Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 12:11:00
Zəlzələdə həlak olan tələbənin atasından təsirli sözlər: "Öldüyünə inanmayacam"

Ötən gün Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb. Cansız bədənləri dağıntı altından çıxarılan gənclərdən biri Gündüz Nəzərzadədir.

 

AzEdu.az xəbər verir ki, Gündüz Sumqayıt şəhərində anadan olub, 9-cu mikrorayon ərazisində yaşayıb. Ailədə iki qardaş olub. Yaxınlarının bildirdiyinə görə, Gündüz Azərbaycan Tibb Universitetini bitirib, sonra təhsilini qardaş ölkədə davam etdirmək qərarına gəlib.

 

"Gündüzün Arzuman adlı bir qardaşı var. O da Türkiyədə oxuyur. Gündüz Azərbaycan Tibb Universitetini bitirib, daha sonra Türkiyəyə gedib. Eskişəhər və Malatyada tibb üzrə uzmanlıq təhsili almağı planlaşdırırdı. Qardaşı Arzuman isə Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində turizm fakültəsində təhsil alırdı. Anaları evdar qadındır. Ataları isə əlinin zəhməti, qabarı ilə onları böyüdüb. Ataları Mübariz çalışırdı ki, hər iki övladı təhsilli olsun. Halal, zəhmətkeş ailədə böyüyüblər. 

 

Atası onun ölümünü qəbul edə bilmir. Deyir ki, "mənim oğlum ölməyib, onu torpağa qoymayana qədər öldüyünə inanmayacam". Gündüzün anası şəkər xəstəsidir. Türkiyəyə gedəndən xəstəxanadadır. Hazırda onlar hadisənin şokunu yaşayırlar. Qardaşı da pərişandır. Çox böyük faciədir, Allah səbr sersin", - deyə ailənin yaxınları bildiriblər.

 

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Onların cənazələri fevralın 16-da ölkəyə gətiriləcək.