Azərbaycan məktəblisi Aydın Əliyev SAT və IELTS imtahanlarında yüksək nəticə göstərərək dünyanın 14 nüfuzlu universitetindən qəbul alıb.
Bu, təkcə uğur deyil, uzun illərin zəhmətinin, intizamın, məqsədyönlülüyün və özünəinamın nəticəsidir.
A.Əliyev 100 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdidir.
AzEdu.az bu münasibətlə abituriyentlə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Dünyanın 14 nüfuzlu universitetindən qəbul aldığını eşidəndə ilk nə hiss etdin?
- Açığı, ilk hiss etdiyim şey böyük sevincdən daha çox qəribə bir sakitlik oldu. Çünki bu nəticələrin arxasında 3 illik zəhmət, yorğunluq, imtahan stresi və böyük məsuliyyət dayanırdı. Bir müddət sonra anlayırsan ki, qarşında sadəcə universitet qəbulları deyil, həyatının yeni mərhələsi açılır.
Ən çox düşündüyüm isə bu oldu ki, insan qarşısına məqsəd qoyursa və dayanmadan çalışırsa, dünyanın ən böyük universitetləri belə əlçatmaz deyil.
Bu proses mənə bir şeyi də öyrətdi: uğur təkcə istedad deyil. İntizam, səbir, özünəinam və ailənin mənəvi dəstəyi də ən az nəticə qədər önəmlidir. Atam və anam mənə müəllimlərim qədər böyük dəstək oldular.
- SAT və IELTS hazırlığında sənin üçün ən çətin mərhələ nə oldu?
- Məncə, ən çətin məsələ uzun müddət eyni motivasiyanı qorumaq idi. Çünki bu imtahanlar təkcə bilik deyil, həm də psixoloji davamlılıq tələb edir. Bəzən çox yorulursan, nəticə dərhal görünmür və özünəinam azalır. Amma məhz həmin anlarda dayanmayıb davam etmək vacibdir.
SAT daha çox analitik düşüncə, vaxtın idarə olunması və diqqəti yoxlayır. IELTS-də isə sadəcə dili bilmək kifayət etmir. Fikri düzgün ifadə etmək, sürətli düşünmək və özünü rahat təqdim etmək də çox önəmlidir. Mən IELTS imtahanından 9 bal üzərindən 8 bal toplamışdım.
Bu prosesdə planlı çalışma mənim üçün çox vacib idi. Hər gün davamlı hazırlaşmaq böyük fərq yaradırdı. Düşünürəm ki, bu hazırlıq mənə intizamlı olmağı və öz üzərimdə işləməyi öyrətdi.
- Hansı sahədə təhsil almağı planlaşdırırsan?
- Biznesin idarə olunması sahəsində təhsil almağı düşünürəm. Müasir dünyada biznes artıq yalnız şirkət idarə etmək anlayışı deyil. Bu sahə liderlik, strateji düşüncə, innovasiya, texnologiya və qlobal iqtisadi prosesləri düzgün anlamağı tələb edir.
Gələcəkdə özümü beynəlxalq biznes, maliyyə və sahibkarlıq istiqamətində inkişaf etdirmək istəyirəm. Dünyanın fərqli ölkələrindən olan insanlarla işləmək, yeni ideyalar yaratmaq və qlobal layihələrdə iştirak etmək mənə maraqlıdır.
Eyni zamanda hesab edirəm ki, insan yalnız peşəkar deyil, şəxsi olaraq da daim inkişaf etməlidir. Xarici dillər öyrənmək, fərqli mədəniyyətləri tanımaq və geniş dünyagörüşünə sahib olmaq vacib üstünlüklərdəndir.
Ən böyük məqsədlərimdən biri isə qazandığım bilik və təcrübəni gələcəkdə Azərbaycana fayda verəcək şəkildə istifadə etməkdir.
- Qəbul aldığın universitetlər arasında səni ən çox həyəcanlandıran hansıdır?
- Mənim üçün Boston Universiteti xüsusi həyəcan yaratdı. Baxmayaraq ki, əsas hədəfim Berkli Kaliforniya Universiteti idi.
Boston Universitetinin həm akademik nüfuzu, həm də Boston şəhərinin dünyanın ən böyük tələbə və biznes mərkəzlərindən biri olması mənim üçün çox önəmlidir.
- Bəs seçimin hansından yana olacaq?
- Yəqin ki, seçimim Boston Universiteti olacaq.
Xüsusilə iqtisadiyyat və biznesin idarə olunması sahəsini seçdiyim üçün bu universitet mənə çox yaxın gəlir. Universitet tələbələrə təkcə nəzəri bilik deyil, real biznes mühiti, liderlik bacarıqları və beynəlxalq əlaqələr qurmaq imkanı da verir.
Düşünürəm ki, müasir dövrdə biznes sadəcə pul qazanmaq deyil. Bu sahə idarəetmə, strateji düşüncə, innovasiya və insanlarla düzgün münasibət qurmağı da tələb edir. Boston kimi dinamik şəhərdə təhsil almaq isə həm dünyagörüşü, həm də gələcək karyera üçün böyük üstünlüklər qazandırır.
- Bu uğura gedən yolda gündəlik çalışma rejimin necə idi?
- Bu prosesdə ən vacib məsələ davamlılıq idi. Çalışırdım ki, hər gün müəyyən saatlarımı hazırlığa ayırım. Bəzən motivasiya yüksək olurdu, bəzən isə yorğunluq hiss edilirdi. Amma əsas prinsipim bir idi: dayanmaq olmaz.
SAT hazırlığında əsasən riyazi məntiq, analiz və vaxtın düzgün idarə olunması üzərində işləyirdim. IELTS-də isə gündəlik olaraq ingilis dilində oxumaq, dinləmək və yazmaq vərdişi formalaşdırmağa çalışırdım. Xüsusilə “speaking” üçün sərbəst danışmağa diqqət edirdim.
Sosial şəbəkələrə və vaxt aparan məşğuliyyətlərə müəyyən məhdudiyyət qoymuşdum. Valideynlərim deyirdi ki, böyük nəticə üçün bəzən qısamüddətli rahatlıqlardan imtina etmək lazımdır. Məncə, bu prosesdə ən böyük qazancım intizamlı olmağı və vaxtı düzgün idarə etməyi öyrənmək oldu.
- Heç motivasiyanı itirdiyin olurdumu, belə anlarda sənə kimlər dəstək göstərirdi?
- Belə anlar çox olurdu. Uzun hazırlıq prosesi insanı həm fiziki, həm də psixoloji olaraq yorur. Bəzən nəticə istədiyin kimi olmur, bəzən özündən şübhə edirsən.
Məni ən çox motivasiya edən gələcəyimlə bağlı qurduğum xəyal idi. Dünyanın güclü universitetlərində oxumaq, özümü inkişaf etdirmək və beynəlxalq mühitdə uğur qazanmaq istəyi məni yenidən çalışmağa qaytarırdı.
Ailəmin və mənə inanan insanların dəstəyi də çox böyük rol oynadı. Bəzən bir insanın “sən bacararsan” deməsi belə böyük güc verir. Anam bunu mənə tez-tez xatırladırdı.
Düşünürəm ki, motivasiya hər zaman yüksək olmur. Əsas məsələ motivasiya olmayanda belə davam etməyi bacarmaqdır. Uğuru müəyyən edən məhz həmin anlardır.
- Xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərə nə tövsiyə edərdiniz?
- Ən vacib tövsiyəm odur ki, özünüzə inanmaqdan heç vaxt vaz keçməyin. Bəzən insan böyük universitetlərin adını görəndə onları əlçatmaz hesab edir. Amma uğurun sirri istedaddan çox davamlı çalışmaqda, intizamda və məqsədyönlülükdədir.
İkinci vacib məsələ isə ingilis dilidir. Xaricdə təhsil almaq istəyən gənclər dil üzərində ciddi işləməlidirlər. Çünki dil sadəcə imtahan üçün deyil, dünyanı anlamaq və özünü ifadə etmək üçün lazımdır.
Həmçinin hər şeyi son ana saxlamaq olmaz. Universitet araşdırmaları, imtahan hazırlığı, sənədlər və “essay”lər uzun prosesdir və planlı işləmək lazımdır.
Bir şeyi də xüsusi vurğulamaq istəyirəm: uğursuzluqdan qorxmaq lazım deyil. Bəzən ən böyük inkişaf insanın çətinliklərlə mübarizə apardığı dövrdə baş verir.
Və ən əsası, öz ölkəmizi unutmamalıyıq. Xaricdə təhsil almaq təkcə şəxsi uğur deyil, qazandığımız bilik və təcrübə ilə gələcəkdə Azərbaycana faydalı olmaq imkanıdır.
Aydının anası, “Teleqraf İnformasiya Agentliyi”nin baş direktoru Aynur Camal bildirib ki, oğlu arzularının arxasınca getməkdən qorxmayıb:
“Bu yol bizə bir daha göstərdi ki, böyük uğurlar təsadüfən qazanılmır. Əzm, davamlı çalışma, düzgün hədəf və inam insanı dünyanın ən nüfuzlu universitetlərinin qapısına qədər aparır.
Aydının təhsil aldığı Anadolu Türk Liseyinə, Avropa-Azərbaycan Məktəbinə və 100 saylı tam orta məktəbə, həmçinin bu yolda ona dəstək olan bütün insanlara təşəkkür edirəm.
İnanıram ki, Azərbaycandan olan gənclər dünyanın ən güclü universitetlərində oxumağa və ən böyük platformalarda öz sözlərini deməyə tam qadirdirlər. Yetər ki, özlərinə inansınlar və dayanmadan çalışsınlar.
Bütün gənclərə arzum budur: xəyal qurmaqdan qorxmayın. Bəzən insanın taleyini dəyişən ilk addım sadəcə "mən bacararam" demək olur”.
Qeyd edək ki, Aydın Əliyev University of Edinburgh (Foundation), Boston University, Purdue University, Ohio State University, Arizona State University, Michigan State University, University of California Santa Cruz, University of California Riverside, University of California Merced, University of Pennsylvania, University of San Diego, University of Wisconsin–Madison, University of California Santa Barbara və University of California Davis universitetlərindən qəbul alıb.