Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 17:14:00
Səriştələrin tanınması prosesi qeyri-rəsmi sektorda çalışanlar üçün yeni imkanlar yaradır  

Avropa İttifaqının maliyyə dəstəyi ilə, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması prosesi Azərbaycanda qeyri-rəsmi sektorda çalışanlar üçün yeni imkanlar yaradır. Qeyri-formal sektorun dayanıqlı inkişafını dəstəkləmək təkcə yaşayış şəraitini buradan təmin edən şəxslər üçün deyil, həmçinin ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün vacibdir. Bu səbəbdən BMT-nin İnkişaf Proqramı son illərdə Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti ilə peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi (PTT) və bu yolla daha çox insanın əlavə bacarıq qazanmağa təşviqi məqsədilə sıx əməkdaşlıq edir.

 

PTT-nin modernləşdirilməsinin və qeyri-formal sektorda işlərin sabitləşdirilməsinin vacib tərəfi - təlim üçün bərabər imkanların yaradılması və bacarıqların tanınması istiqamətində güclü sertifikatlaşdırma sisteminin yaradılmasıdır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a  bildirilib ki, bu səylərin bir hissəsi kimi, eləcə də PTT sahəsini və iqtisadi şaxələndirilməni dəstəkləməyə dair öhdəliyinə uyğun olaraq, Aİ və BMT-nin İnkişaf Proqramı Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə çalışır.

 

Əməkdaşlığın nəticəsi olaraq, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ölkədə ilk dəfə sertifikatlaşdırma prosesi təşkil edilib. Bütün namizədlər özünü qiymətləndirmə, yazılı test və praktiki tapşırıq mərhələlərindən keçib. Namizədlərin bacarıqlarını qiymətləndirən imtahan komissiyasında TKTA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ixtisaslaşmış beynəlxalq ekspert və iki yerli mütəxəssis iştirak edib.

 

Bundan əlavə, qiymətləndirmə komissiyasına inşaat və tikinti materialları sahəsində yüksək təcrübəyə malik “Knauf Marketing Baku” alman şirkətinin nümayəndələri cəlb olunub.

 

Bütün mərhələlərdən uğurla keçən namizədlər Təhsildə Keyfiyyət Təminatı Agentliyindən rəsmi sertifikatlar əldə edib.

 

Qeyd edək ki, səriştələrin tanınması prosesi, Azərbaycanın peşə təhsili və təlimi sisteminin modernləşdirilməsinə istiqamətlənmiş “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin bir hissəsidir.

 

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirmiş olduğu bu layihə (2017-2020) PTT mütəxəssislərini, özəl sektor nümayəndələri və sahə mütəxəssislərini bir araya gətirərək qiymətləndirmə prosesinin təşkili üzrə bir sıra peşəkar təlim proqramları da təşkil edib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırda müxtəlif ixtisaslar üçün qiymətləndirmə, tanınma və sertifikatlaşdırma prosesini uğurla həyata keçirir. Bu yeni qiymətləndirmə çərçivəsi peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi, məşğulluqla bağlı bərabərsizliklərin azaldılması və Azərbaycanda bütün vətəndaşlar üçün bərabər təhsil imkanlarının yaradılması istiqamətində böyük addımdır.