Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 13:19:00
Magistratura imtahanları: “Məntiqi riyaziyyatçıdan soruşmaq lazımdır, filoloqdan yox”

Tələbələrin bir çoxu bakalavr təhsilini Azərbaycanda alsa da, magistratura üçün çox vaxt xaricə üz tutur. Tələbələr təkcə Dövlət Proqramı ilə deyil, eyni zamanda öz vəsaiti hesabına xaricdə təhsil alır.

 

Maraqlıdır, xaricdəki magistratura pilləsi ilə ölkəmizdəki arasında nə kimi fərqlər mövcuddur? Ölkəmizdə magistratura pilləsini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

 

Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə əlaqəli fikirlərini  AzEdu.az-a bölüşüb.

 

 Açıklama yok.

Ekspert Azərbaycan, eləcə də xarici ölkələrin qəbul qaydasına nəzər salıb: “Azərbaycanda magistratura pilləsinə qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyi ilə ildə 2 dəfə olmaqla məntiq, informatika və xarici dil fənnindən keçirilir. Qardaş ölkə Türkiyədə isə magistr pilləsinə qəbul üçün OSYM ( Öğrenci Seçme ve Yerləşdirmə Merkezi) hər il 3 ayrı vaxt olmaqla aprel, avqust, həmçinin noyabr aylarında imtahan keçirir. Bu imtahanın adı ALES imtahanıdır. Hətta bəziləri bunu IELTS ilə qarışdırır. İmtahan 100 sualdan ibarətdir, dəqiq və humanitar olmaq üzrə iki yerə bölünür. Dəqiq bölmədə riyazi-məntiq sualları, humanitar bölmədə dil, həyat bilgisinin məntiqi təfəkkürü soruşulur. 100 sualdan 50 sualı düz yazan müsabiqəyə buraxılır”.

 

R.Nurəliyev bildirib ki, Azərbaycanda qəbul prosesi çox çətindir: “Düşünün, mən tarix fakültəsini bitirmişəm və magistratura oxumaq üçün riyazi-məntiq, informatika və xarici dildən imtahan verirəm və keçə bilməsəm, öz ixtisasım üzrə müsabiqəyə buraxılmıram. Bu tərs istiqamətdir. Magistraturada yüksək bal toplayanlar daha çox abituriyent vaxtı 1 və 2-ci qrup üzrə qəbul olanlardır. Onların məntiq və informatika bilikləri ilə bir tarixçinin bilikləri eyni ola bilməz. Məsələn, Türkiyədə bu ədalətsizliyin qarşını almaq üçün imtahan suallarının 50-si riyazi-məntiq, 50-si isə humanitar formatda təsdiqlənib. Dəqiq magistr ixtisaslarında məntiq nəticələri, humanitar ixtisaslarda dil bilikləri yüksək qiymətləndirilir. Düşünürəm ki, bizdə də imtahan bir mərhələdə olmalıdır və dəqiq ixtisaslar ilə humanitar ixtisaslaar arasında fərq qoyulmalıdır”.

 

“Bizdə ali məktəbə qəbul olmaq çətin, bitirmək asandır, xaricdə isə ali məktəblərə qəbul olmaq asan bitirmək çətindir”, - deyə ekspert vurğulayıb: “Bilik səviyyəsi, intellekt və dünyagörüşünün inkişafı üçün magistratura təhsili mütləqdir. Hər bir şəxsin iş perspektivi baxımından müəyyən dövr sonra yüksəlmək və inkişaf etmək arzusu olur. Magistr təhsili də bunun üçün əlverişli vasitədir. Magistratutra təhsilinin digər əhəmiyyəti ondan ibarətdir ki, məzunlar universitetlərdə işləyə bilirlər, həmçinin iş və təhsil karyerası baxımından daha da yüksəlməyin başlanğıcıdır”.

 

Müsahibimiz bildirib ki, ölkəmizdə magistratura pilləsini inkişaf etdirmək üçün ilk növbədə magistr qəbul imtahanında dəyişiklik etmək lazımdır: “Magistraturaya qəbul imtahanı sadələşdirilməlidir. İlk növbədə dəqiq və humanitar fənlər nəzərə alınmalıdır. Riyaziyyat fənninin məntiqini riyaziyyatçıdan soruşmaq yaxşıdır, tarixçi və filoloqdan yox. Tarixçiyə tarixi mövzulara uyğun məntiqi suallar, filoloqa dil üzrə məntiqi suallar, mühəndisə öz sahəsi üzrə məntiqi suallar olsa daha obyektiv olar deyə düşünürəm. Humanitar ixtisaslı birinin öz ixtisası, sahəsi qala-qala məntiq, informatika və xarici dildən müsabiqə şərtlərini ödəmədikdə magistrant ola bilməməsi məntiqsizdir”.

 

Ekspert təklif edir ki, “Magistraturaya qəbul zamanı dəqiq və humanitar ixtisaslar imtahanda ayrılmalıdır. İnformatika fənni imtahandan çıxarılmalı, eləcə də qəbul asanlaşdırılmalı, magistraturanı oxumaq çətinləşdirilməlidir, yəni yaxşı tədris aparılmalıdır”.