Ötən günlərdə İtaliyanın Çezenatiko şəhərində keçirilən Beynəlxalq Qızlar İnformatika Olimpiadasında (EGOI) Azərbaycanı təmsil edən komanda uğurla çıxış edərək 2 bürünc medal qazanıb.
Medal qazanan şagirdlərin hər ikisi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin şagirdləridir.
AzEdu.az bu münasibətlə bürünc medal qazanan Rahidil Bayramlı ilə həmsöhbət olub.
O qeyd edib ki, informatika sahəsinə yönəlməsində valideynlərinin böyük rolu olub:
“Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdiyəm. Bu il Avropa Qızlar İnformatika Olimpiadasında dördüncü dəfə iştirak etdim və üçüncü bürünc medalımı qazandım.
Olimpiadada uğur qazandıqdan sonra sevincimi ilk olaraq valideynlərimlə paylaşdım. Yarış müddətində canlı nəticə cədvəli olurdu və ailəmiz, eləcə də tanışlarımız nəticələrimizi izləyirdilər. Olimpiada bitəndən sonra valideynlərimə zəng edib təəssüratlarımı və yarışın necə keçdiyini danışdım. İnformatika sahəsinə yönəlməyimdə valideynlərimin böyük rolu olub.
Onların dəstəyi və tövsiyələri sayəsində bu sahəyə marağım artdı. İnformatikanın gələcəyin əsas sahələrindən biri olduğunu düşündüyüm üçün bu istiqamətdə inkişaf etməyə çalışdım. İlk dəfə 6-7-ci siniflərdə müxtəlif müsabiqələrdə iştirak etməyə başladım. Uğur qazandıqca bu sahəyə həvəsim daha da artırdı və mənə əlavə motivasiya verdi.
İndiyədək Respublika fənn olimpiadalarında informatikadan iki gümüş və bir bürünc, riyaziyyatdan isə bir bürünc medal qazanmışam. Bundan əlavə, “International Advanced Tournament in Informatics” yarışında gümüş, “Infobip Programming Challenge” müsabiqəsində isə bürünc medal əldə etmişəm".
Gələcəkdə təhsilimi informatika sahəsində davam etdirmək istəyirəm:
"Bakalavr üzrə “Computer Science”, “Computer Engineering” və ya buna yaxın ixtisaslardan birini seçməyi düşünürəm. Xarici universitetlərə müraciət etmişəm və təhsilimi İngiltərə və ya Asiya universitetlərindən birində davam etdirmək niyyətindəyəm.
Buraxılış imtahanında 284.8 bal toplamışam. Olimpiadalara hazırlığım isə 7-ci sinifdən başlayıb. Builki seçim mərhələsi fevralın sonu, martın əvvəlində keçirildi. Həmin müddətdə əvvəlki medalçılar və müəllimlərimiz bizə çox dəstək olurdular.
Əgər Azərbaycanda təhsil alsaydım, ADA Universiteti və ya Bakı Ali Neft Məktəbində oxumaq istəyərdim. Ancaq böyük ehtimalla qəbul imtahanında iştirak etməyəcəyəm.
Digər şagirdlərə tövsiyəm odur ki, hər zaman özlərinə inansınlar, sona qədər mübarizə aparsınlar və çalışmaqdan vaz keçməsinlər".