Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 14:23:00
“Müəllimin maaşı çox aşağıdır, amma təkcə artırmaqla da problem həll olunmayacaq” – Ciddi irad

Son günlər millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə deputatların maaşının az olduğunu deməsi və ən azı 8000 manata qədər yüksəldilməsini təklif etməsi mediada müəyyən müzakirələrə səbəb olub. O isə hesab edir ki, dövlət məmurun maaşını qaldırmalıdır ki, ondan yüksək xidmət görsün və onlar korrupsiyaya bulaşmasınlar. O, fikrini Sinqapur siyasətçisi Li Kuanı nümunə göstərərək çatdırıb:

“Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollar müəyyən etdi. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar”. 

Bəs müəllimlərin maaşı onlardan yüksək səviyyədə xidmət tələb etməyə əsas verirmi?

Onların əməkhaqqısı nə qədər olmalıdır ki,  təhsilin keyfiyyəti qalxsın, məktəblərdəki korrupsiya halları isə azalsın?

Mövzu ilə bağlı AzEDu.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu yalnız maaşı qaldırmaqla arzuolunan nəticə alınmasının mümkünsüz olduğunu bildirib:

“ Əslinə qalsa, deputatların, müəllimlərin maaşını nə qədər artırmaq lazım olduğu haqda fikir bildirmək idarəetmə baxımından düzgün hesab olunmur. Söhbət başqa cür getməlidir. Mənim çox təəssüf etdiyim bir məsələ var: Azərbaycan cəmiyyətin idarə olunmasının elmi zərurətini hələ yaxşı hiss etmir. Bu, istənilən səviyyədə belədir. Elmi müstəvidə araşdırılıb həll olunmalıdır ki, kimin maaşı nə qədər artsın. Hansısa adamın, sosial təbəqənin maaşını artırmaqla buna nail olmaq   mümkün deyil. Bu, indi etdiyim kəşf deyil, bütün sosialogiya, sosial idarəetmə elminin gəldiyi nəticədir. Həmin elmlərdə bunlar kifayət qədər əsaslandırılıb. Hər bir sosial təbəqənin təyinatı ilə sturuktur arasında balansı, ahəngi axtarmaq lazımdır. Onda məlum olacaq ki,  hansı təbəqənin maaşı nə qədər olsa, bu ölkədə ahəngdar inkişaf gedər”.

Sosioloqun sözlərinə görə müəllimlərin təqaüdünə nəzər salsaq, sosial ədalətsizliyin şahidi olarıq:

“Bu gün isə qəribə mənzərə yaranıb. Maaş bir tərəfə qalsın, ömrü boyu hüquq sistemində işləyən, özü üçün hər cür hazırlıq görən hüquq-mühafizə işçiləri 2000 manatdan  yuxarı təqaüd alırlar. Amma dahi bir alimin təqaüdü 200 manatdır. Yəni bir müəllim ondan aşağı alır. Bu, düzgün deyil. Təqaüd vaxtında müəllimin qayğısına qalmaq lazımdır ki, gənclər də öz sabahlarından arxayın olsunlar”.

O, maaş məsələlərini elmi təminatla əsaslandırmağın tərəfdarı olduğunu qeyd edir:

“Hansı təbəqənin maaşının nə qədər artırılmalı olduğunu demək, elmi cəhətdən düzgün deyil. Bu işə sistemli yanaşma lazımdır. Cəmiyyətdə  həmin işləri tənzimləyən, bir-biri ilə ahəngli əlaqələndirən mexanizm yaranmalı, yalnız sonra maaşlar haqqında fikir deyilməlidir. Bu, kimlərəsə çox səthi gələ bilər. Deməli, onların elmi təminat məsələsi barədə aydın təsəvvürləri yoxdur. Bu sahədə kifayət qədər aydın metodologiya, yanaşma var. Başqa ölkələrdə qloballaşma getdikcə Azərbaycan cəmiyyəti günü-gündən mürəkkəbləşir. Kiminsə rəyi ilə hansısa maaşı artırmaq  heç nəyi həll etmir. Ona görə də mürəkkəbləşən cəmiyyətdə bunları elmi təminatla əsaslandırmaq lazımdır”.

Sosioloq müəllimin aldığı maaşın minimum yaşayış normalarına cavab vermədiyini də qeyd edib:

“Bəli, maaş lazımdır. Amma hazırda yalnız maaşı artırmaqla problemi həll etmək mümkün olmayacaq. Bu günün yaşayış minimumunu hesablasaq və bir insanın həyatda qalması üçün nə qədər qidalanması gərəkdiyini müəyyənləşdirsək, aydın olar ki, müəllimin aldığı maaş bu yaşayış minimumunu ödəmir. Müəllim də xəstələnə bilər və dərman almalı, müalicə olunmalıdır, xeyirə, şərə getməlidir, və s. bunların hamısını nəzərə alaraq demək olar ki, normal yaşamaq üçün pul lazımdır.

Axı niyə müəllim kiminsə əlinə möhtac olmalıdır?! Müəllim üçün elə stimullar olmalıdır ki, o da normal insan həyatı yaşaya bilsin və öz biliyini tamamilə yeni nəslin formalaşmasına həsr etsin”.

Müəllim əməyinin istismar olunduğunu deyən təhsil üzrə mütəxəssis Allahverdi Eminov isə az maaşa baxmayaraq özünü təhsilə həsr edən müəllimlərimizin də olduğunu vurğulayıb:

“Bu, yalnız müəllimlərə aid deyil.  Ən yüksək maaşı hüquq mühafizə orqanları da alırlar. Nə olsun? Rüşvət olanda olur. Bu elə də sadə sosial məsələ deyil. İlk növbədə insanın gözü tox olmalıdır. Amma hər bir halda müəllimin maaşı son dərəcə azdır. O, əziyyət çəkir, amma lazımi dəyəri görmür. Səhv etmirəmsə, müəllimə ayrılan dərs  müddəti on iki saatdır. Ayda dörd  həftə, 32 saat dərs deyir, amma onun bir həftəsinin  pulunu alır. Dərs saatı bir həftə ilə yox, dörd həftə ilə ölçülür. Görün müəllimin əməyi nə qədər istismar olunur.

Amma bizim az maaşa qane olan, bütün varlığını təhsilə sərf edən müəllimlərimiz də var. Bu, maaşla bağlı deyil. Maaş nə qədər artır artsın, rüşvətlə nəfəs alanlar yenə də öz işini görəcəklər. Sadəcə dünya ölkələri ilə də müqayisədə ən aşağı maaşı alan Azərbaycan müəllimləridir. Bunu dəqiq bilirəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları