Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-09 11:43:00
TƏNQİD: Kompüter biliyi olmayan müəllim ərizəsini verib çıxmalıdır

Müşahidələr göstərir ki, ötən il keçirilən sertifikasiya imtahanında yaşlı müəllimlərin bəziləri sırf kompüterdən istifadə edə bilmədiklərinə görə az nəticə toplayıblar.

 

Yaşlı müəllimlərin kompüter bacarıqlarının olmaması bir çoxları tərəfindən qınaq obyektinə çevrilsə də, bəziləri bunu normal qarşılayır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, müasir dünyanın tələbləri istənilən sahədə, o cümlədən pedaqoji sahədə çalışan təhsilverənlərin İKT biliklərinin yüksək səviyyədə olmasını tələb edir:

 

“Müəllimlərin 2022-ci ildən başlayaraq sertifikasiyaya cəlb olunması mərkəzləşdirilmiş proqram vasitəsilə həyata keçirilir. Yəni müəllimlər kompüter qarşısında öz biliklərini suallara cavab verməklə təqdim edirlər. İmtahanın sonunda da topladığı konkret ballar avtomatik olaraq məlum olur. Təəssüfedici haldır ki, bəzən müəllimlər bu vəziyyəti açıq şəkildə də bildirirlər ki, “bizim kompüter biliklərimiz yoxdur”. Kompüter bilikləri olmayan şəxsin ümumiyyətlə müəllim kimi fəaliyyyət göstərməsini doğru hesab etmirəm, çünki bu gün sistemdə işləyən hər bir müəllimin vəzifələrindən biri də müasir təlim metodlarını informasiya texnologiyaları vasitəsilə tətbiqinə nail olmaqdır”.

 

Ekspert qeyd edib ki, əvvəllər müəllimləri yazıları ilə tanıyırdılarsa, bu gün İKT bacarıqları ilə tanıyırlar:

 

“İKT -ni bilməyən müəllim o deməkdir ki,  müasir təlim metodlarını da düzgün tətbiq edə bilməyəcək. Nəticə etibarilə həmin müəllim məktəbdə öz əmək funksiyasını yerinə yetirə bilmir. Əgər müəllim etiraf edirsə ki, “İKT biliyim yoxdur”, ən yaxşı halda məsləhət görərdim ki, ərizələrini yazıb getsinlər.

Yaxud da, İKT bilikləri öyrənsinlər. Hansı ki, bu gün sertifikasiya ilə bağlı müəllim yanına gedib hazırlaşırlar, heç olmasa primitiv kompüter biliklərinə sahib olmaq üçündə müvafiq kurslara gedə bilərlər. Əslində təhsilverənlərin sertifikasiyadan keçə bilməsi üçün başqa bir müəllim yanına getməsi qeyri-məntiqidir”.

 

Müsahibimiz təklif edib ki, sertifikasiya imtahanlarında müəllimlərin kompüter bilikləri də yoxlanılsın:

“Düşünürəm ki, sertifikasiyada gələcəkdə əlavə dəyişiklik olacaqsa, hökmən müəllimlərin İKT bacarıqlarınında yoxlanılması ilə bağlı esse yazılması əlavə edilməlidir. Bu proses bügünkü gün üçün aktual olmasa da gələcəkdə real olacağına inanıram. İstənilən halda İKT bacarıqları olmayan müəllimin işləməsini doğru qəbul etmir, müəllimlərin bu kimi bəhanələrini məqbul bilmirəm. Hər bir təhsilverən İKT bacarıqlarına malik olmalıdır”,- deyə fikrini bildirib.