Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 16:11:00
Məktəblərdə ÇATIŞMAZLIQ: “Valideynlər öz hesabına dərslik alırlar”

Hər il şagirdlər müəyyən qədər dərslik çatışmazlığı ilə üzləşirlər. Məktəblərdə dərsliklərin saya uyğun  paylanmaması şagirdlərin pulsuz kitab əldə etmək hüququnu əlindən alır. Təhsil müəssisələrində bir çox hallarda dərsliklərin azlığı ilə əlaqədar kitablar “oxumayan şagirdlərə” çatmır.

 

Bəs, görəsən təhsil müəssisələrində dərslik qıtlığının səbəbi nədən qaynaqlanır? Bunun qarşısını necə almaq olar?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, hər tədris ilində dərslik çatışmazlığı situasiyası  ilə qarşılaşırıq: “Dərslər başlayandan 1-2 həftə, hətta bəzən daha uzun müddət dərslik çatışmazlığı ilə bağlı respublikanın müxtəlif bölgələrindən informasiyalar əldə edirik. Əsasən bu dərsliklər yaxşı oxumayan şagirdlərə verilmir. Vəsaitlə təmin olunduqda belə  köhnə, istifadəyə yararlı olmayan kitablar verilir.  Bu yanaşma doğru deyil. Düşünürəm ki, aidiyyatı qurumlar bu sahədə müvafiq işlər görməlidir”.

 

Hər il müşahidə edirik ki, yeni adlı dərs vəsaitləri nəşr olunur, amma paralel olaraq köhnə nəşrlər də şagirdlərə təqdim olunur: “Bu nəşrlər arasında bəzən mövzu uyğunsuzluğu, yeni nəşrlə köhnə nəşr arasında informasiya fərqinin olduğu məqamlar ortaya çıxır. Bu da özlüyündə həm təhsilalanları, həm də təhsilverənləri müəyyən qədər çətinliklə üz-üzə qoyur.

 

E.Əfəndi qeyd edib ki, dərsliklər dövlət tərəfindən pulsuz verilsə də, əksər valideynlər çatışmazlıq qarşısında çətin vəziyyətdə qalırlar: “Kitab verilmədiyi halda valideyn məcbur olub öz hesabına dərslik almalı olur. Bu doğru deyil. Dövlət tərəfindən təhsilin əlçatanlığı hər bir vətəndaş üçün təmin olunması dövlət başçısı tərəfindən xüsusi olaraq vurğulanıb və bu istiqamətdə işlərin görülməsi tələb olunur. Təhsilin əlçatanlığı təmin olunursa, o halda dərs gedişatında istifadə olunan istər əsas, istər köməkçi fənlərlə şagirdlər tam təmin olunmalıdır”.

 

Çatışmazlığın yaranma səbəbinə toxunan ekspert bildirib ki, əsas səbəblərdən biri vaxtında kitabların nəşr olunmamasıdır: “Aidiyyatı kitabların hazırlanması üzrə komissiyalar daha erkən çap və nəşr işlərini yerinə yetirməlidir. 4440-dan çox tam və ümumuorta təhsil müəssisəsi fəaliyyət göstərir ki, burada da 1.600.000-dən çox müxtəlif  siniflərdə şagird təhsil alır. Bu rəqəm hər il artan tendensiyada irəliləyir. Belə olduğu halda nəşr prosesini avqust ayının sonlarında yekunlaşdırmalı və Regional Təhsil İdarələrinin tabeliyində olan məktəblərdən şagirdlərin sayı ilə bağlı məlumatları əldə edilməlidir. Tədrisin başlamasına 2 həftə qalmış artıq bilinməlidir ki, hər hansısa bölgədə, ucqar kənddə vəsait çatışmazlığı varsa dərhal onların təmin olunması istiqamətində iş aparılsın”.

 

Ekspert dərsliklərin hər il çap olunmasının vacibliyini vurğulayıb:

 

“Dərsliklərin eyni ildə eyni nəşr olması daha yaxşı olardı. Əgər mövzu dəyişikliyi edilmirsə, o halda 2-3 ildən bir dəyişilməsi də məqsədəuyğundur. Lakin yenilənən təshil sistemi, müasir çağırışlar onu deməyə əsas verir ki, hər gün yeni informasiyalar, mövcud məlumatlarda dəyişikliklər önə çıxdığı üçün bütün bu faktlar dərsliklərdə öz əksini tapmalıdır. Bu nöqteyi-nəzərdən tələb olunur ki, dərsliklər ən azı 1-2 ildə bir dəfə mütləq nəşr olunsun. Dərsliklərin hazırlanması zamanı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında dərsliklərin yazılıb, hazırlanması qaydasına əməl olunmalıdır. Dərsliklər şagirdlərin yaş psixologiyasına uyğun yazılmalıdır. Verilən informasiyalar dolğun, dürüst öz əksini tapmalıdır. Eyni zamanda kitablar çap olunarkən onların üzlükləri, vərəqlərinin keyfiyyəti nəzərə alınmalıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, tabeliyində olan qurumlar daha ciddi addımlar atmalıdırlar”.

 

Elçin Əfəndi bildirib ki, bu  il Elm və Təhsil Nazirliyi tərəfindən kifayət qədər vəsait nəşr olunub: “Nəşrlərinin sayının çoxluğuna baxmayaraq hələ də görürük ki, çatışmazlıqlar mövcuddur. Belə qənaətə gəlirik ki, tirajları daha da artırmaq lazımdır”.