Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-29 14:32:00
Bu il təhsildə hansı problemlər qaldı? - Proqramlar, dərsliklər, texniki qüsurlar...

“Həllini tapmayan işlər, görülən işlərin üzərinə kölgə salmamalıdır”.

 

Artıq 2023-cü il başa çatır. Hər sahə də olduğu kimi təhsil sahəsində də mühüm qərarlar qəbul edildi. Lakin uğurlar əldə edildiyi kimi, bu sahədə həllini tapmayan problemlərdə olub.

 

Maraqlıdır, təhsil sahəsində həllini tapmayan problemlər hansılardır və 2024-cü ildə həmin problemlərin həlli mümkün olacaqmı?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, başa çatmaqda olan 2023-cü il ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni həyatında olduğu kimi, təhsil sahəsində də inkişafa və tərəqqiyə yol aça biləcək bir sıra yeniliklər və nailiyyətlərlə yadda qalan olacaq:

 

“İlin ən mühüm və mötəbər hadisəsi heç şübbhəsiz ki, Azərbaycan müəllimlərinin XVI qurultayı olub. XVI qurultayının qətnaməsində xüsusi olaraq vurğulandığı kimi, Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşüb. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur. Ötən ilin ən mühüm hadisələrindən biri də elm sahəsində Azərbaycan Respublikası Prezidentinin fərmandan irəli gələn Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Əlbəttə, il ərzində görülən işləri, həyata keçirilən tədbirləri, həllini gözləyən vəzifələri sadalamaq məqsədindən uzağam. Bu və digər məsələlər qurultayının qətnaməsində kifayət qədər öz əksini tapıb, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq,  konseptual müddəalar, prioritet istiqamətlər müəyyənləşdirilib, müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycannın təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəyinə əminlik bildirilib”.

 

Həmsöhbətimiz qeyd edib ki, təhsil sahəsində həllini gözləyən məsələr də az deyil:

 

“Bütün sadalanan və sadalanmayanlarla bərabər, təhsil sahəsində görülən işlərlə yanaşı, həllini gözləyən məsələlər də az deyil. Tədris planları və proqramlarındakı ağırlıq, dərsliklərdəki texniki qüsurlar və elmi yanlışlıqlar, müəllim-şagird münasibətlərindəki soyuqluq, valideyn - müəllim anlaşılmazlıqları, cəmiyyətin müəyyən zümrəsinin məktəbə, müəllimə olan inamsızlıq, qeyri-rəsmi təhsilin, rəsmi təhsili üstələməsi, müəllim nüfuzunun arzuolunan səviyyədə olmaması, müəllim faktoru ilə bağlı neqativlərin qəsdən və ya bilməyərəkdən həddindən artıq qabardılmasıdır. Bir çox hallarda şagirdlərin qeyri-etik hərəkətlərinə göz yumulması kimi hallar uzun illərdən bəri davam etməkdədir”.

 

Son olaraq N.İsrafilov söyləyib ki, məktəblərdə təlim və tərbiyə vəhdət təşkil etmədikcə müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq:

 

“Hesab edirəm ki, nə qədər ki, məktəblərdə təlim və tərbiyə vəhdət təşkil etməyəcək, müəllim- şagird - valideyn münasibətləri münasibətləri yeni müstəviyə qaldırılmayacaq, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, məktəbin, müəllimin nüfuzunun qalxacağı da bir o qədər real görünməyəcək. Bunun üçün isə ilk növbədə valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası hazırlanmalı, bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmalıdır. İstənilən halda, həllini tapmayan işlər, görülən işlərin üzərinə kölgə salmamalıdır”.