Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 16:06:00
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...

5-6 mart tarixində təhsil ekspertləri üçün təşkil olunmuş Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları layihəsi çərçivəsində keçirilən təlimlərdə bir sıra məsələlər müzakirə edildi. Onlardan biridə təhsillə bağlı fikirlərini izah edən, şərhçilərə təhsil eksperti adının verilməsi olub.

 

Maraqlıdır, günümüzdə təhsil ekspertləri necə adlandırılmalıdır? Ümumiyyətlə müvafiq sahələrdə müəyyən mövzular ətrafında rəy bildirən şəxslərin ekspert adlandırılması nə dərəcədə düzgündür?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadıq bildirib ki, hazırda bu sahədə ciddi şəkildə ara qarışıb, məzhəb itib:

 

“Bu yaxınlarda AzEdu.az Təhsil Protalının təşkil etdiyi “Təhsil Eksperti kimdir? və necə olmalıdır?” adlı müzakirədə iştirak etdik. Çox maraqlı və vacib bir müzakirə oldu, amma məncə çox gec qalınmış bir ictimai müzakirədir. Ümumiyyətlə, ekspert sözünün mənası “müəyyən bir sahənin təcrübəli ixtisaslı mütəxəssisi” deməkdir. Bu gün mətbuat müəyyən mövzular üzrə həmin sahənin bir növ başbiləni ilə məsləhətlər aparır, fikirlərini, rəylərini öyrənir.

 

Eyni zamanda bu təhsilə də aiddir. Keçid dövrü, müasir yanaşmalar bizdə elə bir durum yaratdı ki, nəinki təhsil, bir çox sahədə sanballı ekspert tapılmır. Burada birmənalı olaraq mətbuatın da problemi var. Mətbuatın problemi də mətbu orqanların iqtisadi problemlərindən doğur. Belə ki, yaşanmış hər hansı bir hadisə ilə bağlı alınmalı olan rəylərin heç bir qonararı yoxdur. Bu olmadığı üçün ekspert institutu formalaşmır və bu zaman ortaya qara bazar çıxır. Qısa zamanda məşhurlaşmaq, cəmiyyət tərəfindən qəbul olunmaq istəyən populist və ya cəsarətli gənclər bu işi çiyinlərinə alır.

 

Çünki yaşlı nəslin təcrübəli mütəxəsislər bu cür fikirləri, şərhləri verməkdən çəkindiyi üçün geri çəkilir, səhnəyə çıxmırlar. Bu zaman meydan boş qaldı və yuxarıda dediyim şəxslər meydana atıldı. Bunların da əksəriyyəti heç bir təcrübəyə əsaslanmadan, sadəcə ya cəsarətlərinin, ya da məşhurlaşmaq duyğusunun güclü olduğuna görə meydanı ələ aldılar. Beləcə, olmayan ekspert institutu məhv oldu, hörmətdən düşdü”.

 

Həmsöhbətimiz bildirib ki, öz sahəsində təcrübəsi olmayan heç kim həmin sahədə ekspert ola bilməz:

 

“Hazırda ekspert sözü cəmiyyət tərəfindən ən hörmətsiz kəlamlardan biridir və heç kəs üzərinə götürmək istəmir. Məbuat isə bunun qarşılığını tapmaqda çətinlik çəkir. Məsələn mən 20 ildən çox təhsil təcrübəm olsa da, bu müddətdə həmişə aktiv şəkildə təhsilin içində olsam da, bu gün bu statusu daşımaq istəmirəm, hətta etirazımı bildirmək üçün, həmişə adımın qarşısına ya təhsil texnoloqu, ya da sadəcə pedaqoq yazılmasını istəyirəm.

 

Hər yerindən duran ekspert olur, fikrini yəqin ki, hər gün hamımız hardasa, kimdənsə eşidirik. Bu isə gülüncdür. Ekspertlər də özlərinə hörmət etmədən hər şeyə münasibət bildirir, bu mənim sahəm deyil, bu sahədə biliksizəm, bunu filankəs yaxşı bilər, demirlər.

 

Təhsilin özündə belə ekspertin sahələri ola bilər, ali məktəblər üzrə, qiymətləndirmə üzrə, bağça və məktəbəqədər üzrə, orta sinfilər üzrə, təhsildə tərbiyə üzrə və sairə. Etibarlı bir qurum tərəfindən bu sertifikatlaşdırılmalı və ya təlimlər keçirilməlidir. Bu o demək deyil ki, kim o qurumdan sertifikat alarsa, o ekspertdir, dediyim xəyali qurum müəyyən bir qrup təcrübəli şəxsi sertifikatla təmin edə, sonra da elan edə ki, bu sahədə təcrübə keçmək istəyənlər, müraciət edə bilər. Amma deyirəm və düşünürəm ki, bu etibarlı qurum kim olacaq, ona xalq, təhsil adamları inanacaqmı? Çətin...

 

Mətbuat da kömək edə bilər, bu sahənin adamları ilə müqavilə bağlaya, qonarar verə, lazım gələndə də müraciət edə. Qonarar ödənməyən də kim gəldi ekspert ola bilir və cəzasını təhsil, xalq çəkir. Ona görə də bu müzakirəni çox vacib bilirəm, daha çox danışılmalı, daha çox müzakirə edilməlidir.

 

Öz sahəsində təcrübəsi olmayan heç kim həmin sahədə ekspert ola bilməz və buna haqqı da yoxdur”.