Ümumiyyətlə, xarici dili daha effektiv və sistemli şəkildə öyrənmək üçün hansı üsul və yanaşmalar tövsiyə olunur?
AzEdu.az-a mövzu ilə bağlı “İlin gənc müəllimi”, ingilis dili müəllimi Aynur Axundova açıqlama verib.

O qeyd edib ki, anlaşılan və səviyyəyə uyğun material dil öyrənmənin əsas şərtidir:
“Bu sual mənə tez-tez ünvanlanır: "Doğrudanmı xarici dil öyrənmək çətindir?" Mən bir müəllim olaraq hesab edirəm ki, məsələ dilin çətinliyində deyil, ona necə yanaşmağımızdadır. Dil öyrənmək təbii prosesdir. Uşaq ana dilini qrammatika qaydalarını əzbərləyərək deyil, eşidərək, təqlid edərək və istifadə edərək mənimsəyir. Xarici dil də eyni prinsiplə öyrənilməlidir.
Bəzən biz qrammatikanı məqsəd kimi təqdim edirik. Halbuki qrammatika sadəcə sistemdir, dili düzgün qurmağa kömək edən vasitədir. Əsas məqsəd isə ünsiyyətdir. Əgər şagird yalnız qayda əzbərləyir, amma danışmır, dinləmir və oxumursa, bu proses təbii olaraq ona ağır və yorucu görünəcək. Stephen Krashen-in də qeyd etdiyi kimi, insan əvvəlcə başa düşərək öyrənir. Anlaşılan və səviyyəyə uyğun material dil öyrənmənin əsas şərtidir.
Digər vacib məqam psixoloji baryerdir. Şagirdlər çox vaxt səhv etməkdən qorxurlar. Halbuki səhv inkişafın ayrılmaz hissəsidir. Mən həmişə deyirəm ki, dil fənn deyil, bacarıqdır. Bacarıq isə yalnız istifadə etdikcə formalaşır. Danışmadan danışıq inkişaf etmir.
Xarici dili daha effektiv və sistemli öyrənmək üçün dörd bacarığın - dinləmə, oxu, danışıq və yazının paralel inkişafı vacibdir. Qısa, lakin davamlı məşq daha yaxşı nəticə verir. Dil sprint deyil, marafondur. Səbir, düzgün metod və müntəzəm praktika olduqda xarici dil öyrənmək çətin deyil, əksinə, zövqlü və motivasiyaedici prosesə çevrilir”.
Müəllim xarici dili effektiv öyrənmək üçün düzgün metod seçiminin həlledici rol oynadığını da vurğulayıb:
“Təcrübəmdə ən səmərəli hesab etdiyim bir neçə yanaşmanı qeyd edə bilərəm.
Birincisi, mərhələli və dəstəkli öyrənmə yanaşmasıdır. Lev Vygotsky-nin ‘Yaxın inkişaf zonası’ nəzəriyyəsinə görə, şagird təkbaşına edə bilmədiyi, lakin müəllim və ya daha bilikli biri ilə birlikdə bacara bildiyi tapşırıqlar vasitəsilə daha sürətli inkişaf edir. Yəni material nə çox asan, nə də həddindən artıq çətin olmalıdır. Optimal səviyyə seçilməlidir.
İkincisi, kölgə metodu (shadowing) olduqca effektivdir. Şagird eşitdiyi cümləni eyni anda təkrarlayır. Bu üsul həm tələffüzü, həm intonasiyanı, həm də axıcılığı inkişaf etdirir.
Üçüncüsü, kommunikativ yanaşmadır. Dil qayda üzərində deyil, ünsiyyət üzərində qurulmalıdır. Rol oyunları, dialoqlar və real həyat situasiyaları danışıq bacarığını daha sürətli inkişaf etdirir.
Dördüncüsü, müntəzəm və qısa məşq prinsipidir. Hər gün 20-30 dəqiqə sistemli çalışma, həftədə bir dəfə uzun məşqdən daha effektivdir.
Nəhayət, qrammatikanın kontekstdə öyrənilməsi vacibdir. Qaydanı ayrıca əzbərləmək əvəzinə onu cümlə və situasiya daxilində istifadə etmək daha qalıcı nəticə verir.
Mənim fikrimcə, bu metodlar paralel tətbiq edildikdə dil öyrənmə prosesi daha asan, sistemli və motivasiyaedici olur”.