Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 20:40:00
Azərbaycanlı alimin yeni kitabının təqdimatı oldu

Azərbaycan Universitetində professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib. Universitetdən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova kitabda yer alan mətnlərin müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbə olduğunu söyləyib.

 

Kitabın müəllifi, filologiya elmləri doktoru, professor Asif Hacıyev qeyd edib ki, nəşrdə oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Dərs vəsaiti kimi təqdim edilən kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif bu ali məktəbin rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkürünü bildirib.

 

Professor Qorxmaz Quliyev bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyədək 2 dəfə taleyüklü hadisə ilə qarşılaşıb. Birinci vəziyyət XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə kontekstindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Bu dövrdə Mirzə Fətəli Axundzadə Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirib, oxucu ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşidib, “Kritika” sözü ilə tanış olub. O, Avropa ədəbiyyatına və fəlsəfi fikrinə xas olan janrları ədəbiyyatımıza gətirdi. İkinci durum isə Azərbaycan mədəniyyətinin 70 il ərzində dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: “Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə biz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdik. Amma məlum oldu ki, bir sıra sahələrdə xeyli geridə qalmışıq. Lakin bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır”. Qorxmaz Quliyev vurğulayıb ki, Asif Hacıyevin kitabı dünya mədəniyyəti nümunələrinin “mətn” formasında Azərbaycan oxucularına təqdim edilməsində ilk və mühüm addımdır.

 

AMEA-nın Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədov qeyd edib ki, bu ali məktəb, Azərbaycan dili və ədəbiyyat kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap etdiyi kitablar ilə ölkənin filoloji mərkəzinə çevrilib. O, ədəbi–nəzəri fikrin nəzəri konsepsiyalarının Azərbaycan dilinə tərcüməsinin əhəmiyyəti haqqında danışıb, Asif Hacıyevin yeni kitabının bu baxımdan faydalı olmasını və yüksək qiymətləndirdiyini deyib.

 

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri yaxınlaşdırmaq kimi mütərəqqi roluna diqqət çəkib.

 

Tədbirdə digər çıxış edənlər də kitabın elmi ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar.