Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 14:50:00
Müəllimlər şagirdlərə necə davranmalıdır? – Sərt, yoxsa mülayim...  

Müəllim bütün hallarda, xüsusən "müəllim – şagird” münasibətlərinin qurulmasında nəzakətli olmalı, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Bəzi müəllimlər var ki, şagirdlərə tədris prossesini sərt qaydalarla tədbiq edir. Belə olan halda şagirdlər həmin müəllimdən çəkinir, psixoloji gərginlik yaşayırlar.

 

Bəs bu cür davranış şagirdlərin dərs prosesini mənimsəməsinə necə təsir edir? Şagirdlər müəllimdən çəkinməlidir, yoxsa yox?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin qeyd edib ki, şagird müəllimdən çəkinməməli, tam əksinə müəllimi sevməlidir ki, dərsini də yaxşı oxusun:

 

“Müşahidələr onu göstərir ki, şagirdlər sevmədiyi müəllimin dərsini oxumağı istəmir və həmin fənnə qarşı laqeyd yanaşmağa başlayırlar. Əks halda, yəni onlara motivasiya verən müəllimlərin dərsinə isə olduqca hazırlıqlı gəlirlər. Buna görə də müəllimin göstərdiyi rəftar dərslərdə çox önəmlidir. Əgər müəllim motivasiya verməyib, təhqir edirsə, qışqırırsa, bu zaman şagirdin dərsə qarşı istəyi ölür”.

 

Psixoloq şagirdlərin hazırda müəllimlərdən çəkinmədiyini qeyd edib:

 

“Əvvəllər bir çox müəllim şagirdlərə aqressiv davranırdı, onlara qarşı güc tətbiq göstərirdi, ancaq indi dövr dəyişib. Hazırda güc tətbiqini şiddət kimi qəbul edirlər. Hətta övladına qarşı hər hansı bir xoşagəlməz rəftar göstərilərsə, valideynlər dərhal bundan şikayətçi olur, həmin müəllim üçün müvafiq tədbir görülməsi üçün əllərindən gələni edirlər. Əslində keçmişə nəzər salsaq görərik ki, o zamanlar valideynlər müəllimlərə “Əti sənin, sümüyü mənim” kimi ifadələr işlədirdi. İndi isə zəmanə dəyişib. Müəllimlərin şagirdlərə təzyiq göstərməsi, cəmiyyət tərəfindən qəbuledilməzdir”.

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları