Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-29 12:15:50
MİQ imtahanları: Rus dili müəllimlərinin nəticələri yaxşılaşacaq

Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) qiymətləndirmə çərçivəsinə əsasən Azərbaycan bölməsi üzrə imtahan verən müdavimlər xarici dil (rus dili) olaraq kurikulumdan rus dilində imtahan verəcəklər. 

 

Bu dəyişikliyin müəllimlərin işə qəbulu prosesində nə kimi əhəmiyyəti olacaq?

 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

Ekspert qeyd edib ki, bu dəyişiklik müsbət nəticələr verəcək: “Azərbaycanda dövlət ümumorta təhsil müəssisələrində işə qəbul 2009-cu ildən etibarən MİQ vasitəsi ilə həyata keçirilir. 2011-ci ildən isə bütün ölkədə orta ümumtəhsil məktəblərində işə qəbul məhz MİQ ilə keçirilməyə başlayıb. Qeyd edim ki, 2011-ci ilə qədər imtahanlar yalnız Bakıda keçirilirdi. 2013-cü ildə MİQ imtahanında həm imtahan modeli, həm də vakant yerlərlə bağlı köklü dəyişikliklər oldu. Mütəmadi olaraq imtahan prosesində bu və ya digər formada dəyişikliklər olur ki, bu da anlaşılan məsələdir. Nəzərə alsaq ki, MİQ imtahanı ölkədə şəffaf, obyektiv və ədalətli şəkildə müəllimlərin işə qəbulunun həyata keçirilməsinə xidmət edən prosesdir. Hesab edirəm ki, bu prosesin mütəmadi təkmilləşdirilməsinə ehtiyac var. Hər il orta ümumtəhsil məktəblərinə qəbul olan 8000-ə yaxın müəllim milyonlarla insanın tədrisinə, eyni zamanda onların şəxsiyyət kimi formalaşmasına təsir göstərir. Təbii ki, MİQ-lə yanaşı sertifikasiya imtahanları da təhsildə ciddi prosesin tərkib hissəsidir. Hər iki proses ən yaxşı müəllim seçimini həyata keçirməyə yönəlib.  Azərbaycanda Konstitusiyanın və “Təhsil haqqında qanun”nun  tələblərinə görə MİQ, həmçinin, sertifikasiya Azərbaycan dilində (dövlət dili) keçirilir. Artıq bir neçə ildir ki, imtahan iştirakçıları tədris apardıqları dildə həm MİQ, həm də sertifikasiya imtahanında iştirak edəcəklər. Bəzi vətəndaşlar xarici dildə orta təhsil, həmçinin ali təhsil aldıqları üçün Azərbaycan dilini akademik səviyyədə qavramaqda müəyyən qədər çətinlik çəkirlər. Bu baxımdan belə dəyişikliyin edilməsi müsbət addımdır”.

 

K.Əsədov qeyd edib ki, rus bölməsi üzrə imtahan nəticələri Azərbaycan bölməsindən aşağı olur: “Rus bölməsi üzrə dərs deyən müəllimlər Azərbaycan dilində bəzi terminləri anlamaqda çətinlik çəkirlər. Məhz bu problemdən dolayı müşahidə edirik ki, rus bölməsi üzrə imtahan nəticələri Azərbaycan bölməsindən aşağı olur, halbuki Azərbaycan dilindən imtahan verilir. Xüsusən də bunu rus dili və ədəbiyyatı ixtisasında görə bilirik. Bu dəyişikliklə tədris etdiyi dildən imtahan verən şəxs öz bilik və bacarıqlarını daha yaxşı nümayiş etdirə biləcək. Bu o demək deyil, həmin şəxs öz dilini yaxşı bilmir, yaxud ona hörmətsizlik edir, xeyr, sadəcə onların akademik dilləri Azərbaycan dili olmadığı üçün elmi səviyyədə bilməməkləri normaldır. Hər kəsin öz tədris apardığı dildə imtahan verməyi onun biliyini düzgün, obyektiv qiymətləndirməyə şərait yaradır. Bir nüansı qeyd edim ki, bəzən iştirakçılar elə düşünür ki, rus bölməsi ilə Azərbaycan bölməsinin suallları müxtəlifdir. Xeyr, Azərbaycan dilindəki suallar original və əsas variant kimi qəbul olunur və onlar rus dilinə tərcümə olunaraq tədris dili (rus dili) olan müəllimlərə təqdim olunur.  Ancaq təcrümə zamanı diqqətli olmaq vacibdir. Təəssüf ki, bu  prosesdə problemlər olur. Tərcüməçilər texniki qüsurlara yol verirlər”.