Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-23 10:05:00
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH

Orta ümumitəhsil müəssisələrinə ibtidai sinifdən başlayaraq keçirilən dərslərin əksəriyyətində, eləcə də olimpiadalarda məntiqi tipli suallar salınır. Hətta bir çox imtahanlarda da məntiq fənni xüsusi olaraq əlavə edilir. Ancaq təməl biliklərin qazanıldığı məktəblərdə məntiq fənni tədris olunmur.

 

Məntiqin ayrıca fənn kimi tədrisinə ehtiyac varmı?

 

Təhsil məsələləri üzrə mütəxəssis Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a danışıb.

 

S.Əliyeva bildirib ki, orta məktəblərdə məntiq fənninin tədrisinə ehtiyac var:

 

“Məntiq düzgün və ardıcıl düşünməyi öyrədən fəndir. Bu, nizam-intizam, problem həlli, tənqidi və analtik düşünmə kimi mühüm bacarıqların inkişafına kömək edir. Azərbaycanda məntiq ümumitəhsil məktəblərində tədris olunmur. Lakin dünyada bu fənn ən çətin imtahanlara, bəzi ölkələrdə isə universitetə qəbul imtahanlarına salınır. Beynəlxalq imtahanlarda məntiq, riyaziyyat və ingilis dili əsas fənn olaraq götürülür. Məntiq dərslərinin tədrisi bilavasitə Elm və Təhsil Nazirliyinin verəcəyi qərardır. Düşünürəm ki, orta məktəblərdə sahibkarlıqla bağlı pilot layihə əvəzinə məntiq dərslərinin verilməsi daha doğru qərar olardı.

 

İnkişaf etməkdə olan ölkələrdə məntiq fənni, hətta ibtidai siniflərdən etibarən tədris olunur. Finlandiyadavə Avstaliyada ibtidai siniflərlərdə “Problem həlli vətənqidi düşünmə” dərsliyi adı altında, Sinqapurda riyaziyyat fənninin bir parçası olaraq, Honq-Konqda “Tənqidi düşüncə” dərsləri şəklində tədris olunur. ABŞ-də, Türkiyədə, Böyük Britaniyada, Kanadada yuxarı siniflərdə seçməli fənn olaraq təhsilalanlara təklif olunur. Məntiq təhsili şagirdlərin təfəkkürünün, idrakının, eləcə də fərdi inkişafı üçün çox vacibdir. Əlbəttə ki, orta məktəblərdə tədrisi də çox müsbət addım olar”.

 

Sabiq deputat məntiq fənninin faydalarından bəhs edib:

 

“İnformasiya ilə işləmək bacarığı müasir dövrdə ənvacib bacarıqlardan biridir. Məntiq fənninin tədrisi məlumatlara analtik və tənqidi yanaşma imkanı verir. Məlumatı təhlil, analiz, sintez və şərh etmək bacarıqlarını təkmilləşdirir.


Tənqidi düşünmə formalaşdırmağa kömək edir, o cümlədən arqumentləri qiymətləndirmək, uyğunsuzluqları tapmaq, müqayisə etmək və fikirlərini müdafiə etmək bacarıqlarını inkişaf etdirir, akademik naliyyətləri artırır və gündəlik həyatda daha şüurlu və düzgün qərarlar verməyə kömək edir”.