ən təsirli hekayələrindən biri “Titanik yetimləri” kimi tanınan Michel Navratil və Edmond Navratil qardaşlarına məxsus olub. Onların atası Michel Navratil Sr. uşaqları analarından gizli şəkildə götürərək saxta adla gəmiyə mindirib.
Faciə zamanı ata son anda uşaqlarını xilasedici qayığa mindirə bilib, amma özü gəmidə qalaraq həyatını itirib. Qardaşlar çox kiçik olduqları və ingilis dili bilmədikləri üçün Nyu-Yorka çatanda heç kim onların kim olduğunu müəyyən edə bilməyib. Onlar bir müddət “tanınmayan uşaqlar” kimi mediada yer alıb. Yalnız həftələr sonra qəzetlərdə yayımlanan şəkillər vasitəsilə Fransada yaşayan anaları onları tanıya bilib və uşaqlar ailələrinə qovuşub.


Michel Navratil sonradan bu barədə belə danışıb:
“Mən hər şeyi tam xatırlamıram, amma o gecənin soyuğunu və qarışıqlığını hiss etdiyimi xatırlayıram. Atam bizi xilas etmək üçün əlindən gələni edib”.

Titanik faciəsi bu gün də yaddaşlarda yaşayır. Xüsusilə uşaqların taleyi bu faciənin ən kədərli və düşündürücü tərəflərindən biri kimi qalır, çünki rəqəmlər yalnız statistikanı göstərir, amma həmin uşaqların yaşadıqları qorxu və itkilər sözlə tam ifadə olunmur.