Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 12:01:00
12 illik təhsilə keçilir? - “Təlim yükü azalacaq”

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində 10-cu və 11-ci siniflərin məzmunu ilə bağlı model seçilməsinin zəruri olduğunu qeyd edib. Həmçinin Nazir bu istiqamətdə müəyyən ilkin çalışmaların olduğunu deyib.

 

Maraqlıdır, bu modelin strukturu necə hazırlanmalıdır?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, təhsilin pillələri, səviyyələri və məzmunu ilə bağlı məsələlərə rəsmi münasibət bildirilməli idi:

 

“Hesab edirəm ki, nazirin açıqlaması gözlənilən idi. Başqa sözlə, gec-tez təhsilin pillələri, səviyyələri və məzmunu ilə bağlı məsələlərə rəsmi münasibət bildirilməlidir. Yəni, nazirin özünün də qeyd etdiyi kimi, bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlamalıyıq. 10 və 11-ci siniflər yalnız ali təhsil hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür. Ona görə də başqa bir model seçməlidir. Onu da xatırlatmaq yerinə düşər ki, nazir bir müddət əvvəl də “təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir” kimi fikir söyləyərək, bu kimi məsələlərə diqqət çəkib”.

 

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan 2020-ci ildə 12 illik təhsilə keçməli idi:

 

“Məktəbdə tədris müddətinə gəlincə, müxtəlif ölkələrdə bu rəqəm fərqlidir – bəzi yerlərdə 10 il, bəzi yerlərdə isə 13 ildir. Bizdə isə 12 il oxumağın optimal olması qərara alınıb və bu rəqəm strategiyada göstərilib. Eyni zamanda 2013-cü ildə təsdiq edilib. Ona görə Azərbaycanda artıq 2020-ci ildə 12 illik təhsilə keçilməli idi. Ancaq bu fikir birmənalı qarşılanmadı - bəziləri bunun əlavə bir il vaxt aparacağına, bəziləri bu qərarın düzgün olduğuna inanırdılar. Uzun müddətdir, ölkəmizin 11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir. "Təhsil haqqında" Qanuna görə, 9 illik ümumi orta təhsil icbari elan olunduğundan 12 illik təhsilə keçid zamanı məhz ümumi orta təhsil səviyyəsinin müddətinin 1 il artırılaraq 10 il müəyyən edilməsi və beləliklə də 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğun hesab edilib. Bu, yalnız icbari ümumi orta təhsillə kifayətlənən şagirdlərin fənlər üzrə bilik və bacarıqlara yiyələnməsinin səmərəliliyini xeyli artıra bilər. Bir halda ki, 9-cuları buraxılış sinfi etmişik, məktəbə hazırlığı əsasən məktəblərdə həyata keçiririk, belə çıxır ki, biz məktəbə hazırlığı da ibtidai təhsil pilləsinə əlavə etməklə, 12 illik təhsilin 5+4+3 sxeminə keçmişik. Halbuki, 5+5+2 modeli daha səmərəli effekt verə bilərdi. İstənilən halda düşündürücü məsələdir”.

 

Mütəxəssis vurğulayıb ki,  12 illik təhsil sisteminə keçidə mexaniki dəyişiklik kimi baxılmamalıdır:

 

“Bu çox mühümdür. 12 illik təhsilə keçidə sadəcə məktəb illərinin artırılması kimi, mexaniki keçid xətrinə deyil, seçilən yolun təhsil sisteminin keyfiyyətinin yüksəldilməsində düzgün yol olduğuna baxmaq lazımdır. 12 illik təhsilə keçidin zəruriliyi hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu məsələnin öz əksini tapması ilə şərtlənir: "Hazırda bu sistemi tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, 12 illik təhsilə keçid tədris, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Bundan əlavə, Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən, təhsilin məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının artıq yükləmələrdən azad olunması kimi məsələlərin həlli də qaçılmazdır. 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi, başqa sözlə 12 illik ümumi təhsilə keçid təmin olduqdan sonra çox güman ki, tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaqdır, təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir”.

 

Son olaraq, N.İsrafilov söyləyib ki, bu məsələ 2024-cü ilin əsas istiqamətlərindən biri olmalıdır:

 

“Digər bir məsələ proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcək, əlavə dərs saatları yaranacaq və bu, müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə nəticələnəcəkdir. 11-12-ci sinifləri əhatə edəcək tam orta təhsil səviyyəsində təhsil şagirdlərin meyil və marağı əsasında müxtəlif təmayüllər üzrə xüsusi tədris planları və təhsil proqramları (kurikulumları) tətbiq edilməklə təşkil olunacaqdır ki, bu da ali məktəblərə hazırlıq üçün hərtərəfli şərait yaradacaq və repetitorluğun qarşısını xeyli alacaqdır. Sonuncu siniflərə bir il əlavə etsək, bu halda icbari təhsil 10 sinif, ali məktəblərə hazırlıq üçün ayrı-ayrı fənlərin dərindən öyrənilməsi siniflərində təhsilini davam etdirmək istəyənlər üçün növbəti iki il əlavə olacaq. və ciddi müzakirələrin aparılmasını tələb edir. 12 illik təhsil sisteminə keçidə məhz sadəcə məktəbdə oxunan illərinin artırılması kimi deyil seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil ideyasını gerçəkləşdirə bilərik. Bəli, düşünməliyik və müzakirə aparmalıyıq, Biz də inanaq və əminlik bildirək ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır”.